İSLAMA XİDMƏT
   
 
  1. Nizami Gəncəvidən hikmətli nəsihətlər - 1

BÖYÜK ŞAİR NİZAMİ GƏNCƏVİDƏN

HİKMƏTLİ NƏSİHƏTLƏR
 
(SİRLƏR XƏZİNƏSİNDƏN)
 
Bismillahir – Rəhmanir – Rəhim.
Hikmət xəzinəsinə budur açar, ey həkim!
 
Gəlib hamıdan əvvəl, hər bir varlıqdan qabaq,
Yaşayanlar içində əbədi Odur ancaq.
 
Səxavət qaynağını O qaynatdı binadan,
Bütün var olanları yalnız Odur yaradan.
 
Pərdəli fələklərin pərdəsini açandır,
Pərdəli iş görənin sirrini saxlayandır.
 
Günəşin kəmərinə ləl ilə zinət verən,
Torpağa həyat donu, suya təravət verən.
 
Könül sahiblərinə əxlaq, hikmət göndərən.
Ruzu uman kəslərə ruzu, nemət göndərən.
 
Tədbirlə bişənləri çiy bilib, verər bada,
Suçluların üzrünü qəbul eylər dünyada.
 
Heçdir bu iki cahan ülviyyəti önündə,
Bir nəfəsdir ömrümüz əzəməti önündə.
 
Tapılarmı cahanda Onunla bəhs eləyən?
Varmı Ondan savayı “Bu mülk Mənimdir!” deyən?
 
O vardı, hələ yoxkən yer, göy, ucalıq, alçaq,
Varlıq yoxa çıxsa da, O, daim var olacaq.
 
Əvvəli ibtidasız, axırı intəhasız,
İlki, sonu olmayan Onun Özüdür yalnız.
 
Düşüncənin əvvəli, rəqəmin, sayın sonu
Təkcə sözdür, təkcə söz yadında saxla bunu.
 
Tacidarlar özü də tac söyləmişlər sözə,
Vasiflər vəsf eyləmiş, durub sözlə göz – gözə.
 
Gah sözün bayrağını çəkələr eldən – elə,
Gah qələmin yazdığı saçar dünyaya şölə.
 
Heç kəs əyləşə bilməz sözdən yuxarı qatda,
Dövlətimiz, mülkümüz yalnız sözdür həyatda.
 
Bir az götür – qoy etdim, öz qəlbimlə qonuşdum,
Bir öyüd kitabını andım, ardınca qoşdum.
 
Gizli bir hatif mənə dedi: - Möhtac olanda
Borcu o qədər al ki, verməyə gücün çata.
 
Qaçaq – quldura bənzər beş duyğudan uzaqlaş,
Səninki qəlb yoludur. Qəlbi dərk etməyə qoş.
 
Gərəksizdir bəlkə də, təbiətdə göz, qulaq
Üzəvari pərdəyə dustaq olmuşuq, dustaq.
 
Qönçə qulaqlarına pambıq tıxamısan ki...
Aldadar gözün səni, get, işə sal idrakı.
 
İnan, nemət sayılmaz cahan səltənətləri,
Min qızılın bir dostdan üstün deyil dəyəri.
 
Yer üzündə hər kəsin dosta ehtiyacı var,
İllah, elə dosta ki, dar gündə dada çatar.
 
Mey dostları zay edər ayı, günü, həftəni,
Beləsindən üstün bil qapındakı cəftəni.
 
Cinlər büdrəyən kəsə hücum etdikləritək,
Hər aşiqin ağlını başdan alır bir mələk.
 
Od kimi iti getmək, yanıb kül olmaq asan,
Bəxtəvərlik odur ki, yolda yorulmayasan.
 
Sakit axan su kimi yaşamağı seç peşə,
Yüngül suyun qiyməti ağır olur həmişə.
 
Nə qədər hududlara, hədlərə çatsan da sən,
Varlıqda yox kimisən, lüt – üryansan əzəldən.
 
Əl çək zülmdən. Uğraş vəfa yurduna bir baş,
Yanaş Ulu Tanrıya, alçaqlardan uzaqlaş!
 
Üzr istəsən, suçundan birdəfəlik əl çəksən,
Dada yetən tanrıdan lütflər görəcəksən.
 
Hansı könüllərdə ki, dindən od var, əsər var,
İkinci dünyadan da xəbər tutmuşlar onlar.
 
Əlində, ovcundadır hər nə varsa dünyada,
Dinin dərdini çək ki, sərvətin olsun o da.
 
At aləmi, tut dini... var ikən bu cür imkan,
Bu alverdə nə üçün aldatsın səni şeytan?
 
Din adlı kəhrəbanın arpa boyda zərrəsi
Bir batmanlıq iksirin bərabəri, əvəzi.
 
Dini sevib qorumaq sənin borcundu hər gün,
Bu yolda can qoyublar haqsevərlər haqq üçün.
 
