İSLAMA XİDMƏT
   
 
  2. Sədi Şirazidən hikmətli nəsihətlər - 1

SƏDİ ŞİRAZİ – NİN NƏSİHƏTLƏRİ – 1

(1184 – 1291)
 
 (“Bustan” əsərindən)
 
Düz yol istəyirsən ədalətli ol.
Xalqına, elinə sədaqətli ol.
 
İnsanı yaşadan budur doğrusu:
Yaxşılıq ümidi, pislik qorxusu.
 
Bu iki nöqtəni bilsə hökmran,
Ölkəsində hamı yaşayar asan.
 
Yoxsulu düşünsə ölkənin şahı,
Tanrı yer üzündə olar pənahı.
 
İstəyir ki, mülkü qalmasın viran,
Şah gərək zalıma verməsin aman.
 
Xalqı düşünməsə əgər hökmdar,
Sanma ki, mülkündə xoşbəxtlik olar.
 
Rəiyyət incisə hökmranından,
Məmləkətdə bolluq olmaz heç zaman.
 
Gərək rəiyyəti qorxmasın şahdan,
Şah gərək çəkinsin böyük Allahdan.
 
Xalqının işini eyləsən bərbad,
Ölkəni yuxunda görərsən abad.
 
Zülmdür ölkəni dağıdan, yıxan:
Böyüklər bu sözü unutmaz bir an:
 
Gərək rəiyyəti incitməsin şah,
Çünki rəiyyətdir ölkəyə pənah.
 
Kəndlinin, muzdurun işi, zəhməti,
Verib hökmdara bunca dövləti.
 
Sənə ömür boyu yaxşılıq edən
İnsafmı yamanlıq görsün əlindən?!
 
Boyun qaçırmasan sən haqdan əgər,
Çəkinməz hökmündən sənin vəhşilər.
 
Bir hakim Tanrının olsa hökmündə.
Qoruyar haqq onu ən ağır gündə.
 
Haqq sevərsə əgər saxlayar səni,
Üstünə gəlməyə qoymaz düşməni.
 
Həqiqət yolundan dönməsə hər kəs
Çatar arzusuna, diləyi sönməz.
 
Sədinin dediyi bu doğru sözlər
Sənə fayda verər, dinləsən əgər.
 
Xalqı incidəndə azğın hökmdar,
Kəsir öz kökünü demək o qəddar.
 
Qılınclar, nizələr yıxmayan şahı,
Yıxar bir qarının yanıqlı ahı.
 
Soruşsan Dünyada kimdir bəxtiyar,
Deyərəm: insaflı, adil hökmdar.
 
Çatsa adil şaha ölüm növbəti,
Yağar məzarına xalqın rəhməti.
 
Yaxşı da, yaman da keçər dünyada,
Çalış yaxşılıqla düşəsən yada.
 
Əgər hakimlərin olsa haqsevən,
Ölkəni daima abad görərsən.
 
Sənə də düşməndir eli incidən,
Xalqa zərər verib, xeyrini güdən.
 
O hakimlərdə ki yoxdur ədalət,
Xətadır onlarda olsa rəyasət.
 
Xəzinə toplamaq bəhanəsilə
Onlar min əziyyət çəkdirir elə.
 
Olmasa padişah haqq tərəfdarı,
Bir gün ellər yıxar o hökmdarı.
 
Qalmaz həmişəlik zalım hökumət,
Qalar ancaq ona əbədi lənət.
 
Yaxşılar yamanlıq görərmi eldən?
Yamanlıq eyləsən, öz düşməninsən.
 
Düşmənə mükafat verməyib, gərək
Kökünü kəsəsən onun ağac tək.
 
Quduz canavara rəhmin gəlməsin,
Vaxtında məhv elə, o yekəlməsin.
 
Xalqın sürüsünə daraşmadan qurd,
Kəs onun başını, dağılmasın yurd.
 
Quldurlar soyanda bir sövdəgəri,
Nə gözəl deyibdir o bu sözləri:
 
Mərdlik gözlənilməz quldur, qaçaqdan,
Kişilik uzaqdır namərd alçaqdan.
 
Soysa tacirləri əgər hökmdar,
Ölkəsi, ordusu xeyirsiz qalar.
 
Ağıllı yamanlıq görsə bir yerdə,
Getməz o ölkəyə ömründə bir də.
 
Olsa müsafirə əgər hörmətin,
Gəzər yad ellərdə sözün – söhbətin.
 
Çalış acizləri etmə müztərib,
Səndən inciməsin əsla bir qərib.
 
Olsan səyyahlara əgər aşina,
Səyyah yaxşı adı yayar hər yana.
 
Yadlara hörmət et, ayıq ol ancaq,
Səni aldatmasın hər yetən alçaq.
 
Üzdə dost göstərir özünü düşmən,
Gərək yabançıdan sən çəkinəsən.
 
