İSLAMA XİDMƏT
   
 
  1. Hz. Əlinin (ə) hikmətli nəsihətləri və kəlamları - 1

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)

 
BÖYÜK USTADLARDAN HİKMƏTLİ NƏSİHƏTLƏR SERİYASI – 1 (24.05.2008)
 
 
HİKMƏTLİ NƏSİHƏTLƏR
 
“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)
 
 
HƏZRƏT ƏLİNİN (Ə) HİKMƏTLİ NƏSİHƏTLƏRİ VƏ KƏLAMLARI – 1
 
“Mən möminlərin əmiriyəm, onlar məni eşidirlər;
mal – dövlət isə yaramazların əmiridir; onlar da onu eşidirlər.”
 
“Ey insanlar, mənim haqqımda ixtilafa düşməyiniz sizi günaha batırmasın; mənə qarşı üsyana qalxışmağınız sizi pərişan etməsin; məndən eşitdiyiniz sözlərə görə bir – birinizin üzünə baxmayın: toxumu torpaq altında Bitirənə, insanları Yaradana and olsun, sizə söylədiyim sözlər ümmi Peyğəmbərdən (s) eşitdiklərimdir; onları deyən yalan söyləməmişdir; (onu) eşidən də cəhalətə düşməmişdir.”
 