Xeyirxahlığı güdmək – adillik nişanəsi,
Xalqa xidmət – kişinin ən böyük xəzinəsi!
 
Ordu üçün, yurd üçün xoş diləklər bəsləsən,
Bir gün yüksələcəksən yurdun nəzərində sən.
 
Ev yıxdı, mülk uçurtdu, zülmkarlar nə qədər,
Tapdı dövləti yalnız xalqı incitməyənlər.
 
Atdığın hər addımın düşün gələcəyini,
Öncə gördüklərini, sonra görəcəyini.
 
Çalış xəlq üçün qazan asudəlik, səadət,
Xəlqi döyən, incidən nə qazanıb? Xəcalət!
 
Adil olmayanların sənə nə faydası var?
İnsafsız səni yalnız tufanlara tullayar.

Ədalət müjdəsilə cahanı şad eylə sən,
İşlər gör ki, iş olsun, yurdu abad eylə sən!
 
Sən ucalmaq istəsən, dərdi al, dərmanı ver,
Onda hamı deyəcək: - Qulunam, fərmanı ver.
 
Hər kəs yaxşılıq etsə, yatmış bəxti ayıldar,
Bir gün həmən yaxşılıq öz üstünə qayıdar.
 
Üzrə, hiyləgərliyə əl atma. Bəyənilməz,
Gözəl işlər gözləyir dünyada səndən hər kəs.
 
Bu gecəli, gündüzlü, iki üzlü dünyaya
Gələn gəlir ki, dözsün min – min cövrə, cəfaya.
 
Əylənirsən həyatda, itirmisən ölçünü,
Oyuncaqmı sanırsan vahid, bircə ömrünü?
 
Qəflətdə ömr eləmək məgər kişilikmidir?
Qafillər Yer üzündə divanələr kimidir.
 
Cahangirlik, mənəmlik qasırğasından əl çək!
Qocasan, cavanlığın gur dalğasından əl çək!
 
Bu qara, ağ saçların nəyi öyrədir sənə?
Gecədən yol gedirsən təfəkkür gündüzünə.
 
Çox gəlib bu aləmə sənin kimi cavanlar,
Heç qocalmayacaqlar – elə sanıblar onlar.
 
Gənclik hər növ çör – çöpü bulaq kimi ötürər,
Qocalıqsa, deyirlər, min bir eyib götürər.
 
Yatma! Gənclik çağları sona yetdi, oyan, dur,
Səhər gündüzə döndü, qafil olma amandır.
 
Suyun, çörəyin varsa, ora – bura can atma,
Əlini kəfkir kimi hər qazana uzatma!
 
Onun – bunun payına göz dikməkdənsə hər gün,
İnsanın eşşəyitək otla dolanmaq üstün.
 
Torpaq, od olsan belə yaddan çıxarma bunu:
Heç nə verməz bu rüzgar, tökməsə üz suyunu.
 
Saçma can toxumunu arpa təki boş yerə
Arpanı buğda kimi satan nadürüstlərə.
 
Tikan deyilsən ki, sən hər zərbəyə dözəsən,
Öz işinə baş əy ki, başıuca gəzəsən.
 
Qəmə, dərdə tab etmək – peyğəmbərlik pilləsi,
Sən axtaran dincliksə - yalnız ölüm kölgəsi.
 
Tanrı qapısında ol, O hər kəsdən uludur,
Ruzunu Ondan istə, ruzu verən də Odur.
 
O gün ki, xəl olundu bizim surətlərimiz,
Dərhal ayırd edildi dürlü qismətlərimiz.
 
O Tanrı süfrəsindən pay göndərilmiş sənə,
Onda veriləndi ki, indi çatır süfrənə.

Gecə - gündüz çabalar dolanmaq üçün hər kəs,
Öz qismətindən artıq, inan, heçnə yeyəməz!
 
Əzəldən söz verdiyin din uğrunda, get, çalış,
İşləməklə nə dövlət, nə də ruzu çoxalmış.
 
İstəsən ki, olasan hamıdan əziz insan,
Çalışmaq səndən gərək, başarmaqsa Tanrıdan!
 
Pərdəsiz könülləri kənardan seç, uzaqlaş!
Sirri olmayan sözü dinləmə heç, uzaqlaş!
 
Könlün qədrini bilmək, o zirvəyə ucalmaq
Riyazətlədir yalnız, igidliklədir ancaq!
 
Boş sevdadan əl üzmək – böyüklük əlaməti,
Nəfsi ram edə bilmək – peyğəmbərlik qüdrəti.
 
Təslim eyləyə bilsən nəfsini iradənə,
Öz mülkün bil Cənnəti, halaldır Cənnət sənə.
 
Nəfsin zınqırovundan fəryad səsidir gələn,
Şeytana muzdur olma, dinin bəndəsi ol sən!
 