Bilsən əcdadının qədrini uca,
Adın ləkələnməz dünya durduqca.
 
Nə qədər ki, vardır əlində qüdrət,
Kərəm sahibi ol, göstər mərhəmət.
 
Onu bil ki, görsən əgər yüz adam,
Axtarsan, bircəsi olar düz adam.
 
Qoysan iki dostu bir yerdə işə,
Səbəbdir səninçin böyük təşvişə.
 
Verib iki yoldaş möhkəm əl - ələ,
Oğurluq edərlər səndən kələklə.
 
O zaman ki qorxdu oğru oğrudan,
Qorxusuz, xətərsiz gedər karivan.
 
Sən bir ümüdsizə eyləsən imdad,
Yaxşıdır min qulu etməkdən azad.
 
Bədxahın sözüylə qalxma yerindən,
Hər işi əvvəlcə öyrən dərindən.
 
Səndən üzr istəsə əgər təqsirkar,
Bağışla suçunu, olma çox qəddar.
 
Biri eyləmişsə kiçik bir günah,
Öldürmə istəsə o səndən pənah.
 
İlk günah edənə eylə nəsihət.
İkincidə həbs et, ver çox əziyyət.
 
Gördün ki, nəsihət, həbs etmir əsər,
Sındır ağac kimi onu yerə sər.
 
Yaxşı düşün, xəta çıxmasın səndən,
Calanmaz ayırsan başı bədəndən.
 
Sınar asanlıqla ləli – bədəxşan,
Sınığı yamanmaz lakin heç zaman.
 
Sınaqsız iş görsə bir insan əgər,
Çəkər nəticədə, şübhəsiz, zərər.
 
Bir hökmü fikirlə yazmasa qazı,
Şikayətçi ondan qalarmı razı?
 
İnsanı sınaqdan çıxarır əyyam,
Gərək təcrübədən çıxsın hər adam.
 
Arpa qədər zərər görməsə paxıl,
Yenə çalışar ki, bitməsin taxıl.
 
Sevənlər eşqini anlatmaz sözlə,
Ürək sözlərini deyər qaş – gözlə.
 
İstəsən ki, qədrin daim ucalsın,
Qoyma ayüzlülər qəlbini çalsın.
 
Sevgidən həzər et, ziyan görərsən!
Eşqin axırını yaman görərsən!
 
Necə sakit sular axmaqdan doymaz,
Göz də gözəl görsə baxmaqdan doymaz.
 
Hökmdardan razı olmasa ordu,
Heç zaman ürəklə qorumaz yurdu.
 
Kim ki incitməyib acizi heç vaxt,
Yaşayar dünyada daima xoşbaxt.
 
Dərdli bir xəstənin yanında heç kəs
Oturub ləzzətlə kef edə bilməz.
 
Yanımda ac, yoxsul görsəm mən əgər,
Yediyim tikəni sanaram zəhər.
 
Bir dostu düşübsə əgər zindana,
Kef ləzzət verərmi bağda insana?
 
Uyma gəl qəflətə qoca dünyada,
Ölən insanları sən gətir yada.
 
Mərdlər quyu qazar susuzlar içsin,
Namərd quyu qazar adamlar düşsün.
 
Yamanlıq eyləyən yaxşılıq görməz,
Söyüd ağacları üzüm bar verməz.
 
Xalqa bu dünyanı etmə qaranlıq,
Bir yaxşılıq qalar, bir də yamanlıq.
 
Payız zamanında sən arpa əksən,
Sanma biçin vaxtı sən buğda biçərsən.
 
Zəqqum ağacını canla bəsləsən,
İnanma ki, ondan meyvə dərərsən.
 
Bitməz xərzəhrədən heç zaman xurma,
İnsan əkdiyini biçər daima.
 
Gücsüz uşaqları incitmə, bala,
Sən də bir güclüdən çəkərsən bəla.
 
Olsan xalqa ziyan verən canavar,
Gün gələr səni də pələng parçalar.
 
Düşməndən öyrənər eybini insan,
Çünki dost gözündə görülməz nöqsan.
 
Səni tərifləyən yaxşı dost deyil,
Dost odur ki desin: öz eybini bil.
 
Xəstəyə qənd vermək xoş deyil, inan,
Xəstə fayda görər acı dərmandan.
 
Bir qaşqabaqlının dediyi sözlər
Dost sözündən artıq eyləyər əsər.
 
Yolunun üstündə bilsə quyu var,
Gərək desin sənə həqiqi dostlar.
 
Yol azmışa yolun düzdür söyləsən,
Sən ona çox böyük pislik edərsən.
 
Eybini üzünə söyləməsələr,
O eybi sanarsan böyük bir hünər.
 
Hər kimin layiqi acı zəhərdir,
Deməyin layiqin baldır, şəkərdir.
 