 
HƏZRƏT ƏLİNİN (Ə) HİKMƏTLİ NƏSİHƏTLƏRİ VƏ KƏLAMLARI
1. Sizi İslama elə bir nisbətlə mənsub sayıram ki, məndən əvvəl heç kəs belə nisbəti söyləməmişdir: İslam təslim olmaqdır; təslim olmaq yəqinlikdir; yəqin gerçəkləməkdir; gerçəkləmək iqrar etmək əmrə tabe olmaqdır; əmrə tabe olmaq o əmrləri yerinə yetirməkdir.
2. Bir para adamlar Allaha savab üçün ibadət edər: Bu ibadət tacirlərin ibadətidir. Bir bölük də Allaha qorxudan ibadət edər. Bu da kölələrin ibadətidir. Bir bölük isə Allaha şükr edərək ibadət edər. Bax, azad insanların ibadəti budur.
3. İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn vardır. Onun könlü hər şeydən geniş, nəfsi hər şeydən azdır. Təkəbbürə nifrət edər, şöhrətə düşməndir, qəm – qüssəsi çox, düşüncəsi isə dərindir. Çox zaman susar; vaxtı yoxdur. Çox şükr edər, çox səbrlidir. Daim düşüncəlidir; ehtiyacı olanı görərkən öz ehtiyacını belə unudar. Xasiyyəti gözəl, rəftarı xoş və yumyaşaqdır. Şərəf və din baxımından sərtdir, xasiyyət baxımından qul kimidir.
4. İman əhlinin hər gün üç işi vardır: Bir zaman Rəbbi ilə razü niyaz edər, Ona qulluq göstərər; bir zaman dolanışığı üçün çalışar; bir zamanı da var ki, halal və gözəl ləzzətlərlə zövqlənər. Ağıllı adam üç şey üçün səfər edər: Güzəranını qaydaya salmaq, axirətini əldə etmək, yaxud da haram olmayan zövq və ləzzət əldə etmək.
5. Allahın elə bəndələri vardır ki, Allah onları bəndələrin faydalarına xidmət etməklə nemətləndirmişdir. Onların əllərinə nemətlər vermişdir. Onlar da o nemətləri bəndələrə ehsan edərlər. Lakin ehsan etməsələr, o nemətləri onlardan alıb başqalarına verər.
6. Orucu, gecələr etdiyi ibadəti Allah tərəfindən qəbul olunmuş şəxs üçün bayramdır. Hansı gün Allaha üsyan edilməzsə, o gün bayram sayılır.
7. Sizə beş şeyi vəsiyyət edirəm:
Heç biriniz Rəbbinizdən başqa bir kimsədən şey ummasın; Günahınızdan başqa bir şeydən qorxmayın, “bilmirəm” deməkdən utanmayın; bilmədiyiniz bir şeyi öyrənməkdən çəkinməyin. Səbr edin, çünki səbr imanla müqayisədə bədəndəki baş kimidir. Başı olmayan bədəndə xeyir yoxdur. Səbr tükəndikdə isə imandan xeyir gəlməz.
8. Bizə inamda çox irəli getməkdən çəkinin; biz bəndəyik, məxluquq; buna inanın, sonra bizim haqqımızda, üstünlüyümüz barədə dilədiyimiz inancı güdün.       (“Qürarul – Hikəm”dən)
9. İnsanların çəkdiyi hər nəfəs əcələ doğru atdığı addımdır.
10. Sanki ölüm bizim üçün yox, başqaları üçün yazılmışdır. Sanki gördüyümüz bu ölülər elə bir yerə gedirlər ki, tezliklə dönüb qayıdacaqlar. Onları qəbirlərə qoyuruq; miraslarını yeyirik. Bütün öyüdləri unutmuşuq, hər bir bəlanı arxaya atmışıq. Bizi kökümüzdən qoparacaq bəlalara göz yummuşuq. Xoş o şəxsin halına ki, təkəbbürdən uzaqdır, qazancını tər – təmiz bir hala gətirmişdir, xasiyyətini gözəlləşdirmişdir, var – dövlətinin artığını yoxsullara paylamışdır, bihudə sözlər danışmaqdan uzaqdır, şərini insanlardan uzaqlaşdırır; sünnət ona ağır gəlmir, bidətə mənsub deyildir.
11. Oğlu Həzrət Həsənə (ə) buyurmuşdur:
Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin – kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar.
12. Ağıllı könlünə danışar, doğru bildiyini söylər, axmaq dilinə gələni söylər, düşünməz ki, bu nə məna daşıyır.
13. Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış – veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil – nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur.
14. Qənaətə riayət edən yoxsulluğa düşməz.
15. Xoş rəftar ağlın yarısıdır.