Dinə sığın, cəbrə döz, elə zirvəyə qalx ki,
Yaxın düşə bilməsin sənə məhşər atəşi.
 
Həqq əhlinin gözündə həq nuru var, göz yetir,
Həqqin nuru hər kəsə nicat verən zirehdir.
 
Əliuzunluq etmə, sən ki, pişik deyilsən
Qoşulma dələduztək, dələyə, tülküyə sən.
 
Yemək, qarın alveri əgər yetsəydi dada,
Çox yeyənlərin çoxu sağ qalardı dünyada.
 
İnsan çox yaşasaydı, ömür düşərdi gözdən,
Ömrünün dəyərini az ömürdən istə sən.
 
Az ye, çevik, yüngül ol, rahat yaşa hər zaman,
Çox yeyən ağırlaşar, min iztirab duyarsan.
 
Qarnın dopdolu olsa, başın yüz bəla çəkər,
Nəfsin quduzlaşması insanı söküb tökər.
 
Nəfsin ilə bərabər sənə baş verilib, baş,
Yeməyəsən halalın olmayan neməti kaş.
 
Tamah sənin içində caynağıdır fitnənin,
Tamahkarı aldadan bu əbləhdən qaç, çəkin!
 
Qorxuram ki, uyasan nəfs adlanan idbara,
Rəngini sənə verən üzüqara kaftara.
 
Bəzən inanmaq olmur rənglərin ahənginə,
Yaxşılıq, pislik düşür bir – birinin rənginə.
 
Keşikdə duranların qorxuludur yatmağı,
Ya başı əldən gedər, ya başından papağı.
 
Uyuyacaq yer deyil dünya, oyan, Nizami!
Hər şeyi tərk etməyin çoxdan çatıb məqamı.

Bal arısı sabahı – uzağı gördüyündən
Şanlarını doldurur balla elə bu gündən.
 
Baxın, savaş səfində hər qarışqa – qəhrəman,
Sabahını düşünüb, yem daşıyır durmadan.
 
Aqil insan oğlu da, kor deyilsə gözləri,
Qarışqadan, arıdan gərək qalmasın geri.
 
Səfa görmək istəyən zəhmətə arxalanar,
Yayda ruzu yığanlar qışda rahat dolanar.
 
Nə sən bilirsən, nə mən, qananlar bilir bunu –
Öz borcunu verməyin əvəzsiz olduğunu.
 
Heyif ki, aqibəti düşündürmür heç kəsi
Yalnız bir anlıq olur çoxunun düşüncəsi.
 
Fələklərdən ucadır əslində məqamımız!
Aqibəti düşünmək – yüksəliş imkanımız!
 
Dərk elə mövqeyini, səfərinin səmtini,
Hardan gəlir bu yollar, hara aparır səni?
 
Məgər varmı fələyin xoşbəxt etdiyi adam?
Varsa, nə sənsən, nə mən. Əl çək belə xülyadan.
 
Biz dünyaya gəldik ki, kədər duyaq, qəm yeyək,
Gəlmədik ki, nitq edək, axşam – səhər zəvzəyək!
 
Bu dünya dedikləri alğı – satqıymış, inan,
Bircə düzlük görmədim burda başdan – binadan.
 
Görün, hansı şübhələr könüldən gəldi, keçdi:
Yoxluğumuz bir yana, varlığımız da heçdi.
 
Ey bugünkü halından utanıb qızarmayan!
Fikirləş öz sonunu, barı o gündən utan!
 
Bu səhranın köhləni təkcə dindir, yalnız din,
Yalnız odur çarəsi bu qədər müşküllərin.
 
Bizi qarşıda gözlər nə qədər möhnət, kədər,
Gəlhagəl dərdlərimiz yalnız din ilə gedər.
 
Üzr, tövbə özündən, qəbulu Allahdan um
Hər işini taleyə tapşırıb, olma məzlum!
 
Tövbə qapısına gəl, təmizlə günahını,
Başqa hədyan söyləmə, seç Tanrı dərgahını!
 
Bilirəm, bəyənmirsən ölümün haq yolunu,
Özgələrin gözüylə çünki görmüsən onu.
 
Vaxtdır, öz ayağına zəhmət verib tələs sən,
Özgənin ayağıyla mənzil kəsə bilməzsən.
 
Bu qəbrin qapısını bağlamaq olmaz, olmaz!
Bu damın bacasından boylanmaq olmaz, olmaz!
 
Sən bu dustaq evində səbr et, döz iztiraba,
Pəncərəni, qapını şaşqınlar kimi qapa.

Nə vaxtacan fələkdən bəhs edəcəksən, yetər,
Kül qoy onun başına, yelbeyinmiş nə qədər!
 
Kəhkəşanı, səmanı az qarğa, az söy barı,
Bir arpaya da dəyməz bu saman oğruları.
 
