İSLAMA XİDMƏT
   
 
  Sədi Şirazidən hikmətli nəsihətlər - 2

SƏDİ ŞİRAZİ – NİN NƏSİHƏTLƏRİ – 2

 (1184 – 1291)
 
(“Gülüstan” əsərindən)
 
Ömürdən keçir bu keçən hər nəfəs
Baxıram ətrafa qalmamış bir kəs.
Ey yatan əlli il qəflətdə bütün,
Qoyma ki, boş keçə bu qalan beş gün.
Utansın o kəs ki, ömrü puç etdi,
Dünyadan köçəndə xəcalət getdi.
Köç vaxtı səhərin şirin yuxusu.
Qoyar piyadəni yoldan, doğrusu.
Hər gələn dünyada bir bina saldı
O getdi, mənzili özgəyə qaldı.
Çoxları dünyaya göstərdi həvəs.
Tikdiyi binada qalmadı bir kəs.
Vəfasız dünyaya meyl etmə, zinhar,
Dostluğa yaramaz bu köhnə qəddar.
İndi ki, öləcək pis də, yaxşı da,
Xoş ona ki çatdı yaxşı bir ada.
Bir yarpaq göndər öz qəbrinə bu gün
Ki, sonra göndərmək deyildir mümkün.
Dövran bir günəşdir, ömür isə qar
Hələ gör xacədə necə qürrə var?
 
Ey pulsuz bazara gedən sərsəri,
Qorxuram əliboş dönəsən geri.
Sütülkən kim yesə əkinin hər il,
Başşaq toplayacaq xirmən üstü bil.
 
Nədir dil ağızda, ey ağlı olan,
Hünər xəznəsinə açardır inan.
Əgər bağlı olsa, kim anlar ki, o,
Cəvahir satandır, ya muncuq satan.
 
Ədəb sayılsa da məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayılır,
Yersiz susmaq ilə yersiz söz demək.
 
Dünya görmüş qoca söz ustadı, bil,
Əvvəlcə fikr edər, sonra açar dil.
Tələsik söyləməz sözünü bir dəm.
Fikrini kamil de, gec olsa nə qəm!
Düşünüb sonra de sözü müxtəsər,
O qədər danışma, “bəsdir” desinlər.
 
Nitqilə üstündür heyvandan insan,
Heyvandan əskiksən boş – boş danışsan.
 
Kimin ki, sözünə əməl edir şah,
O, gərək hər sözdə olsun xeyirxah.
 
Bir çörək taparsa mömin, düz adam,
Yarısın paylayıb, yarısın yeyər.
Padişah bir ölkə aldıqda, yenə
İkinci ölkəni almaq istəyər.
İti şəmşir olmaz paslı dəmirdən,
Gözləmə nakəsdən adamlığı sən.
Yağışla sulansa bağ da, şoran da,
Bağda lalə bitər, şoranda tikən.
 
Ordunu can kimi bəslə hər zaman,
Orduyla sayılar hər yerdə sultan.
 
Tamahkara öz qapını çalış açma heç zaman,
Açdınsa bil, bir də onu bağlamaq olmaz asan.
 
Ona dost demə ki, süfrə başında,
Deyə: “Qardaşın da, dostun da mənəm”
Ona dost deyərəm ki, çətin gündə,
Dostun arxasında dayana möhkəm.
 
Qardaşım, qəm çəkib etmə ahü – zar,
Allahın çox gizli mərhəməti var.
 
Zəmanə dərdindən çəkmə qəm, kədər,
Səbr acı olsa da, şirin bar verər.
 
Vəzifə başında olan kəslərə,
Hamı söyləyər: mərhəba, afərin.
Vəzifə başından salan tək fələk,
Başından basarlar, ürəklərdə kin.
 
Qədrini bil əldə var ikən nemət
Ki, əl - əl dolanır bu mal, bu dövlət.
 
Sənə qatıq versə bir qərib əgər,
İki qab su olar, bir çömçə ayran.
Düzünü istəsən, ərz edim sizə,
Dünya görmüşlər də çox deyər yalan.
 
Dostların qəlbini qazanmaq üçün,
Ata bostanını satsan yaxşıdır.
Xeyirxah insanın işi uğrunda,
Var – yoxun sonuna çatsan yaxşıdır.
Hətta pislərə də yaxşılıq elə,
İtə də bir sümük atsan yaxşıdır.
 
Qiymətli ömrümüz buna sərf oldu
Ki, yayda nə yeyim, qışda nə geyim?
Ey qarın, bir parça çörəyə döz ki,
Qulluqda iki qat olmasın belim!
 
Pis yerə gedəndən sənə dost olmaz,
Dostunu yaxşı seç və yaxşı tanı.
Təşnənin ürəyi götürməz içsin
Üfunət ağızdan artıq qalanı.
 