Bunu yaxşı deyib bir dərman satan,
Sağalmaq istəsən iç acı dərman!
 
Əgər istəyirsən faydalı şərbət,
Gəl eşit Sədidən acı nəsihət.
 
Çünki hər sözündə mərifət vardır,
Şəkərə qatılmış ibarət vardır.
 
Çalış bu dünyada qazan yaxşı ad
Ki, səni nifrətlə etməsinlər yad.
 
Kim qoysa dünyada bir çirkin adət,
Xalq ona yağdırar daima lənət.
 
Güclünün başı da çatsa göylərə,
Axırda girəcək bir qarış yerə.
 
İçsən ürək qanı, yesən də şəkər,
Qara yer ağzını çürüdüb tökər.
 
Qəm yeyib şikayət etmə cahandan,
Bizsiz də keçəcək bu qoca dövran.
 
İstər yük daşısın başında insan,
İstər bu dünyya olsun hökmran.
 
Çıxarar başından hər şeyi torpaq,
Dünyada bir gözəl ad qalar ancaq.
 
Qoy bunu düşünsün, bilsin hər xoşbəxt,
Səxavət qalacaq, deyil tacü təxt.
 
Aldatmasın səni bu cahu cəlal,
Sənin də ömrünə gələcək zaval.
 
Haqqı düşünməli varlılar hər an,
Necə olsa keçib gedəcək dövran.
 
İstəsən ki, xarab olmasın ölkən,
Həqiqət, ədalət ara daim sən.
 
Bir gün öləcəksən, saç dünyaya zər,
Sədi sözlərilə saçmışdır gövhər.
 
Çalış düşməninlə girişmə hərbə,
Tədbirlə vur ona sən ağır zərbə.
 
Yağıya çatmasa gücün, qüvvətin,
Fitnəni saxlayar zərin, nemətin.
 
Düşmən güclü olsa, özünü saxla,
Səxavətlə onun ağzını bağla.
 
Qüvvətli yağıya versən əgər zər,
Onun iti dişi dərhal kütləşər.
 
Düşmənin bağlayıb gərək dilini
Tədbirlə çalasan zəfər təblini.
 
Düşmənlə dost kimi eyləyib ülfət,
Onun dərisini soy tapsan fürsət.
 
Rüstəm tədbir gördü hərbə girəndə,
Nər İsfəndiyarı saldı kəməndə.
 
Kiçik ordulardan eylə çox həzər,
Kiçik damlalardan yaranır sellər.
 
Sanma ki, qaşını çatmaq yaxşıdır.
Düşməni dost olsa mərdin naxşıdır.
 
Kimin ki, düşməni dostundan çoxdur,
Demək olar, onun arxası yoxdur.
 
Böyük ordulara qarşı durursan,
Elə bil neştərə yumruq vurursan.
 
Meydanda gücsüzlə vuruşsan əgər,
İgidlər adına namərd deyərlər.
 
Tutaq ki, var səndə şir kimi pəncə,
Davadan sülh daha yaxşıdır məncə.
 
Gördün ki, kar etmir düşmənə hiylə,
Onda qılınc olsun gərək vəsilə.
 
Yağı sülh istəsə, girişmə hərbə,
Döyüş istəyəndə, vur ona zərbə.
 
Düşmənin önündə duranda mətin,
Birə - min görünər sənin qüdrətin.
 
Döyüşlə intiqam al yağılardan,
Xətadır kinliyə olmaq mehriban.
 
Mehribanlıq etsən qudurar alçaq,
Kibri, azğınlığı çoxalar ancaq.
 
Gördün ki, azğınlıq eyləyir yağı.
Mərdlərlə vur ona sən də göz dağı.
 
Xoşluqla iş keçən zamanlar fəqət,
Kin, qəzəb göstərib işlətmə qüvvət.
 
Qapıdan əcz ilə girəndə düşmən,
Kini, küdurəti çıxar qəlbindən.
 
Kərəmli olmağı sən peşə eylə.
Lakin hiylələrdən əndişə eylə.
 
Yaxşı tədbir tökər ağıllı qoca.
Çünki təcrübəsi çoxdur olduqca.
 
Cavanlar qılıncla yıxar düşməni,
Qocalar tədbirlə sıxar düşməni.
 
Qoca tülkü kimi işlətsə hiylə,
Fil yıxan cavanlar aldanar dilə.
 
Ordunun qəlbində durmasan əgər,
Anlaya bilməzsən kimdədir zəfər.
 
Gördün ordun sənə çevirib arxa,
Tək vuruşma səni düşmənin yıxa.
 
Əsgərin min olsa düşmənin iki yüz,
Gecə yağılarla gəlmə üzbəüz.
 
Beş atlı çıxanda gecə kənardan,
Beş yüzlük əsgəri məhv edər, inan.
 