Aş bu mavi künbəzi, o qədər yüksəl ki, sən,
Boynunu dar halqədən xilas edə biləsən.
 
Teldən nazik fəhm də, sapdan zərif xəyal da
Çərxin incə yolunu acizdir anlamaqda.
 
Acizlikdən, həyadan üzün yanır, fikir ver,
Çərxin yolu bir tükün ucundan da incədir.
 
İmkanın var, qalxasan mələklər məqamına,
Bu qədər ki, güclüsən, neçin girmisən qına?
 
Könül vermə, bu gilin, bu qumun vəfası yox,
Dünyaya bağlanmağın daha bir mənası yox.
 
Burda başında papaq... demək, baş əyməlisən,
Burda belində kəmər... demək, qulluq əhlisən.
 
Hünərlisənsə, hər gün paxılların artacaq,
Qəndin varsa, yediyin zəhər olacaq ancaq.
 
Bu həyat ocağına aldanma ki, şöləsi
Cəhənnəm atəşinin haləsidir, haləsi.
 
Ay olsa da göylərin, fələklərin qəndili,
Yağı Günəşdən umur, ömür boyu dilənir.
 
Susamış bitkilərə nicat verən bulud da
Donuq bir bəlğəm kimi dəyərsizdir həyatda.
 
Sanma ki, su səadət, bolluq qaynağı olmuş,
Sudan nə çəkdiyini batan gəmidən soruş.
 
Dinclik yuvasıdırmı məgər bu viran yuva?
Nə üçün göz yumursan bunca çirkə, ayıba?
 
Öz eybini görməyi çoxdan yadırğamısan,
Özgəsinin eybinə ayna tutan kəminsan!
 
Sən ey aynalar kimi eybin şəklini çəkən
Bil ki, eyibli nəfəs sənə tez vurar ləkə.
 
Ya hünəri tərk elə, cibindən çıxarıb at.
Ya öz eyiblərinin aynasını qırıb at.
 
Özgəsinin eybinə göz yum, əgər gözün var.
Qüsuru kənarda yox, əvvəl özündə axtar.
 
Hər kəsdə hünər də var, eyib də var bil ki, sən
Hünərli olacaqsan, eyibləri görməsən.
 
Qaranlıqda görməyə lampa gərəkdir sənə,
Gündüz qara qarğa da, dərhal dəyər gözünə.
 
Güllər kimi əlvandır tovusun qanadları,
Ayağının eybini başına qaxma barı.
 
Qarğanın əyni, başı qapqaradır, gözü ağ.
Gözün varsa görə bil, ağı qaradan qabaq.
 
Özgəsinin eybini, öz hüsnünü görmə tək,
Öncə öz nöqsanını görə bilən göz gərək.
 
Demirəm ki, aynanı al əlinə, ya alma,
Öz eybini görə bil, özünə heyran olma!
 
Hər köhnəni, təzəni bircə - bircə sal yada,
Bu dünyada nə varsa, dəyməz bir arpaya da.

Bu dünyada zərrəcə naz çəkmə adəti yox,
Barı ortağı olma, əl çək ondan biryolluq.
 
Dünya nemətlərində nə tapacaqsan, eyvay,
Bulaşıq bir kasadan, boş bir süfrədən savay?
 
Dünyanı görənlərin ağızları qapandı,
Ondan bəhs edənlərin dodağı, dili yandı.
 
Görən yox bu cahanda bircə savab iş hələ,
Yuxuları qat – qarış, fikirləri – tor, tələ.
 
Bu dünyanı öpməkdə, qucmaqda məqsədin nə?
Sənmi doğmusan onu, hey qaçırsan üstünə?
 
Sən dünyanın üstündən xətt çək, bir az şad yaşa,
Sənə uzaq olandan uzaqlaş, azad yaşa!
 
Yolun, mənzilin uzaq, yormasın yollar səni,
Hazırla yolluğunu, ruzunu, azuqəni.
 
Bu torpağın başına dönüb dolanan insan,
Məgər sabah bir ovuc torpaq olmayacaqsan?
 
Heç bir kəsi tapdama, dayan, fikirləş bir an:
Sənintək çoxlarını tapdalayıb bu dövran.
 
De, kim apara bildi dünyadan salamat can?
De, kim oxuya bildi bu yazını sonacan?
 
Bu natəmiz torpaqda, ey pəhrizçi könüllər,
Təmiz su gəzməyiniz əbəs deyilmi məgər?
 
Var – yoxun dağılmamış, hicran gəlməmiş hələ,
Qazancını, pulunu dağıt, payla, bəxş elə.
 
At çiynindən yükünü, bir az asan get, asan.
Yükün yüngülləşərsə, mənzilə tez çatarsan.
 
Ayaq basacağın yer möhkəm deyilsə əgər,
Heç bir işin dalınca getmə, çalışma hədər.
 
