İSLAMA XİDMƏT
   
 
  2. Hz. Əlinin (ə) hikmətli nəsihətləri və kəlamları - 2
“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)
 
BÖYÜK USTADLARDAN HİKMƏTLİ NƏSİHƏTLƏR SERİYASI – 2 (01.06.2008)
 
 
HİKMƏTLİ NƏSİHƏTLƏR
 
“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)
 
 
HƏZRƏT ƏLİNİN (Ə) HİKMƏTLİ NƏSİHƏTLƏRİ VƏ KƏLAMLARI – 2
“Mən möminlərin əmiriyəm, onlar məni eşidirlər;
mal – dövlət isə yaramazların əmiridir; onlar da onu eşidirlər.”
 
“Ey insanlar, mənim haqqımda ixtilafa düşməyiniz sizi günaha batırmasın; mənə qarşı üsyana qalxışmağınız sizi pərişan etməsin; məndən eşitdiyiniz sözlərə görə bir – birinizin üzünə baxmayın: toxumu torpaq altında Bitirənə, insanları Yaradana and olsun, sizə söylədiyim sözlər ümmi Peyğəmbərdən (s) eşitdiklərimdir; onları deyən yalan söyləməmişdir; (onu) eşidən də cəhalətə düşməmişdir.”
 
 
HƏZRƏT ƏLİNİN (Ə) HİKMƏTLİ NƏSİHƏTLƏRİ VƏ KƏLAMLARI
59. Ey Allah bəndələri, həqiqətən də özünə ən çox öyüd verən Rəbbinə ən çox itaət edəndir. Özünü ən çox aldadan Rəbbinə ən çox üsyan edəndir. Aldanan özünü aldadır. Dinini qoruyan isə qibtə ediləcək adamlardır. Xoşbəxt o kəsdir ki, başqasını görüb ibrət alır. Pis o şəxsdir ki, istəyinə uyub özünü aldadır. Bilin ki, azacıq riya müşriklikdir, həvavü həvəs əhli ilə həmdəmlik imanı unutmaqdır, Şeytana uymaqdır. Yalandan uzaqlaşın, yalan imanın ziddidir. Doğruçu adam qurtuluş məqamındadır, yalançı isə müşriklərin düşəcəyi yerdədir. Bir – birinizə həsəd aparmayın, çünki həsəd atəş odunu necə silib süpürərsə, imanı da eləcə silib süpürər. Bir – birinizə nifrət etməyin, çünki nifrət yaxşılıqları yox edər, bərəkəti çəkər.
60. Ey insanlar, kim qardaşının dinində bir sağlamlıq, tutduğu yolda bir gerçəklik olduğunu bilirsə və onu təmiz bir dindar kimi tanımışsa, başqalarının onun haqqında söylədiyi pis sözlərə gərək əhəmiyyət verməsin. Çünki ox atan atar, lakin hədəfə dəyməz. Söz də bəzən yanlış olar və səni həqiqətdən uzaqlaşdırar. O sözün batilliyi yox olub gedər, lakin Allahın yadından çıxmaz. Haqq ilə batilin arasında dördcə barmaq məsafə var. (Burada Hz. Əli (ə) haqq ilə batilin məsafəsini gözlə qulaq arasındakı məsafəylə müqayisə edir.)
61. Xeyir və ehsanı layiq olmayana verənin o xeyirdən, o ehsandan nəsibi (qisməti) ancaq nakəslərin mədhiyyəsindən, yaramazların sevgisindən ibarətdir. Onlara ehsan edən əliaçıq sayılmaz və həmin ehsan Allah qulluğunda qəbul olunmaz.
62. Ey insanlar, kimin nəsihət qəbul etmək istəyi varsa Allah ona uğur vermişdir. Belə adam doğru yoldadır.
63. Ağıllı adamlar işin əvvəlini və sonunu görür, yaxşını pisdən ayırır.
64. Sizi doğru yola dəvət edənlərə qulaq asın.
65. Yer üzündə səbr edin. Mənasız sözlərə uyub əlinizi qılınca atmayın. Allahın, Peyğəmbərin, Əhli – Beytinin haqqını tanıyan bir şəxs öz yatağında ölsə belə, şəhid qismindədir.