Düşmənin yolunu kəsəndə gecə,
Yoxla ətrafını incədən incə.
 
Düşmən ordusundan sən uzaqda dur,
Çadırı bir günlük yol üstündə qur.
 
Əfrasiyab kimi olsa da əgər,
Vur azğın düşməni, sarsıt, yerə sər.
 
O zaman ki hədsiz özünü yordu,
Meydanda dayanmaz, basılar ordu.
 
Yorsa nadanlıqla özünü düşmən,
O yorğun orduya hücum eylə sən.
 
Düşmənin basıldı, qaldır bayrağı,
Sənə təslim olsun əzilmiş yağı.
 
Qaçan yağıları əgər çox qovsan,
Sən uzaq düşərsən ordugahından.
 
Gördün ki, sarmışdır göyü toz, bulut,
Əlində qılıncı daha möhkəm tut.
 
Qarət arxasınca getsə ordular,
Meydanda arxasız qalar hökmdar.
 
Zəfər istəyirsən, davadan qabaq
Ordunu sən qoru, ona yaxşı bax.
 
Orduda ərlərin sayını artır,
İgidin haqqını, sayını artır.
 
Yaxşılıq görəndə çəkinməz ərlər
Ölümdən, göstərər meydanda hünər.
 
Nə qədər ki, düşmən çalmayıb təbil,
Ərlərin əlini öpüb qədir bil.
 
Sülh vaxtı orduya baxsa şəhriyar,
Hərb zamanı ordu ölkəni saxlar.
 
Azğın rəislərə tapşırma yurdu,
Qoy gözətçi olsun ölkəyə ordu.
 
Doydursa ordunu nazü nemətin,
Çatar yağılara gücün, qüvvətin.
 
Ordu yarpaq yesə əgər acından,
Hərb vaxtı yolunda keçərmi candan?
 
Öz qan bahasını yeyirsə əsgər,
Çətinlik çəkməyi insafdı məgər?
 
Orduya verməsə qızıl padşah,
Ordu hərb zamanı götürməz silah.
 
Əgər bir əsgəri sıxsa ruzigar,
Döyüş meydanında sıradan çıxar.
 
Düşmənlə vuruşa igidlər göndər,
Şirin qabağında dura bilər nər.
 
Dünya görmüşlərə artır hörməti,
Onların rəyinin çoxdur qiyməti.
 
Qılınc vuran igid gənclərdən qorxma,
Qocanın fəndindən sən qorun amma.
 
Çox isti – soyuqdan çıxıbdır qoca,
Olur ağlı, fikri göylərtək uca.
 
Ağılı, kamalı olan bir cavan,
Qocanın sözündən çıxmaz heç zaman.
 
Təcrübəsizlərə böyük iş versən,
Sanma ki, ölkəni abad görərsən.
 
Ordunu ordular yıxana tapşır,
Döyüşlərdə qalib çıxana tapşır.
 
Kiçiyə böyük iş vermə, hökmran,
Yumruqla sınarmı bir dəmir zindan?!
 
Rəiyyətə baxmaq, orduya baxmaq,
Deyildir sadə iş, oyun – oyuncaq.
 
İstəsən ki, yaxşı keçsin ruzigar,
Qoyma iş başına cavan adamlar.
 
Ov iti bir anda cumar pələngə,
Gənc aslan tülküylə girişməz cəngə.
 
Oğlunu yanında bəsləsə hər kəs,
Övladı hərb vaxtı döyüşə bilməz.
 
Bərkdən – boşdan çıxıb güləşən ərlər,
Döyüşdə göstərər böyük hünərlər.
 
Naz – nemət içində bəslənən insan
Qorxar hərb zamanı görəndə meydan.
 
Kim qalxsa köməklə əgər yəhərə,
Onu bir uşaq da endirər yerə.
 
Ordudan qaçırsa əgər bir nəfər,
Vur onu düşməndən qabaq yerə sər.
 
Kim qaçsa arvadtək hərb meydanından,
Döyüşkən müxənnəs yaxşıdır ondan.
 
Nə xoş söyləyibdir oğluna Gorgin:
Elə ki düşmənlə davaya girdin,
 
Qaçma qadın kimi hərb meydanından.
Kişi ol döyüşdə, qorxma canından.
 
Hərb vaxtı döyüşdən qaçan bir əsgər,
Bütün igidləri bədnam eyləyər.
 
Vuruş meydanına girməsə əgər,
Bilinməz dostlarda sədaqət, hünər.
 
Keçib bir – birinin yolunda candan,
Dostlar dava vaxtı çıxar sınaqdan.
 
Əgər qardaşını tutubsa düşmən,
Sinəni onlara gərməlisən sən.
 
Didsə bir – birini iki canavar,
Rahat nəfəs alar çöldə qoyunlar.
 