Selin – suyun ağzında ev – eşik quran insan,
Barı bir qapı aç ki, sel gələndə qaçasan.
 
İtin adı gələndə tülkünün rəngi qaçdı,
Dərhal yuvasındaca ikinci deşik açdı.
 
Sən ki, bu gün pozursan Tanrıyla peymanını,
Nə cür qurtaracaqsan öz əhdindən canını?
 
Aşağı baxma, torpaq ləngidər qədəmini,
Çox da qanrılma geri, qorxudar kölgən səni.
 
Könüllərdən ruzu yığ, yolda ev – eşikmi var?
Yaş axıt gözlərindən, axı, təşnədir yollar.
 
Sənintək çoxlarının fələk yedi başını,
Apardı səndən güclü neçə dost – tanışını.
 
Sən fələklə vuruşda bir azca fəndgir ol ki,
Bir gün yerə sürtəsən kürəyini ər təki.
 
Bu fələklə vuruşmaq çox da qorxulu deyil.
Qılıncı gün şüası, qalxanı günəşdi, bil!
 
Bilik qazan, ey könül, yan, işıqlan biliklə,
Zülməti nurla öldür, düşməni bir çiçəklə.
O din ki, qüvvət verir qoluna axşam – səhər,
Sənin tərəzinin də əyarını düzəldər.
 
Düşüncəli, hünərli, qəlbi azad olan kəs
Din qəmi çəkər ancaq, dünya qəmini çəkməz.
 
Ömür az, dünya qoca... uymuşuq ahənginə,
Aldanma bu köhnənin təzələnən rənginə.
 
Bu qədər güldən sənə çatmaz bircə tikan da,
Çöp də aparmaq olmur, dağlar qədər yığsan da.
 
Qiyamət dənizindən kimlər yaxa qurtarar?
Yalnız yükü dənizə atıb çılpaq qalarlar!
 
Fərqi yoxdur, ya payla, ya da yığ sərvətləri,
Sənə hər nə veribsə, alacaq dünya geri.
 
Aləm əzəldən bəri alver evinə bənzər:
O dünyanı alırlar, bu dünyanı verirlər.
 
Sal ayağın altına, qızıl alma əlinə.
Qızıl qulu, bütpərəst deməsinlər qoy sənə.
 
İndi ki, bənd olmusan qızıl parıltısına,
Get, tovuz quşu bəslə, yüz rəng göstərir sana.
 
Quşların qol – qüvvəti yalnız qanadlarında,
Yaltaqların qüdrəti qızıl adlı varında.
 
Gözlər qamaşdırsa da, başına kül tök onun,
Çoxu qurbanı olmuş aldadıcı altunun.
 
Dini şeytana versən, cəzanı sən çəkərsən,
Müflisə verilən mal geri dönməz yenidən.
 
Dünya pislik yurdudur, axirət qazancıyıq,
Tutub din ətəyindən bir guşə tap, ey yazıq!
 
Müflislərə toxunmur bu fələyin tilsimi,
Yalnız möhtəşəmlərin qırır qafiləsini.
 
Tamah salan varmı heç acı aslan ətinə?
Öləndə, qurd – quş belə toxunmaz cəsədinə.
 
Göl quşları bilir ki, balıqların bəlası
Gümüş pullarındadır, pullar ovun aynası.
 
Vaxtdır , iş başına keç! Gözün bağlanıb neçin?
İşini elə gör ki, işbilənlər bəyənsin.
 
Bərk yatmısan, yolunda tələ qurublar, oyan!
Məgər bu cür yataramı iş bilən, iş anlayan?
 
Sənin ağlın yaddaşsız bir qocadır, imdad et,
Yada salmır o səni, barı sən onu yad et.
 
Əgər yar olmasaydı ağlın, idrakın sənə,
Səni kim qaldırardı insanlıq pilləsinə?
 
Ya get ağıl yoluyla, çıraq tapıb işıqlan,
Ya da biryolluq əl çək sən onun qapısından.
 
Xumar olma, korşaltma o parlaq ağlı, huşu,
Yedirmə bir sərçəyə o boyda qızılquşu.
 
Mey hər dində halaldır, amma gərdiş dəyişmiş,
Əqlə düşmən olması meyi haram eyləmiş.
Piyalənə tökdüyün üz suyundur, mey deyil,
Çeşmən, dirilik suyun yalnız öz ağlındı, bil.
 
Qəflət dünyasındadır kim ki, meyin quludur,
Mey qafilin alnına qəflət damğası vurur.
 
Sən ki, çocuq deyilsən, həvəslənmə oyuna,
Sən ki, ömür deyilsən, boy istəmə boyuna.
 
Bitdi gənclik gündüzü, günəş getdi batmağa,
Kölgə uzandı, ey nur, çəkil sən də qırağa.
 
Neçin kölgəpərəstsən bunca qarğalar kimi?
Düşmən kəsil zülmətə qızıl bir fanar kimi!
 