Zarafatyana da deyilsə bir söz,
Ağıllı o sözdən götürər ibrət.
Əgər anlamaza yüz hikmət desən,
Oyuncaq görünər ona bu hikmət.
Qarnını doldurma yeməklə ta ki,
Özündə görəsən mərifət nuru.
Başın boşdur, çünki doludur qarnın,
Qarnı dolmuşların olmaz şüuru.
 
Çox demə ki, paxıl adamlar mənə
Eyib axtarırlar hey axşam, səhər.
Gah tökmək istərlər qanımı mənim,
Gah da “pisdir” – deyib yayırlar xəbər.
Yaxşı ol, qoy “pisdir” desinlər sənə,
Nə ki pis olasan “yaxşı” desinlər.
 
Haqqı yad etməyən min qohumdansa,
Xoşdur bir yad dosta ürək bağlansa.
 
Adam az yeməyə edərsə adət,
Çətinlik zamanı tab edə bilər.
Qarınpa firavan yaşayar, amma,
Darlığa düşəndə acından ölər.
 
Qarın təndirini tez – tez qalayan,
Dərd çəkər qıtlığa düşdüyü zaman.
 
O qədər çox yemə ağırlıq etsin,
O qədər ac qalma, can əldən getsin.
 
Yemək verməlidir vücuda ləzzət,
Çox olsa, verəcək əzab, əziyyət.
Gülşəkər ziyandır, çox yesən əgər.
Az yesən, küt çörək olar gülşəkər.
 
Qarınpa olmaqdan əl çək kişisən,
İt də çox yeməklə düşər hörmətdən.
 
Minnətlə alınsa alçaqdan təam,
Yeyib kökəlsə də, alçalar adam.
 
Alçalmaq yoluyla kim tapsa çörək,
Özünü alçaltmış o adam demək.
 
Dərdini deyəndə o şəxsə de ki,
Ən azı xoş dillə dindirər səni.
Nanəcib adamdan mətləb istəmə
Ki, acı dililə rədd edər səni.
 
Şir yeməz heç zaman it artığını,
Acından ölsə də bir mağarada.
Biçarə, qarnı ac yaşasan belə,
Alçağa əl açma, sakın dünyada.
Hünərsiz bir adam Fridun olsa,
Rədd eylə, baxma heç dövlətə, ada
Naəhlin geydiyi o ipək paltar,
Salar divardakı bəzəyi yada.
 
Əgər ölən dirilərək gəlsəydi,
Qohumları içinə şad, üzü şən.
Mərhumun ölümü yüngül olardı,
Onun mirasını geri verməkdən.
 
Nəcib yoxsul olsa, yəqin bil, onun,
Azalmaz el içrə qədri, qiyməti.
Qızıl mıx vursalar gümüş təxtinə,
Yenə nanəcibin artmaz qiyməti.
 
Dövlətli dağda da qərib deyildir,
O hara gedərsə hörmət qoyular.
Hər kəs ki, məhrumdur dünya malından,
Doğma evində də qəriblik duyar.
 
Evə və dükana bağlansan əgər,
Ey naşı, dünyada avam qalarsan.
Fürsətin var ikən get dünyanı gəz,
Köçməmiş bu qoca, köhnə dünyadan.
 
Ağıllı adamlar qızıl kimidir,
Haraya getsələr olar hörməti.
Böyük adamınsa səfeh övladı,
Saxta pul kimidir, olmaz qiyməti.
 
Övladın kamalı, camalı olsa,
Ata da rədd etsə qorxusu yoxdur.
Mirvari sədəfdə qalmasın gərək
Ki, dürri – yetimi sevənlər çoxdur.
 
Şübhəsiz ki, ruzi verir yaradan,
Lakin gərək özün çarə tapasan.
Hər adamı aparsa da bir əcəl,
Əjdahanın ağzına sən girmə gəl.
 
Hər kimin olarsa bir şirin dili,
Tük ilə o çəkər dalınca fili.
Bərkliyə rast gəlsən yumşaqlıq göstər
Ki, yumşaq ipəyi doğramaz xəncər.
 
İncitsən bir qəlbi arxayın olma
Ki, sənin öz qəlbin asudə qalar.
Hasarın bürcünə daş atsan bil ki,
Bir daş da hasardan sənə atılar.
 
Mağara içində nə tapar aslan?
Uçmayan qartala ovmu gələcək!
Kim evdə oturub ruzi gözləsə,
Axırda o dönüb olar hörümçək.
 
Mümkündür gah qoca, müdrik bir alim,
Səhv etsin, işində olsun nöqsanı.
Gah da bir anlamaz, hünərsiz uşaq,
Səhvən sərrast atıb vursun nişanı.
 
Kimin süfrəsində bir loğma yesən,
Gərəkdir durasan xidmətində sən.
 
Dərdini düşmənə söyləmə aman,
Qəlbində toy – bayram eləyər haman.
 