Düşmən düşməninlə vuruşanda, sən
Dostlarla oturub kef eyləyərsən.
 
Davada düşmənlə vuruşan zaman,
Gərək sülhə gizlin hazırlaşasan.
 
Ölkələr fəth edən şahlar həmişə
Sülhü qorumağı etmişlər peşə.
 
Qəlbini əlinə alsan, igidlər
Qarşında diz çöküb səcdə edərlər.
 
Ordu başçısını ələ gətirsən,
Onu öldürməyə çox tələsmə sən.
 
Öldürsən, adına toxunar ləkə,
Bəlkə də başına gələr təhlükə.
 
Yaralı əsiri məhv etsən əgər,
Bir də əsir düşməz orduna əsgər.
 
Əsiri incidən, öldürən insan,
Bil ki, əsir edər səni də dövran!
 
Kim özü çəkibsə əsirlik, zillət,
Edər əsirlərə mərhəmət, hörmət.
 
Səndən hörmət görsə əsir bir sərvər,
Başqa igidlər də sənə baş əyər.
 
On xəfiyyə olsa əlində əgər,
Sənə fayda verər yüz hücum qədər.
 
Gəlib dost göstərsə özünü düşmən,
Qafil olma onun hiylələrindən.
 
O yada saldıqca keçmişi, yenə
Qəlbində bəsləyər ədavət sənə.
 
Xainə inanma, gecə xoş sözlər,
Yəqin et balına qatıbdır zəhər.
 
Dostun döyüş vaxtı etməsə kömək,
Qaçmağı qənimət biləsən gərək.
 
Bir qələm əhlinə eylə çox hörmət,
Bir də igidlərə sən bəslə rəğbət.
 
Bir ağıllı insan, bir də qəhrəman
Adını yüksəldər sənin hər zaman.
 
Kim qılınc ya qələm tuta bilməsə,
Ona heç acıma yıxılıb ölsə.
 
Qələm əhli bəslə, qəhrəman bəslə,
Mütrüb kömək etməz sənə xoş səslə.
 
Düşmənlə davada girəndə cəngə,
Uymasan yaxşıdır mütrübə, çəngə.
 
Oyuna qızışdı neçə hökmdar,
Yurdunu oyuncaq etdi yağılar.
 
Demirəm, düşmənin hərbindən çəkin,
Sülh vaxtı düşmənin şərrindən çəkin.
 
Çoxları gündüzlər sülh deyir, ancaq,
Gecə hazır tutur əlində mizraq.
 
Zireh geyib yatar igidlər gecə,
Yataq qadınlara yaraşar məncə.
 
Çadırın içində döyüşkən qoçaq,
Yatmaz qadın kimi yataqda çılpaq.
 
Gizlincə davaya hazır olmasan,
Düşmən hücum çəkər üstünə pünhan.
 
Bunu yaxşı düşün, unutma ancaq,
Kəşfiyyatçı olur orduya dayaq.
 
İki düşməninin arasında sən,
Ağlın varsa, rahat dura bilməzsən.
 
Açsa iki düşmən bir – birinə raz,
Onların şərrindən canın qurtarmaz.
 
Sən öz düşməninin birini aldat,
O biri düşmənin kökünü qır, at.
 
Gördün ki birisi girişir hərbə,
Tədbir qılıncıyla vur ona zərbə.
 
Düşmən ordusunda olanda üsyan,
Sən öz qılıncını çəkmə qınından.
 
Onun düşməniylə gedib dost olsan,
Ona öz sarayı olacaq zindan.
 
Dost – düşmən bilməsə dünyada hər kəs
Düşmənin şərrindən qurtara bilməz.
 
O kəs ki tanıyır cibkəsənləri,
Cibində qoruyur dürrü, gövhəri.
 
Tutduğun əsiri saxlama əsgər,
Olsun ki, sənə də xəyanət eylər.
 
Doğma ordusunu satan bir alçaq,
Sənə də səmimi bağlanmayacaq.
 
Andına inanıb işi boş tutma,
Ona göz qoymağı əsla unutma.
 
Qeyidsiz buraxsan yeni əsgəri,
Qaçar o, qayıtmaz bir daha geri.
 
Döyüşdə düşmənin yurdunu tutsan,
Qoy orda dustaqlar olsun pasiban.
 
Onlar zalimlərdən intiqam alar,
Sənin düşmənini tutub parçalar.
 
Basdın düşmənini, yıxdın dövləti,
Orda yaxşı saxla sən rəiyyəti.
 
Fürsət tapıb bir də şah girsə hərbə,
Ona rəiyyəti endirər zərbə.
 
Bir şəhər tutdunmu, ehtiyat saxla,
Düşmənin üzünə qapını bağla.
 
Sanma ki, şəhərdən qıraqdır yağı,
Kəsilməz şəhərdən casus ayağı.
 
