İSLAMA XİDMƏT
   
 
  1. Allahın tanıdılması

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)

 
DÜŞÜNƏN İNSANLAR ÜÇÜN BURAXILIŞ – 1      (30. 04. 2008)
 
ALLAHIN TANIDILMASI
 “İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında gərəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər.” (“Bəqərə” surəsi, ayə 165)
“Sizin Tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O rəhmlidir, mərhəmətlidir.”
(“Bəqərə” surəsi, ayə 163)
 
 
ALLAHIN TANIDILMASI
Cahil cəmiyyətdəki Allaha inamın Qurandakı əsli ilə heç bir uyğunluğu yoxdur. O cəmiyyət öz prinsiplərinə uyğun şəkildə doğru olmayan, nağıla bənzər və “mifoloji” bir Allah inancı yaratmışdır. Cahillər Allahın kainatı və insanları bir dəfə yaratdıqdan sonra onları öz başına qoyduğunu, kosmosun bir küncündə “oturduğunu” – Allahı tənzih edərik – düşünürlər. Beyinlərində qurduqları Allah təsviri – Allah göstərməsin – göydə bir yerdə, bəlkə də bir ulduzun arxasında oturan və uzaqdan insanları seyr edən yaşlı bir insan kimidir. Qurduqları yanlış və əsassız inanc Allahı unutmalarına və Onu öz kiçik ağılları ilə “dəyərsiz” bir varlıq kimi görmələrinə səbəb olmuşdur.
Hz. Şüeyb peyğəmbər də qövmünün bu yanlış inancına diqqət çəkərək “Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız?...” deyir və Allahın həqiqi xüsusiyyətini belə açıqlayır: “...Həqiqətən Rəbbim nə etdiklərinizi biləndir!” (“Hud” surəsi, ayə 92)
Allah bu insanların dilində “Allah göstərməsin”, “İnşallah”, “Allah verməsin” kimi sözlərlə arabir zikr edilən, amma haqqında heç vaxt düşünülməyən abstrakt bir anlayış kimidir. Allahın varlığını və gücünü sözdə qəbul etsəlsr də həqiqətdə buna səmimi şəkildə inanmırlar. Bu hal özünü Allah üçün bir fədakarlıq lazım gəldikdə büruzə verir. Dara düşəndə yaxud da hər hansı mənfəət itkisinə məruz qalacaqlarını anladıqları vaxt dərhal inkarçılarla birləşib öz səmimiyyətsizliklərini göstərirlər. Cahil cəmiyyətin böyük bir qismi isə açıq şəkildə Allahın varlığını inkar edib Quran ayələrinə qarşı mübarizə aparır. Bəziləri materialist fəlsəfə yaxud da təkamül nəzəriyyəsi kimi əsaslar taparaq bu inkarlarını buna bağlayırlar. Özlərini “Müasir, aydın, çağdaş, elmli, intellektual” və s. bu kimi insanlara təsir edə biləcək adlarla tanıdan və Allahı inkar etməklə “şəxsiyyət” qazandıqlarını zənn edən bu zavallılar həqiqətdə Allahın varlığını görüb qavramayacaq qədər düşüncəsizdir. Qeyd etmək lazımdır ki, Quranda insana düşünmək üçün yol göstərilir və nəyi düşünməyin vacib olması tez – tez vurğulanır. Məsələn, “Vaqiə” surəsində insana belə səslənilir:
“Bəs bətnlərə axıtdığınız nütfəyə nə deyirsiniz? Ondan insanı yaradan sizsiniz, yoxsa Biz?! Sizin aranızda ölümü əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz deyilik; sizi yox edib yerinizə sizin kimiləri gətirməkdən və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan! And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə heç düşünmürsünüz?! Bəs əkdiyinizə nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa Biz?! Əgər Biz istəsəydik, onu bir saman çöpünə dəndərər, siz də mat – məəttəl qalıb: “Biz ziyana uğramış, bəlkə, məhrum olmuş kimsələrik!” deyərdiniz. Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı edərdik. Elə isə niyə şükr etmirsiniz? Bəs yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? Biz onu ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. Belə olduqda sən Ulu olan Rəbbinin adını müqəddəs tutb zikr et!” (“Vaqiə” surəsi, ayə 58 – 74)
Nizam və ya estetikaya malik heç bir şey təsadüfən yaxud öz – özünə yaranmaz. Əgər bir yerdə qayda – qanun, plan və estetikaya malik bir istehsal varsa, bu, mütləq ağıl sahibi varlıq tərəfindən qurulmuş və meydana gətirilmiş deməkdir. Bir kağızın üzərinə çəkilmiş düzgün həndəsi bir şəkil yaxud tək bir düzgün hərf görən insan bunların ağıl sahibi bir insan tərəfindən çəkildiyinə əmindir. Çox böyük bir hesab və tarazlıq üzərində qurulmuş olan kainat da şübhəsiz ki, yüksək ağıl sahibi bir Yaradıcı tərəfindən yaradılmışdır. O Yaradıcı hər şeyin sahibi olan Allahdır.
Ümumiyyətlə, gözümüzlə gördüyümüz, qulağımızla eşitdiyimiz ya da hiss etdiyimiz hər şey bizlərə yerlərin və göylərin sahibi olan Yaradıcını, yəni Allahı tanıdır. Əslində yaradılışın məqsədləri də budur. Allah üstündə Öz sifətlərini əks etdirmək üçün əşyanı var etmişdir. Insanın kainatı bürüyən qüsursuzluq, sonsuz gözəlliklər üzərində ətraflı düşünməsi bu açıq həqiqəti duyması üçün kifayətdir. Çünki onu əhatə edən yaradılış həqiqətləri bu möhtəşəm quruluşun bir sahibinin olduğunu açıq şəkildə göstərir.
 