66. Həqiqətən mən o dəstədənəm ki, Allah yolunda onlar heç bir qınağa baxmazlar. Üzləri doğruçuların üzüdür, sözləri xeyirli adamların sözləridir. Gecəni ibadətlə keçirib, gündüzü hidayətlə başa vururlar. Onlar Quran ipinə yapışmışlar. Allahın buyurduqlarını, Rəsulunun (s) göstərişlərini yerinə yetirərlər. Nə lovğalanmaq bilərlər, nə də təkəbbür. Xəyanət etməz, pozğunçuluq törətməzlər. Qəlbləri Cənnətlərdədir, bədənləri qulluqda.
67. Çəkinənlərə gəldikdə: Onlar fəzilət sahibidirlər. Onların sözləri doğru, paltarları ortababdır – nə çox bər – bəzəkli, nə də çox sadədir. Yerişlərində ürək açıqlığı var. Allahın onlara haram etdiyi şeylərə göz yumarlar. Onlara fayda verəcək biliyə qulaq verərlər. Bunlara uymayanların ürəkləri nemətə çatarkən necə rahat olursa, bunların da ürəkləri bəla və möhnət içində beləcə rahatlıq tapır. Allah Öz bəndələrinin əcəllərini təqdir etməsəydi, ölüm saatını təyin etməsəydi, onların ruhları savab həvəsi, əzab rorxusu ilə bir göz qırpımınca belə bədənlərində qərar tutmazdı. Onların gözündə Yaradan uludur, Ondan başqası kiçik. Sanki Cənnəti görməkdə, orada əzaba düşməkdədirlər. Qəlbləri məhzundur, heç kimə pislik etməzlər. Həsədləri o qədər zəifdir ki, sanki yoxdur. Arzuları əhəmiyyətsiz, nəfsləri tərtəmizdir. Tez ötüb gedən günlərdə səbr etmişlər, dalınca sürəkli bir rahatlıq və sakitlik gəlir. O zaman Rəbləri faydalı alış – verişi onlar üçün asan etmişdir. Dünya onları istər, onlarsa dünyanı istəməzlər. Dünya onları dustaq etmişdir, fəqət onlar canlarını fidyə verib ondan qurtulmuşlar. Gecə düşən kimi ayağa durarlar, dəstə qurarlar, ibadətə başlarlar. Quran ayələrini hərf – hərf, ağır - ağır oxuyarlar, mənasını anlayaraq oxuyarlar. Beləcə özlərini qəm – qüssəyə atarlar, dərdlərinin dərmanını Quranda axtararlar, Quranda taparlar. Təşviqə, savaba, mükafata aid bir Quran ayəsi oxuduqda o savabı əldə etməyi umarlar. Canü dildən ona könül bağlayarlar, sanarlar ki, o mükafat gəlib gözlərinin önündə durmuşdur. Qorxuducu bir ayə oxuduqda ona qulaq verərlər, sanarlar ki, Cəhənnəm alovu ucalarkən çəkdiyi zəbanə qulaqlarına gəlməkdədir, onu eşitməkdədirlər. Rüku etməkdən ikiqat olmuşlar. Alınlarını, əllərini, dizlərini, ayaq barmaqlarını yerlərə döşəmişlər, səcdəyə qapanmışlar. Əzabdan, zəncirlərə vurulmaqdan qurtarmaq diləyilə Uca Allaha üz tutmuşlar.