İşi gör vuruşan zaman tədbirlə,
Daim niyyətini düşməndən gizlə.
 
Hər kəsə sirrini açıb demə, sus,
Çünki var süfrəndə çox zaman casus.
 
Şərqlə girişəndə İsgəndər hərbə,
Hər an ehtiyatla baxarmış qərbə.
 
Söz yaymışdı Bəhmən Zabülüstandan
Soldan gələcəyəm, saldırdı sağdan.
 
Qəsdini bilərsə başqa kəs əgər,
Sənin tədbirinə düşmənin gülər.
 
Kinli olma, göstər səxavət, kərəm,
Olsun fərmanında qoy bütün aləm.
 
Bir iş ki, xoşluqla düzəlir, qəzəb
Ya kin göstərməyə görülməz səbəb.
 
İstəsən qəlbini sarmasın kədər.
Çalış qəmdən azad olsun dərdlilər.
 
Ordunun gücüylə tapmazsan qüvvət,
Get natəvanlardan sən gözlə hümmət.
 
Qolugüclülərin köməyindənsə
Xoşdur zəif sənə dua eyləsə.
 
Dərvişə sığınsan, əmin ol buna,
Sən qalib gələrsən yüz Firuduna.
 
Ağıllı insanla edəndə söhbət,
Çalış, öyrənəsən yaxşı nəsihət.
 
Əgər dərin ağlın, huşun varsa, sən
Sədinin sözünə qiymət verərsən.
 
O çox vaxt danışır belə hallardan,
Bəhs etmir qaş – gözdən, qara xallardan.
 
Əlin açıq olsun, səxavət göstər,
Xərclə, hər yerdə kəramət göstər.
 
Cibini saxlasan əlin boş qalmaz.
Qənaət eyləsən varın azalmaz.
 
Bir anda dostların xərcləyəndə zər,
Dəyər düşmənlərdən sənə çox zərər.
 
Varın olsa, dostlar qapını açar,
Olmasa, yar – yoldaş yanından qaçar.
 
Əlin boş olanda yüz qat əyilsən,
Yenə də heç kəsə gərək deyilsən.
 
Zər olsa cini də tora salarsan,
Divi kor eyləyib, satın alarsan.
 
Zərlə sevər səni bütün gözəllər,
Zərsiz qaçıb səndən kənar gəzərlər.
 
Əliboş ümidin tez çıxar boşa,
Zərlə döndərərsən ağ divi daşa.
 
Varını ovcuna qoysan bir anda,
Çətinlik çəkərsən cib boşalanda.
 
Yoxsullar səyinlə varlanmaz, ancaq
Düşüb yoxsulluğa qalarsan çılpaq.
 
Yaxşı ye, yaxşı gey, yaxşı bağışla,
Səni qarşılasın hamı alqışla.
 
Ağıllı həm yeyər, həm verər yada,
Həsrətlə can verər xəsis dünyada.
 
Qabaqdan qalana dikmə gözünü,
Qazan, comərd göstər daim özünü.
 
Qoy səni doudursun çəkdiyin əmək,
Sənə öz hünərin eyləsin kömək.
 
Yadın çörəyini yeyər müxənnət,
Kişini saxlayar çəkdiyi zəhmət.
 
Demə başqasına yapış əlimdən,
Ey gənc, zəiflərin sən tut əlindən.
 
Hər kəsdən amanlıq görsə yer üzü,
Tanrı verər ona həmişə ruzi.
 
Səxavətli şəxsin olar kamalı,
Xəsis başı boşdur, çoxsa da malı.
 
Yaxşılıqla salsan gücsüzü yada,
Yaxşılıq görərsən sən də dünyada.
 
Dünya görmüşlərin əllərində zər
Bir parça dəyərsiz kəsəyə bənzər.
 
Etsən ailənlə sən yaman rəftar,
Sənin ölümünü istəyər onlar.
 
Damdan da yıxılıb əzilsən əgər,
Çəkməz sənin üçün ailən kədər.
 
Hər xəsis varlı ki qızıl yığandır,
Xəzinə üstündə yatan ilandır.
 
Başında olmasa xəsisin ilan,
Yığdığı illərcə qalmazdı, inan.
 
Əcəlin qılıncı ilanı kəsər,
Özgəyə yetişər o xəzinələr.
 
Yığma qarışqa tək, dünyada kef çək,
Qəbr içində səni qurdlar yeyəcək.
 
Sədinin sözləri bir nəsihətdir,
Onun hər kəlməsi dərin hikmətdir.
 
Yazıq o şəxsə ki, sevmir nəsihət,
Nəsihət sevənlər qazanar sərvət.
 
İlana rast gəlsən axtarma ağac,
Başını daşla əz tapmasın əlac.
 