Özünü kölgəlikdən qurtara bilsən əgər,
İnan, eyiblərin də kölgən kimi çəkilər.
 
Zülmətdə əyləşməyə dözə bilmir hər kişi,
Təkcə dirilik suyu görə bilir bu işi.
 
Başı yerdə, ayağı göydə olan ey qafil,
Sənin fikir göylərin alt – üst olub, bunu bil.
 
Nəfs, qərəz kirindən pak deyilsə bədənin,
Qızıl geysən də, daşca dəyərin yoxdur sənin.
 
Paklık, təmizlik nuru bürüsəydi hər kəsi,
Kimlə, nəylə dolardı cəhənnəmin mədəsi?
 
Yalnız cəhənnəmdən yox, hər istidən – soyuqdan
Səni saxlayan zireh düzlük, paklıqdır, inan.
 
Əyriliyin yükləyər boynuna neçə nöqsan,
Düz olsan, hər bəladan, hər qəmdən qurtularsan.
 
Zərgər tərəzisitək dürüst olmaq istəsən,
Gərək hifz eləyəsən ürək düzlüyünü sən.
 
Sən halal olmayan hər xırdaca arpadan
Tərəzinin gözünə əskiklik gələr, inan.
 
Hər işin birər – birər gələcək öz yerinə,
Son günündə qəfildən çıxacaq qənşərinə.
 
Gizli işlərin sənə açıq göstəriləcək,
Az verib, çox almağın ortalığa gələcək.
 
Bu alverdə özünü günahkar etmə, sakın.
Artıq verib, əskik al, çalış borcun qalmasın.
 
Gül əyri olduğundan,qoynunda bitdi tikan,
Qamış şəkərə döndü düzlüyü ucbatından.
 
O yerdə ki, doğruluq hökm edər, bayraq açar,
Dada çatan haqq özü onun ardınca uçar.
 
Düzlüklə qurtularsan hər acıdan, ağrıdan,
Qoy düzlük səndən olsun, zəfərlərin Tanrıdan.
 
Haqq söz halva da olsa, haqsız üçün acıdır,
Haqq – acı, fəqət hamı həqiqət möhtacıdır.
 
Xəbislər qocaldıqca bir az da quduzlaşır,
Ləçər arvadlar kimi qeyzi başından aşır.
 
Bir vaxt səni südəmər, çocuq bilən çoxları
- Südün acıdır – deyə bu gün səni oxlayır.
 
- Qocalarda gənclərə qayğı, insaf azalmış,
Cavanlara havadar qocalar lap az qalmış.
 
Qönçədən çıxmış gülün ətri zərif, incədir,
Fəqət köhnə tikanın yarası bərk incidir.
 
Cavanların başında ağıl qollu – budaqlı,
Kif atan başlar isə çox da xoşlamır ağlı.
  
Ayı, günü, həftəni öyrənmək istəyənlər
Baxmaz köhnə təqvimə, baxsa da, verməz səmər.
 
Gərçi gənclik igidlik, qəhrəmanlıq çağıdır,
Heyhat, dəliqanlılıq dəlilik sorağıdır.
 
Yalnız xudbinlərdi, bax, bərk tutanlar köhnəni,
Haqqa tapınan ərlər xudbinliyin düşməni.
 
Hövzə arxın suyundan dönüb dərya olunca,
Ona əvvəlki gözlə baxma, ey dargöz qoca!
 
Gecə gündüzə qarşı yumsa belə gözünü,
Gündüz başqa nəzərlə onda gördü özünü.
 
Dava hərisi olma, hünər qazan, igid ol!
Varlığını hünərə verməkdir ən yaxşı yol.
 
Istəsən ki, tacında parlaq gövhər görünsün,
Can odunu payla ki, odun gövhərə dönsün.
 
Əl uzatma, qarışma Tanrının işlərinə,
İblisə dəyən qırmanc ta ki, dəyməsin sənə.
 
Günəş kimi, Ay kimi tutsan belə göyləri,
Sən ki, yerin oğlusan, qayıdacaqsan geri.
 
Quşsanmı, cəhd edirsən daimucalıqlara?
Əl çəkməsən canından, yetə bilməzsən ora.
 
Elə dolan ki, fələk özü baş əysin sənə,
Göylər özü yıxılsın sənin qədəmlərinə.
 
Acı meyi içirsən, zəhərin nə günahı?
Suçlar, qüsurlar sənin, bu dəhrin nə günahı?
 
Gəl, dövranı qınama, ey gözəl huylu insan!
Mənə, sənə hələ ki, pislik etməyib dövran.
 
Can yandırdı zəmanə, çox çalışdı ki, bəlkə
Biz də bir adam olub çıxaq kəndə - kəsəyə.
 
Qüdrətimiz çatdımı, yetək o mərtəbəyə?
Neçin suçlarımızı yükləyək zəmanəyə?
 