Kimsə bir söz deməz sən sussan əgər,
Lakin söz dedinmi, dəlil də göstər.
 
Bir kəs ki, Qurana inanmayır heç
Cavabı odur ki, cavab vermə, keç!
 
Ağıllı olanlar heç vaxt vuruşmaz,
Alim nadanlara heç də baş qoşmaz.
Sözünü acıqla söyləsə nadan,
Ağıllı dindirər onu mehriban.
İki alim qoymaz bir tük qırılsın,
İstəməzlər sülhə zəncir vurulsun.
Hər iki sözləşən olarsa cahil,
Ehtiram zəncirin tez qırarlar bil.
Birinə bir nadan çirkin söz dedi.
O biri təmkinlə belə söylədi:
Sən məndə çox eyib axtarma hədər.
Bilməzsən eybimi mən bilən qədər!
 
Əgər söz olarsa incə və şirin,
O sözü eşidən deyər afərin.
Bir dəfə dedinmi, təkrar etmə sən,
Xoş olar halvanı bir kərə yesən.
 
Bir kəsə, bir şeyə könül vermə, bax,
Çətindir, könülü geriyə almaq.
 
İtaət olsaydı, pul ilə əgər,
Çoxları ulağtək batardı gilə.
Yüz dəfə əlhəmdü oxuyar, amma,
Zərərə qatlaşmaz bir dinar belə.
 
Sözünə yoxsa da bir qulaq asan,
Sən yenə öyüd ver mərd – mərdana.
Çox çəkməz görərsən döşünə döyən
İlişib düşəndə dara, zindana,
Əlini dizinə vurub söyləyir:
Kaş qulaq asaydım o mərd insana.
 
Oğluna vəsiyyət edəkən ata,
Dedi, gəl unutma bu nəsihəti,
Kim sadiq olmasa öz nəsəbinə,
Nə bir dostu olar, nə də hörməti.
 
Bir qətrə su ana bətnində qırx gün,
Qaldıqda surətdə adama bənzər.
Qırx yaşlının əqli, ədəbi yoxsa,
Yaraşmaz ki, ona adam deyələr.
 
Bu sözümü söyləyiniz o zülmkar hacıya,
Ki, zülmlə soyur xalqın dərisini yanmadan,
Özü deyil, hacı onun dəvəsidir belə ki,
O zavallı tikan yeyib, yük daşımış hər zaman.
Biliyin olsa da bir ümman qədər,
Nadansan əməlin olmasa əgər,
Eşşəyə yüklənsə bir neçə kitab,
Nə alim olar o, nə də süxənvər.
 
Faydasız keçirsə ömrünü insan,
Qızılı tullayar bir şey almadan.
 
Ey ağıl sahibi o dostdan yan dur
Ki, daim düşmənlə oturub – durur.
 
Adam həm sərt olar, həm də mülayim,
Aqil peşə etməz sərtliyi daim.
Olsan çox mülayim qudurar düşmən,
Sərt olsan düşərsən qədrü qiymətdən.
Çalış həddən artıq özünü öymə,
Həddindən artıq da qəddini əymə.
 
Sözünü o zaman söylə ki, yəqin,
Nəticə verəcək sənin sözlərin.
 
İnanma o məddah şairlərə ki,
Bir zərrə nəfüçün səni mədh edər.
Verməsən ona bir mənfəət, inan,
Eybini sayacaq beş yüz o qədər.
 
Hər kəs çalışsa ki, tez versin cavab,
Çox sözü səhv olar çəkər iztirab,
Ya dil aç, söz söylə huşlu insantək,
Ya da sus danışma dilsiz heyvantək.
 
Səndən ağıllılar bir söz deyəndə,
Etiraz eləmə, yaxşı bilsən də.
 
Günü qara olan bir avam, nadan,
Yaxşıdır xeyirsiz bir ağıllıdan.
O kordu, görmədi yolu, sürüşdü
Bu iki göz ilə quyuya düşdü.
 
Yaşadıq dünyada biz də bir müddət,
Etdik bacardıqca neçə nəsihət,
Onu dinləməsə bir kəs nə olar.
Qoy bizdən dünyada qalsın yadigar.
 
LƏTİFƏ
 
Bir əbləh daima çalışırdı ki,
Eşşəyə öyrətsin hərfi tamamən,
Bir ağıllı dedi: - Axmaq kişi,
Əl çək bu xam xəyal, sarsaq əməldən,
Heyvan danışmağı səndən öyrənməz,
Barı sən susmağı heyvandan öyrən.
 
 
Ey oxucum, müəllifə bəxşiş dilə Allahdan,
Katibə də istə onu bağışlasın girdikar,
Özünə də dua elə istəklərin doğrulsun,
Bu kitaba kim sahibsə, o da olsun bəxtiyar!
 

SON

ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?