Qələm əhli bədxah olursa əgər,
Qələm deyil, tutur əlində xəncər.
 
Xoşdur məhəbbətin sevinci, qəmi,
Xoşdur yaraları, xoşdur məlhəmi.
 
Sevənlər istəməz şahlıq, səltənət,
Səbirlə, ümidlə yaşayar fəqət.
 
Eşqin badəsinə kim verib könül,
Acılıq duysa da edib təhəmmül.
 
Aşiqlərə meyin xumarı xoşdur.
Gülzarın həm gülü, həm xarı xoşdur.
 
Dost yolunda səbir sanma zəhərdir,
Dostun zəhəri də dosta şəkərdir.
 
Eşqin sərxoşunu qorxutmaz kədər,
Dəvə məst olanda yaxşı yük çəkər.
 
Aşiqə xoş olur düşsə də bəndə,
Qorxmaz bağlansa da aşiq kəməndə.
 
Sevər tənhalığı eşqin soltanı,
Ona xoş görünər eşqin hər anı.
 
Dirilik suyudur sevgi zülmətdə,
Böyük müəmmalar var məhəbbətdə.
 
Beytulmüqəddəsə bənzəyir aşiq,
Xaraba olsa da saçır nur, işıq.
 
Aşiqlər bənzəməz ipək qurduna,
Yanar pərvanətək eşqin oduna.
 
Aşiqin yanında olsa dilaram
Yanar susuzluqdan qəlb, olmaz aram.
 
Susuzluq aşiqin deyil nisgili,
Sönməz eşq yanğısı axıtsan Nili.
 
Torpaqdan yaranmış incə bir sənəm,
Alır aramını, verir qüssə, qəm.
 
Oyaqlıqda salır fitnələr xalı,
Yuxuda incidir səni xəyalı.
 
Hörmətlə öpürsən ayaqlarından,
Yarsız heç görünər gözündə cahan.
 
Sevgilin edəndə qızıldan həzər,
Sənin nəzərində torpaq olar zər.
 
Canansız qəlbini sənin heç bir kəs
Oxşayıb bir an da ovuda bilməz.
 
Gözündür mənzili sevimli yarın,
Göz yumsan, qəlbində olur dildarın.
 
Aşiqsən, qorxmazsan rusvay olmaqdan,
Cananın yolunda fəda olmaqdan.
 
Canını verərsən istəsə canan,
Çəksə qılıncını, keçərsən başdan.
 
Eşqin binası ki, belə havadır,
Fitnələr saçandır, fərman rəvadır.
 
Həqiqi aşiqlər eşqin bəhrində,
Tufanlar qopsa da, üzər dərində.
 
Aşiqi məst edir eşqin naləsi,
Aşiqçin bir heçdir aləmin səsi.
 
Canan olan yerdə nəyə lazım can,
Cananla xoş olur aşiqə cahan.
 
Təbiblər acizdir eşq əlacından,
Aşiqin dərdinə tapılmaz dərman.
 
Aşiq həqiqətə, haqqa tez qoşar,
Eşqin şərabilə məst olub yaşar.
 
Əzəldəl, Ələstdən bir səs yüksəlir,
Eşqin fəryadıdır hər zaman gəlir.
 
Aşiqə tənhalıq olur daim xoş,
Ayağı torpaqdır, ürəyi atəş.
 
Aşiq nərə çəksə, yerdən qopar dağ,
Naləsindən olar şəhərlər torpaq.
 
Aşiq gah daş kimi eyləyir sükut,
Gah dönür küləyə, gah olur bulud.
 
Səhərlər yaş axır onun gözündən,
Sanki sellər axır gedir üzündən.
 
Eşq yolunda çapır gecə atını,
Məhəbbətdən alır qol – qanadını.
 
Sevəni cəzb edir sevdiyi nigar,
Oxşamaz qəlbini başqa bir dildar.
 
Gecəsi gündüzdür, gündüzü gecə
Məhəbbət odunu sanır əyləncə.
 
Aşiqlər unudur iki dünyanı,
Aşiqin sevdiyi canandır canı.
 
Sevənlər bir candır iki bədəndə,
Yar yolunda yarın varı gedəndə,
 
Özünü düşünüb çəkməz qəm, kədər.
Eşqini düşünər sevimli dilbər.
 
Sevənlər eşqdə olur pəri tək,
Lakin vəhşi kimi həyat sürür tək.
 
Olur əli gödək, qolu qüvvətli,
Özü sərxoş olur sözü hikmətli.
 
Bəzən bir guşədə tənha dolanır,
Bəzən bir məclisdə odlanıb yanır.
 
Nə qorxur kimsədən, nə sevda bilir,
Həyat aləmini o röya bilir.
 
Olur ağlı – huşu çox parakəndə,
Dinləmir nəsihət, töhmət edəndə.
 