Gündüzlərinə gəldikdə: Mülayim xasiyyətli, bilikli, yaxşı adamlardır. Qorxu onları, oxçunun yonduğu ox kimi incəltmişdir, zəiflətmişdir. Onları görən xəstə hesab etsə də, xəstəlikləri yoxdur. Onlara baxan ağılları itirmiş sayar, halbuki ağıllarında ancaq o böyük zaman – axirət vardır. Az ibadətə razı olmazlar, qulluqlarını kifayət saymazlar, amma həddindən artıq ibadət də etməzlər. Özlərini günahkar kimi apararlar, əməllərindən qorxarlar. Birisi onlardan birini yüksək görər, təmiz sayarsa, söylənən sözdən qorxub deyər ki, mən özümü başqalarından yaxşı tanıyıram, Rəbbimsə məni məndən də yaxşı tanıyır. Deyilən sözlərə görə məni günahkar sayma, Allahım, məni onların zənnlərindən üstün et. Onların bilmədikləri günahlarımı da bağışla.
Onlardan hər birinin bu əlamətləri var: Onları dində güclü, mülayimlikdə, qulluqda ehtiyatlı, imanda şübhəsiz, elmə həris, bilikdə nümunə, varlılıqda ortabab, ibadətdə səmimi və Rəbbi qarşısında müti, yoxluqda bəzənmiş, çətin zamanda davamlı, halal ruzi əldə etməkdə mübariz, hidayətdə nəşəli, tamahdan qurtulmuş, gözəl və təmiz işlərlə məşğul, fəqət Allahdan da həmişə qorxan görərsən.
Gündüz axşama kimi, düşüncəsi şükrdür. Gecə səhərə kimi çalışdığı zikrdir. Qorxuyla gecələyər, nəşəylə səhər açar. Qəflətə düşməkdən çəkinərək qorxar, lütfə, ehsana çataraq nəşələnər. Nəfsi onu istədiyi bir şeyə zorla yönəltsə, o da nəfsinə zor gələr, sevdiyini verməz ona. Gözü zavalsız nemətdədir. zahidliyi – davam etməyəcək, yox olub tükənəcəyi şeydəndir, helmini elmlə qarışdırmışdır. Sözünü əməllə birləşdirmişdir. Görərsən ki, umduğu yaxındır, uzaq deyil, azdığı azdır, çox deyil. Nəfsi əldə etdiyi ilə kifayətlənər, hərislik etməz, yediyi az bir şeydir, çox tələb etməz. Işi asandır, dini qorunmuşdur, şəhvəti ölmüşdür, qəzəbi sönmüşdür. Ondan xeyir umarlar, şərindən arxayın olarlar.
Qafillər içində zikr edən sayılar, zikr edənlər arasında qafil sayılmaz. Ona zülm edəni bağışlar, ona heç nə verməyənə bir şey verər, onu yoluxmayanı yoluxar. Yaman söz ondan uzaqdır, danışmağı yumşaqdır. Qınanılan işi yoxdur, yaxşı işləri isə çoxdur. Xeyri ona tərəf gəlir, şəri isə dönüb getməkdədir. Sarsıntılara qarşı təmkinlidir, xoşa gəlməz işlərə səbr edər, rahatlığa şükr edər.
Ona düşmən olana zülm etməz, zülm etmədiyinə təəssüflənməz. Onu sevən də günaha batmaz. Şahidliyi tələb olunmadan doğrunu söylər, ona veriləni, tapşırılanı itirməz. Ona etibar ediləni unutmaz. Adamları ayama ilə çağırmaz, qonşusuna ziyan verməz. Müsibətə düşənə sevinməz. Batilə boyun əyməz, batil işə qol qoymaz, haqqdan ayrılmaz. Susarsa, sükutu onu qayğılandırmaz, gülərsə, səsini ucaltmaz. Ona zülm edilərsə, dözər, axırda onun qisasını Allah alar.
Nəfsi onun əlindən bezar olmuşdur; fəqət insanlar onun üzündən rahatlıq tapmışdır. Axirət üçün nəfsini yorar, nəfsi sarıdan insanları arxayın edər. Bir adamdan uzaqlaşarsa, bu, zahidliyindən, təmizliyindəndir. Uzaqlaşması qürurdan, böyüklükdən olmaz, yaxınlaşması hiylədən, qurğudan doğmaz.