Könül vermə kimsəyə, bir azca ağıllı ol.
Öz yükün sənə bəsdir, onsuz da çətindi yol.
 
Nə vaxtacan əl atıb özgə budağına sən,
- Dövlətim kaş bir az da çox olsun! – deyəcəksən?
 
Tutalım, qamarlayıb, aləmi tutdun da sən,
Gedəndə ki, əl çəkib, əliboş gedəcəksən!
 
Nəfs vurub dağıdır hər cür qayda – qanunu,
Qoy qənaət qılıncı vursun nəfsin boynunu.
 
Məslək düşmənlərindən dostluq umma sən əbəs,
İlanlar zəhər verər, dirilik suyu verməz.
 
Məna yolunda yürü, bilik başın tacıdır,
Bil ki, qanan bir düşmən qanmaz dostdan yaxşıdıdır.
 
Kimin ki, xilqətində hikmət cövhəri vardır,
Hər şeyə çarə tapır, həmişə üz ağardır.
 
Göydə Tanrıdan, yerdə nəfsindən qafil İnsan!
Həmişə can hayında, bədən qayğısındasan.
 
Əbəs yerə bu qədər “Mənəm! Mənəm” deyirsən,
Öləcək mənəmliyin göz yumduğun dəmdə sən.
 
Taledən razılıqla kimlər bağlayar kəmər?
Gödəninə, nəfsinə qulluqdan əl çəkənlər!
 
Bu dünya yollarında nə qədər cibkəsən var!
Kimlərdir rahat? Ancaq cibləri boş olanlar.
 
Elm, ürfan xadimləri məsləhət gördü bir vaxt:
Eşşəyi satmaqdansa üstündəki yükü sat.
 
Sən könül qapısına yetmək istəsən asan,
Yola yüksüz, eşşəksiz İsatək çıxmalısan.
 
Kəbirlik dərdi çəkmək sən möminə yaraşmaz,
Bu cür göbək sallama, tünük, çevik ol bir az.
 
Dünya – ölüm dalğası. Yyola yüngül yüklə çıx,
Yükü at burulğana. Gəlsin cana rahatlıq.
 
Qarınqulu olmaqdan xeyli yaxşıdır, inan,
Saxlayasan ruzunu, yavaş – yavaş dadasan.
 
Dünya daim sındırıb ona güvənənləri,
Bu cür güvənsiz ilə yoldaşlığın nə xeyri?
 
Ağlamaq daha xoşdur, yersiz gülməkdən, inan,
Yersiz gülsən, gülüşün zəncirini qırarsan.
 
Saqın! Sən elə gül ki, ağarmasın dişlərin,
Dişinlə, dodağınla sıxısın gülüşlərin.
 
Çox ağlamaq aparar gözlərin işığını,
Çox güləndə itirər sevinc yaraşığını.
 
Hər yaxşını, yamanı, hər köhnəni, təzəni
Elə qiymətləndir ki, itirmə əndazəni.
 
Toz yüngül olduğundan tez qonar, tez də uçar,
Daim yer dəyişənlər bir yerdə tutmaz qərar.
 
Pərdə yırtmaq zamanın əzəli vərdişidir,
Ağır yük daşımaqsa kişilərin işidir.
 
Səndən həzər vurarlar nöqsanını görənlər,
Yaxşını tez unudub, yamanını görənlər.
 
Öpüb qucarlar səni, sözdə məhəbbətləri,
Dərinlərdə qıvrılar kinləri, nifrətləri.
 
Küy basarlar: guya sən can – ciyərsən onlara,
Yalmanıb, yaltaqlanıb səndən yol umanlara.
 
Gəlir güdən dostluğun məgər səliqəsi var?
Xayr! Düşmənlik ilə gizli əlaqəsi var.
 
Dost sənin zəhərini qənd sanar, şəkər bilər,
Eybini də az qala ləyaqət, hünər bilər.
 
Dost rahatlıq, səadət verən məhrəmdir sənə,
Əgər belə deyilsə, uyma, dərd, qəmdir sənə.
 
Həddini aşan sevgi bənzər atəşə, oda.
Pişik istədiyindən yeyər balasını da.
 
Dost kimdir? Dost sirrini saxlayan bir vəfadar,
Məgər dostmu yel kimi hər pərdəni açanlar?!
 
Onların fikri – zikri səni yolmaq, şaşırmaq,
Qazancını, ruzunu bir əfsunla aşırmaq.
 
Üzdə aşiqin kimi mehriban görünərlər,
Dar gündə atıb qaçar, sanki toza dönərlər.
 
Qılıq göstərən dostu inkar edirsə qəlbin,
Dost deyil, düşməndir o, buna əmin ol, əmin.
 
Bədən hardan bilsin ki, kimdir əsil sevgili?
Vəfalı dostu yalnız qəlb tanıyır, can bilir.
 