TÖVHİD VƏ ŞİRKİN ANLADILMASI
“Sizin Tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O rəhmlidir, mərhəmətlidir.”
(“Bəqərə” surəsi, ayə 163)
“İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında gərəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər.” (“Bəqərə” surəsi, ayə 165)
Əslində insanların mühüm bir qismi Allaha inanır. Ancaq onları əsl iman yolundan azdıran şey özlərinə Allahdan başqa tanrılar seçmələridir. Bu hal Quranda şirk (ortaq qoşmaq) adlanır; şirk qoşanlara isə “müşrik” deyilir. İslamın özü “Tövhid”dir, yəni Allahı “Vahid”, tək olaraq qəbul etmək və ondan başqa heç bir varlığa qulluq etməmək.
Maraqlıdır, Allahdan başqasına səcdə edənlərin demək olar ki, hamısı müşrik olduqlarını qəbul etmir. Əksinə, müxtəlif açıqlamalarla ideal bir müsəlman olduqlarını söyləyirlər. Allahı qoyub bütləri özlərinə dost tutanlar üçün “...Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik...” (“Zumər” surəsi, ayə 3) deyirlər. Şirk qoşduqlarını bu və ya buna bənzər üsullarla inkar etməyə çalışan müşriklərdən Quranda bu şəkildə söz edilir:
“O gün onların hamısını bir yerə toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: “Tanrı olduqlarını iddia etdiyiniz şərikləriniz haradadır?” Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” – deməkdən başqa heç bir çarələri qalmayacaq. Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!” (“Ənam” surəsi, ayə 22 – 24)
Bugünkü cahil cəmiyyəti də tam manası ilə bir müşrik olduğu halda bunu qəbul etmir və özlərini ideal bir müsəlman zənn edirlər. Çünki onların düşüncəsinə görə, şirk qoşmaq yalnız taxtadan, daşdan düzəldilmiş bütlərin və ya totemlərin qarşısında səcdə etməkdən ibarətdir. Allahdan başqasına səcdə etməyi yalnız üçölçülü və cansız bir surət qarşısında yerə qapanmaq zənn edirlər.
Ancaq səcdə bir varlığa qulluq etməyin yalnız simvolik ifadəsidir. Və bir insan bir varlığın qarşısında səcdə etməsə də ona qulluq etmiş ola bilər. Allaha aid olan sifətləri öz zehnində sözügedən varlıqla dəyişməsi “müşrik” olması üçün kifayətdir.
Allah rizası axtarılmağa layiq olan yeganə varlıqdır. Buna baxmayaraq əgər insan Allahdan başqa varlığın rizasını qazanmağa çalışarsa, məsələn, özünü insanlara bəyəndirməyə və onları xoşbəxt etməyə çalışarsa, onları özünə tanrı seçmiş olar. Allahdan başqa varlıqlardan kömək istəsə, mədət umsa, onlara səcdə etmiş olur. Həyatını Allahın qanunlarına görə deyil, digər varlıqların qanunlarına uyğun istiqamətləndirməyə qərar verərsə, o varlıqları “Rəbb” qəbul etmiş olur.
Bunun müqabilində “müvahhid” (tək sayılan, şirk qoşmayan) mömin xarakteri Allahdan başqa bir Rəbb, maarifləndirici, dost, sahib və tanrı tanımır. Quranın ilk surəsi olan “Fatihə” surəsindəki “Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik.” (“Fatihə” surəsi, ayə 4) ayəsi bu saf imanın ifadəsidir.
İnsanın hər hansı başqa bir varlığı deyil, öz istəklərini Allahın əmr və qadağalarından üstün tutması, öz ağlını Qurandan yüksək görməsi də açıq – aşkar bir şirkdir. Quranda belə insanlar “nəfsini tanrı edənlər” (“Furqan” surəsi, ayə 43) kimi təsvir edilir və Quran ayələrinə görə vəziyyətləri bu şəkildə açıqlanır:
“Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?” (“Casiyə” surəsi, ayə 23)
                                                                      
  
Bu yazılar dünyaca tanınmış olan Böyük İslam Alimi Harun Yəhya – nın “Quranda təbliğ” adlı əsərindən götürülərək hazırlanmışdır.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?