68. Bunu bilin ki, malı haqqı olmaya vermək, israrda həddi aşmaq deməkdir. Bu isə sahibini dünyada ucaldar, ancaq axirətdə alçaldar. Xalq arasında onu yüksək mövqeyə çıxardar, fəqət Allah dərgahında xar edər. Elə bir adam yoxdur ki, malını ehtiyacı olmayan, layiq olmayan birisinə versin və Allah o malı verən adama qarşı şükrü haram etməsin.
69. Allah rəhmət etsin o kişiyə ki, haqqı görür, ona yardım edir. Cövrü görür, onu rədd edir. Cövr edənə, zülm edənə qarşı da haqqa yardımçı olur.
70. Allahın kitabına sarılın. Saf ip, parlaq işıq, fayda verən şəfa, susuzluğu yatıran su odur. Odur yaşayana təmizlik verən, Odur sarılana qurtuluş ehsan edən. O əyilməz ki, düzəltməyə möhtac olsun. Elə də deyil ki, xalqı yorsun. Çox oxunmaqdan, çox eşidilməkdən köhnəlməz. Ondan danışan doğru söylər, onun göstərişinə əməl edən nicat tapar, irəli gedər.
71. Ey insanlar, mənim haqqımda ixtilafa düşməyiniz sizi günaha batırmasın; mənə qarşı üsyana qalxışmağınız sizi pərişan etməsin; məndən eşitdiyiniz sözlərə görə bir – birinizin üzünə baxmayın: toxumu torpaq altında Bitirənə, insanları Yaradana and olsun, sizə söylədiyim sözlər ümmi Peyğəmbərdən (s) eşitdiklərimdir; onları deyən yalan söyləməmişdir; (onu) eşidən də cəhalətə düşməmişdir.
72. Yaxşı bilin ki, iti görən göz xeyri, işlərin səhmanını görən gözdür. Yaxşı bilin ki, ən yaxşı eşidən qulaq, nəsihət dinləyən, onu qəbul edən qulaqdır.
73. Ey insanlar, işığınızı nəsihət verən, nəsihət eşidən şəxslərin işığından yandırın. Suyu, bulanıq olmayan, arı – duru qaynaqlardan götürün.
74. Bilik əldə etməyə çalışın. Pisləri pisliklərdən çəkindirin; özünüz də pislik etməyin, çünki siz pisləri pisliklərdən çəkindirməyə borclusunuz.
75. Harada o adamlar ki, bizdən ayrı olaraq özlərini bilgidə üstün sayarlar, bizə zülm edərək bu zənnə qapılarlar. Odur ki, Allah bizim dərəcəmizi yüksəldmişdir, onları isə alçaltmışdır; bizə ehsan etmişdir, onlara isə verməmişdir; bizi həriminə almışdır. Onları isə oradan çıxarmışdır. Hidayətə bizimlə qovuşmaq olar, korluq bizimlə aradan qaldırılır. Bilin ki, imamlar Qureyşdəndir; Qureyşdən də Haşim xanədanına verilmişdir; başqaları bu işi səhmana sala bilməz.
76. Sizin söyüşcül adam olmağınızdan xoşlanmıram, bu iş ədəbsizlikdir.
77. Həqiqətən də Allahın hüzurunda ən uca məqam o şəxsindir ki, çətin də olsa haqqın yolunu tuta, batilin fayda verən cəhətlərinə uymayıb, ondan əl çəkə.