16. Ey Kumeyl, könüllər qablara bənzər; ən xeyirli qab isə içindəkini ən yaxşı qoruyandır. Məndən eşitdiyin sözü yadında saxla. Insanlar üç qismdir: Rəbbə mənsub olan alim, qurtuluş yolunda elm axtaran və adəti pislik olanlar; hər çağıran şəxsə bilmədən uyanlar, hər yelə qapılıb gedən kişilərdir. Onlar nə elm işığıyla işıqlanmışlar, nə də qüvvətli bir müdafiəyə söykənmişlər.
Ey Kumeyl, elm maldan xeyirlidir; elm səni qoruyar, sən isə malı qoruyursan. Mal verməklə azalar, elm isə öyrətməklə çoxalar.
Ey Ziyad oğlu Kumeyl, bilik əldə etməyin yolu adətən dindir ki, Allaha onunla yol tapmaq olar. Insan taəti onunla əldə edər; ölümündən sonra da xeyir və yaxşılıqda yad olunar. Elm hakimdir, mal isə hökm altında olandır, məğlubdur.
17. İnsanlar bilmədikləri şeylərə düşməndir.
18. Axmaqla yaxın dost olma. Öz etdiyini sənə gözəl göstərər, səni də özünə bənzətmək istər.
19. İbrət alınacaq şeylər çox, ibrət alanlar isə az.
20. Ağıllının zənni cahilin yəqinindən daha doğrudur.
21. Az elmi olub bildiyinə əməl edən, çox elmi olub əməl etməyəndən xeyirlidir.
22. Cahil dostundan çox ağıllı düşməninə güvən.
23. Söyləyənə baxma, söylədiyinə bax.
24. Öz rəyinlə hərəkət etmə; öz rəyinə uyan məhv olar.
25. Elmlə dirilən ölməz.
26. Ən aciz şəxs insanlar arasında dostu olmayandır; onlardan daha acizi isə dostu olub onu itirənlərdir.
27. Səxavət – istənilmədən ehsan etməkdir. Istəniləndən sonra edilən ehsan isə utanqaclıqdandır və çox pisdir.
28. Zənginlik qürbətdə vətəndir, yoxsulluq vətəndə qürbət.
29. Dostları itirmək qürbətə düşməkdir.
30. Kim bir işdə xalqa rəhbər olmaq istəyirsə, başqasına tərbiyə verməyə başlamazdan əvvəl özünü tərbiyə etməlidir. Tərbiyə yalnız dil ilə öyüd verməkdən deyil, hərəkətləri ilə nümunə göstərməkdən də ibarət olmalıdır. Nəfsinə müəllim olub özünü tərbiyə edən şəxs insanlara müəllimlik edib onları tərbiyə edəndən daha çox tərifə layiqdir.
31. Dərd və qəm qocalığın yarısıdır.
32. Töhmətlənəcək yerə gedən şəxs, onun barəsində pis zənnə düşənləri qınamasın.
33. Qısqanc olan, qeyrət sahibi kimi tanınan qətiyyən zina etməz.
34. Zalım şəxsin üç əlaməti vardır; günaha batıb özündən üstünə zülm edər; özü hakim olduqda özündən aşağıya zülm edər; zülmkara kömək göstərərək zülm edər.
35. Qoynunda yaşadığın şəhər sənə ən layiq olan şəhərdir. Şəhərlərin xeyirlisi güzəranını keçirə bildiyin yerdir.
36. Bir insanda gözəl bir xasiyyət varsa, ondan başqa gözəl xasiyyətlər də gözləyin.
37. Möminin şükrü əməlində görünər. Münafiqin şükrü isə dilindədir.
38. İki şey var ki, itirilməmiş qədri bilinməz: Gənclik və dinclik.
39. Batilə yardım edən, haqqa zülm edər.
40. Abırlı olmağın ən ucası insanın özü – özündən utanmasıdır.
41. Elə qan var ki, onu dil tökər.
42. Yaxşılığı əmr et, pisliyi nəhy elə.
43. Gözəl görmək bir şeyi eşitməkdən irəlidir.
44. Bəsirət gözü kor olanda gözlə görməyin faydası yoxdur.
45. Allahın sənə verdiyi nemətləri itirmə; Onun verdiyi nemətlərin əsəri səndə görünməlidir.
46. Yəqin ilə yatmaq, şübhə ilə namaz qılmaqdan xeyirlidir.
47. Savaşda birisini savaşmağa çağırma; fəqət səni çağıran olsa get; çünki savaşa çağıran asidir, asininsə ölməsi gərəkdir.
48. Üzün suyu (abır) donmuş vəziyyətdədir. Ancaq bir şey istəyən kimi əriyər və damla – damla süzülər. Üzünün suyunu kimə tökdüyünə diqqət et.
49. Tamah səni qul etməsin. Allah səni azad yaradıb.