Sənin öz ürəyinin qıfılı yoxsa əgər,
Məgər sənin sirrini qıfıllarmı özgələr?
 
Nəfəsi nəfəsindən ən yaxın dost istəsən,
Onu kənarda gəzmə, öz qəlbindən istə sən.
 
Dostunun dost zatını sınaqdan keçirmədən,
Gizli gövhərlərini qarşısına tökmə sən.
 
Dilini saxlayanlar nə dolaşır, nə çaşır,
Hürmək yalnız qudurğan köpəklərə yaraşır.
 
Tez kəsilər uzun dil, unutma bircə an da:
Dil ağızda gözəldir, qılınc isə qınında.
 
Rahatlığın rəhnidir bu öyüdün mənası:
Dilin ucundan gəlir canın – başın bəlası.
 
İstəsən ah çəkməsin qanlı ləyəndə başın,
Dilini dişinlə kəs, sirri açmaqdan daşın!
 
Dilin şəkər də saçsa, dodaqlarını açma,
Bil ki, divar dalında dinləyən var, danışma!
 
Eyibləri görürkən sən gərək lal olasan.
Bir az ağır eşitmək, susmaq vaxtıdır, inan!
 
Yazarkən, qələmini qıs, cilovla bir qədər,
Bil ki, hər kəlmən üçün hesab istəyəcəklər.
 
Uzaqgörən kişilər heç vaxt həddini aşmaz,
Gecə gördüklərini gündüz kimsəyə açmaz.
 
Bu ulduzlu qübbənin heyranıyam, düzü, mən:
Xəbərçilik edibmi heç gündüzə gecədən?
 
Sən də bir az pərdəli qalmaq istəsən əgər,
Gecə gördüklərini açıb demə gündüzlər.
 
Ən gözəl natiqliyin adı sükutdur bu gün,
Sükut ilə yürümək – sənin zəfər yürüşün.
 
Hər kəsin qapısında sülənmə səba kimi,
Hər çör – çöpün dalınca yürümə hava kimi.
 
Gördüklərin kölgədir, sənsə nur ol, çıraq ol!
Hər şey sənin olsa da, sən hər şeydən uzaq ol!
 
Dünyada hər yaxşını, yamanı tanıyanlar
Sənin yaxşını seçər, yamanını yamanlar.
 
Kim bu yoldan keçirsə, qoyur bir iz, bir nişan,
Pislik edən qansın ki, çıxa bilməz aradan.
 
Fikirləş, bu dünyada üzüqara, ya ağsan?
Burdan apardığınla orda tanınacaqsan.
 
Saxtakarlıq etmə ki, məhşərdə yanmayasan,
Öz nəfsindən, Tanrından heç vaxt utanmayasan.
 
Cəhd et, verdiyin sözü yetirəsən yerinə,
Çalışma nəfsin üçün, çalış Tanrı xeyrinə.
 
Sərraf gözlü bir insan görərsə hünərini,
Əzizləyər, gözünün üstündə saxlar səni.
 
Yalnız hünər gücünə paka çıxıb bu torpaq,
Heyhat, bu gün dünyada yox hünərdən səs – soraq.
 
Hünərli, baş qaldırıb, açarsa geniş meydan,
Hünərsiz çalışar ki, bassın onun başından.
 
Zaman cana doydurub, hünərlini məhv edər,
O qədər dağ basar ki, hünərdən bezər hünər.
 
Riyazət hünərini bir tamaşa zənn elər
Ərənlər barəsində qara fikrə düşənlər.
 
Səxavətli mərdlərə israfçı deyir onlar, –
Sədaqəti, vəfanımüftə qulluq sayanlar.
 
Səxavət onlar üçün yalnız rişxənd qaynağı,
Müdrik söz, qüdrətli söz – qurumuş sel yatağı.
 
Bal göbəkli əncirtək sözlər verən alimi
Görüb üz turşudarlar sirkə içibmiş kimi.
 
Fəziləti, hünəri görən bir göz qalmadı,
Qüsur, eyb axtaranlar hey artdı, azalmadı.
 
Dənizdə inci tək – tək, çör – çöp qədərsizdi, bil,
Insan övladı üçün bir hünər də az deyil.
 
Biliklə dolmusansa, sükut edən bir dağ ol,
Təpədən dırnağacan diqqət kəsil, qulaq ol!
 
Xoruz banlar, sanar ki, odur açan səhəri,
Onun bu əhvalına yalnız gülər dan yeri.
 
Fələk görür işini daim dinməz – söyləməz,
Çəmbərindən başını heç kəs qurtara bilməz.
 
Burda ədəbdən kənar bircə söz belə tapsan,
Poz, əlinlə rədd elə, olsun qeyzinə qurban.
 
Dinə, elmə biganə söz tapılsa, qəzəblə
Qələm çək üzərindən, o söz mən olsam belə.

                                                     SON
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?