78. Tezliklə mənə görə iki bölük həlak olcaq: Biri məni həddən çox sevənlərdir ki, sevgi onları gerçək olmayan inanca sövq edər, o biri mənə nifrət edənlərdir ki, nifrət onları doğru olmayan yola sürüklər. Insanların xeyirliləri mənim haqqımda nə ifrat yaxşı fikirdə olanlardır, nə də mənə kəskin nifrət edənlər. Yaxşılar orta yolu seçənlərdir. Bu yolu seçin; müsəlmanların çoxluğunun inamına sahib olun; çünki Allahın (qüdrət) əli birlikdədir. Ayrılıqdan çəkinin; insanlardan ayrılan Şeytana qul olar; sürüdən ayrılan qoyunun qurda yem olması kimi.
79. Ey insanlar! Mən peyğəmbərlərin öz ümmətlərinə verdiyi nəsihəti verdim sizə; onlardan sonrakı vəsilərin bildirdiklərini bildirdim sizə;
80. Üsyan və zülm, yalan və iftira insanı dünyada da rəzil edər, axirətdə də. Bunlara uğrayanları barmaqla göstərib deyərlər: Din baxımından da, axirət baxımından o ən pis adam budur! Zülm edən, iftira edən adamın eybi tez aşkar olar, nöqsanı söylənər.
81. Heç zaman bir – birinizdən ayrılmayın. Düşərgə salarkən hamınız birdən düşün. Qalxarkən hamınız birdən qalxın. Gecə düşən kimi ətrafınıza mizraqlar düzün. Dərin yuxuya getməyin, çox az yatın. Sudan zərər çəkən adam ağzını suyla necə yaxalayırsa, yuxunuz da o cür olsun.
82. Hər səhər, hər axşam Allahdan qorx, çəkin. Dünyanın səni aldatmasından ehtiyat et. Heç zaman dünyanın hiyləsindən xəbərsiz olma. Bil ki, istədiyin şeylərin çoxundan nəfsini çəkməsən, bu arzular sənə çox ziyan gətirər. Nəfsinə mane ol, onun cilovunu çək. Qəzəblənəndə qəzəbinə hakim ol, ayağının altına salıb əz onu.
83. Quran ipindən yapış, onu özünə öyüdçü bil. Halalını halal, haramını haram hesab et. Keçmişlərə dair Quranda bildirilən həqiqətləri təsdiq et, onlara inan.
Dünyanın keçmişini gələcək üçün ibrət aynası bil. Çünki keçmişlə gələcək bir – birinə çox bənzəyir. Dünyanın sonu əvvəlinə bağlıdır, keçib getmişdir. Qalan zamanın hamısı da keçəcəkdir, olub bitmişdir. Allahın adını uca tut, bu adı haqdan kənarda dilinə gətirmə. Ölümü və ölümdən sonranı tez – tez yada sal. Ancaq axirətə tam hazır olmamış ölüm arzulama. Bir nəfərin tutduğu özünə xoş gələn, amma qalan müsəlmanlarda nifrət oyadan bir işdən uzaq ol. Gizlin edilən, ancaq açıqda xəcalət gətirən işdən çəkin. Sahibinin soruşduqda dayandığı, yaxud üzr istədiyi bir işə yaxın düşmə. Heysiyyətini xalqın məzəmmət oxlarına hədəf etmə. Hər eşitdiyini xalqa söyləmə, çünki bu, yalançılıq əlamətidir. Xalqın hər dediyi sözü rədd etmə, çünki bu, cahillik əlamətidir. Qəzəbini boğ, bacardıqca günahdan keç. Qəzəbləndikdə yumşaq ol, bağışla. Bu sənin aqibətini xeyir edər. Allahın verdiyi nemətlərin qədrini bil, onları xeyir işə sərf et. Allahın sənə ehsan etdiyi nemətlərin birini də itirmə, şükrünü yerinə yetir. Allahın lütf etdiyi nemətlərin əsəri səndə də görünsün. Şükr et ki, nemətlər həmişə gəlsin.
84. Düşüncəsi zəif olan, tutduğu iş başqalarına xoş gəlməyən adamla görüşməkdən çəkin. Çünki insanı görüşüb danışdığı adamla ölçərlər. Yoldaşından ibrət alıb haqqında hökm verərlər.