50. İnsanlar iki bölükdür: bir bölüyü şəriətə uyar, o biri bölüyü bidətə sapar. Bu ikinci bölüyün, nöqsan sifətlərdən münəzzəh olan Allahdan nə bir dəlili var, nə bir işığı. Nöqsan sifətlərdən münəzzəh olan Allah heç kimə Qurana bənzər başqa bir şeylə öyüd verməz; çünki Quran Allahın möhkəm ipidir, əmin səbəbidir; ürəklərin baharı ondadır; biliklərin qaynaqları ondadır; könülə ondan başqa bir şey cila verməz; ondan başqa bir şey könlü parlada bilməz. Bununla bərabər, yenə də ondan öyüd alanlar ona uyub yol tutanlardır; unudanlar, qəflətə qapılanlar yollarda qalanlardır.
51. Bir xeyir görərkən yardım edin, bir şər görərkən qoyub gedin. Çünki Rəsulullah (s) buyurmuşdur: Ey Adəm oğlu, xeyir iş gör, şəri burax; o zaman səxavətli olar, orta yolu taparsan.
52. Bilin ki, Allah xeyir işlər görmək istəyənləri, əmrinə uyub xeyirə yönələnləri seçmişdir; onlar haqqın dayaqlarıdır, itaəti, bəndəliyi qoruyanlardır. Sizin üçün də hər qulluqda Allahdan bir yardım var, onu dillərə söylədər, könüllərə ilham edər; kifayət sayanlara bu yetər; şəfa axtaranlara şəfa verər.
53. Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir – birləriylə uyğunlaşıb görüşərlər, bir – birlərini sevib qovuşarlar. Bir – birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir – birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır.
54. Dünya elə bir yurddur ki, xaraba qalması, yox olması, əhlinin isə onu atıb getməsi, köçüb itməsi labüddür. Çox şirindir, təravətlidir, amma istəyəndən tez qaçıb gedər. Bəsirət gözüylə ona baxan varlığından şübhəyə düşər. Ən gözəl, ən xeyirli bir azuqəylə köçüb gedin oradan. Kifayət edəcək şeydən artığını istəməyin, sizi aparacaq şeydən artığını diləməyin ondan.
55. Doğrudan da, dünya ağıllılar yanında kölgəyə bənzər: bir də baxırsan, uzanır – deyərkən, qısalmağa başlar. Bir də görürsən, uzanır – deyərkən yoxa çıxar.
56. Ey dünyanı pisləyən, qınayan, sonra da onun aldanışlarına qapılan, baş tutmayacaq işlərinə aldanan, sonra yenə də onu qınamağa başlayan! Dünyaya aldanan sən deyilmisən ki, indi onu yamanlayırsan? Dünyada günah işləyən sənsən, yoxsa odur? Dünya nə vaxt sənin yolunu azdırdı, nə vaxt səni aldatdı? Bədənləri çürüyüb dağılmış ata – babalarınlamı aldatdı səni, yoxsa torpaq altında yatan analarının məzarlarıylamı tovlatdı səni? Onlar xəstələnəndə nə qədər xidmət etdin onlara, sağalmaları üçün nə qədər çalışdın, şəfa tapmalarına arzu etdin, həkim çağırdın, çarə dilədin. Amma bu zəhmətlərin heç birinə fayda vermədi, arzuların baş tutmadı, gücünlə, qüvvətinlə onları ölümün əlindən ala bilmədin. Getdilər. Dünya onların halıyla örnək göstərdi sənə, məzarlarıyla məzarını xatırlatdı sənə.
57. Doğrudan da var – dövlət və övlad dünya əkinidir, dünya qazancıdır. Yaxşı əməllər isə axirət əkini, axirət qazancıdır. Allah bəzi insanlara hər ikisini verir.
58. Allah o kişiyə rəhmət etsin ki, hökmü eşidər, eşidib seçər, doğru yola çağırılarsa, yaxınlaşar, bir başçının kəmərindən yapışıb canını qurtarar və Rəbbinin əmrini gözlər, Ona qarşı günah işlətməkdən qorxar, özü doğru və yaxşı işlərə qurşanar, aza qane olub gərəksiz şeylərdən çəkinər. Oxu atıb hədəfi vurar, əvəzini əldə edər. Öz arzusuna qarşı durmağı bacarar; səbr edər; çəkinməyi ölüm günü üçün hazırlar; açıq və bəlli yola at sürər; açıq – aydın dəlilə inanar; fürsəti qənimət bilər; əcələ hazırlanar; qulluğunu özü üçün az hesab edər.
 
 
Bu yazılar Hz. Əli ibni Əbu Talibin (ə) “Nəhcul – Bəlağə” adlı əsərindən götürülərək hazırlanmışdır.
“Nəhcul – Bəlağə”, “Nafta – Press” nəşriyyatı, Bakı – 2003
                                                                         
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?