85. Qorx ki, Rəbbindən qaçarkən, dünyanı arzularkən ölüm gəlib haqlamasın səni. Yamanlıq edənlərlə danışmaqdan, onlarla durub oturmaqdan çəkin. Çünki şər şərə bağlanar. Allahı böyük, uca bil, onu sevənləri sev. Qəzəbdən çəkin, çünki qəzəb – iblisin ordusundan böyük bir hissədir.
86. Əmanətə xor baxan, xəyanətə üz qoyan, özünü və dinini bu pis sifətlərdən təmizləməyənlər bilsin ki, dünyada özünü xarü zəlil etmişdir, rəzil və rusvay olmuşdur. Axirətdə isə daha xarü zəlil, daha rəzil və rusvay olacaq. Xəyanətin ən böyüyü ümmətə xəyanət etmək, hiylənin ən pisi – imama hiylə gəlməkdir, vəssəlam.
87. Xəsis adamla məşvərət etmə, səni üstünlükdən məhrum edər, ehsandan çəkindirər, sənə yoxsulluğu göstərər, səni yoxsulluğa sürüklər. Qorxaqla danışma, işlərində zəifliyə salar, edəcəyin şeydən səni çəkindirər. Həris adamla da danışma, zülmlə mal – dövlət yığmağı sənə gözəl bir şey kimi qələmə verər. Xəsislik, qorxaqlıq, hərislik ayrı – ayrı xasiyyətlər olsa da, Allaha qarşı pis güman yaratmaqda bunların hamısı birləşir.
88. Heç vaxt yaxşılıq edənlə yamanlıq edəni eyni gözdə görmə. Çünki onları eyni tutmaq, yaxşılıq edəni yaxşılıqdan əl götürməyə vadar edər, yamanlıq edəni isə pisliyə alışdırar. Bunlarla layiq olduqları rəftarı et.
89. Allah xatirinə, dinini xalisləşdirən vaciblərə xüsusi diqqət yetir. Gecə - gündüz Allaha yaxınlaşmaq məqsədilə nöqsan etmədən, riyaya düşmədən, necə lazımsa bədən ibadətlərini yerinə yetir. Xalqa namaz qıldırdığın zaman namazı uzadıb onları bezdirmə. Namazı tez qıldır, fəqət ərkanını da pozma, çünki camaatın arasında xəstəsi, işi – gücü olanı var. Rəsulullah (s) məni Yəmənə göndərəndə soruşdum ki, namazı necə qıldırım? Buyurdu ki, onlardan ən zəifi necə qılarsa o cür, möminlərə qarşı mərhəmətli qıldır.
90. Özünü bəyənməkdən, səni təkəbbürə sövq edən şeylərə uyub güvənməkdən, tərifə meyl etməkdən çəkin. Çünki bunlar ehsan sahiblərinin ehsanını yox etmək, əcrlərini məhv eləmək üçün Şeytanın güddüyü fürsətə yol açan şeylərdir.
91. Vaxtı çatmamış bir işi tutmağa tələsmə. Etmək imkanı olduqda isə o işdə laqeydlik göstərmə. Doğruluğu sənə bəlli olmayan işə girişmə, amma doğruluğu açıq – aydın bəlli olan işdə də başısoyuqluq etmə. Hər işi yerində gör, hər işi yerində tut.
92. Düşməninə qarşı çıx, tədbirlə hərəkət et, səninlə döyüşənlə vuruşmaqda çevik ol. Onları Rəbbinin yoluna çağır, Allahdan çox – çox yardım istə. Allahın izniylə dar günündə bu yardım sənə çatar. Başına gələn işlərdə də sənə yardım edər.
 
 
Bu yazılar Hz. Əli ibni Əbu Talibin (ə) “Nəhcul – Bəlağə” adlı əsərindən götürülərək hazırlanmışdır.
“Nəhcul – Bəlağə”, “Nafta – Press” nəşriyyatı, Bakı – 2003
                                                        
                 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?