Ördəklər batarmı dəryada məgər?
Yananda qorxarmı oddan səməndər?
 
Aşiqdə çox olur səbr, hövsələ,
Gəzir səhraları o, mətanətlə.
 
Yayınır hər zaman xalqın gözündən,
Danışmaq istəmir əsla özündən.
 
Meyvəli bir bağdır gətirir çox bar,
Həyat aləmində deyil günahkar.
 
Aşiqdir sədəfdə pünhan mirvari,
Coşmayır dərya tək gur dalğaları.
 
Qəlbini oxşayan canandan qaçma,
Sənə həyat verən insandan qaçma.
 
Dostdan gözləyirsən əgər sən nemət,
Dostluq deyil, səni cəzb edir sərvət.
 
Hər insan tamahçın açsa ağzını,
Eşitməz qəlbilə qeybin razını.
 
Həqiqət bəzəkli otağa bənzər,
Tamahkarlıq toza, torpağa bənzər.
 
Nə qədər də iti olsa gözləri,
Görə bilməz insan tozanaq yeri.
 
Ağıllı düşməni sevməz heç zaman,
Dost olmaz düşmənlə ariflər, inan.
 
Əgər canın yanıb gedirsə hədər,
Kim deyər yaxşıdır tutduğun işlər?
 
Şahdan qız istəsə əgər bir gəda,
Döyülüb qovular, baş tutmaz sövda.
 
Hər kəsə nəsihət əsər eyləməz,
Ona dil tökmək də əbəsdir, əbəs.
 
Cilovu əlindən gedən yazığa,
Demə asta yeri, batarsan zığa.
 
Bu söz Sindbadda deyilib gerçək
Ki, sevgi atəşdir, həvəs bir külək.
 
Küləkdən atəşin qüvvəti artar,
Pələngi vurarsan, hiddəti artar.
 
Özgəyə yamanlıq eyləsən əgər,
Axırda sən özün çəkərsən zərər.
 
Xudpəsənd yar tapar özünə bənzər,
Xətərli yerlərdə sərxoşlar gəzər.
 
Başına od yağsa hər yandan əgər,
Çəkinməz meydandan yenə igidlər.
 
Çəkinsin, girməsin dənizə insan,
Girdi, qorxutmasın gözünü tufan.
 
Dəlildə, sübutda olur güc, qüvvət,
Qanun olan yerdə iş görməz hiddət.
 
Ağıl deyil zərli sarığa bağlı,
Kişinin başında olmalı ağlı.
 
Öyünmə sarıqla, saqqalına sən,
Sarıq pambıqdandır, saqqalsa tükdən.
 
İnsana insanlıq verməyir camal,
Büt gözəl görünür, ancaq olur lal.
 
İnsanın ölçülür yeri hünərlə
Ucalıb nəhs olma, dönmə zühələ.
 
Həsirin qəmişi ucasa əgər
Daha faydalıdır ondan neyşəkər.
 
Ardınca yüz kölə getsə də, yenə
Ağlın yoxsa, böyük deməzlər sənə.
 
Yaxşılıq, mərhəmət yerində xoşdur,
Pislərə yaxşılıq eyləmək boşdur.
 
Heyifdir azğınçın yerin, yatağın,
Balışı daş olsun gərək alçağın.
 
Yamana yaxşılıq etmə heç zaman,
Şoranlıq torpaqda bağ salar nadan.
 
Demirəm yaxşıya etmə mərhəmət,
Əclaf adamlara eyləmə hörmət.
 
Qaba adamlarla etmə xoş rəftar,
İtə pişik kimi çəkilməz tumar.
 
Nanəcib insanın üstə qələm çək,
Qədir bilməyəndən yaxşıdır köpək.
 
Alçaq yaxşılığı duymaz, anlamaz,
Nə versən alçağa, onu buza yaz.
 
Elə bir alçağa məncə heç bir kəs
Mərhəmət göstərib yaxşılıq etməz.
 
Kərəm ağacını əkən adamlar,
Gün gələr, götürər əkdiyindən bar.
 
Kim təkəbbür tacı qoymasa əgər
Həyatda hər zaman o xeyir görər.
 
Hər kəsdə olarsa qürur, nadanlıq,
Xar olar o, görməz heç mehribanlıq.
 
Axmaqlar aldanar şirniyə, qəndə,
Görməz toru, gedib düşər kəməndə.
 
Əziyyət çəkməsə böyükçün hər kəs,
Yanmaz zəifləçin, o qədir bilməz.
 
İnciyən güclünün ağır sözündən,
İncitməz zəifi heş vaxt özündən.
 
Tale yar olmasa döyüşdə əgər,
Kişilər qüvvətlə necə iş görər?
 
Tanrı bəxş etməsə əgər səadət
Neyləyər qolunda olan güc, qüvvət.
 
Əgər bəxt olmasa, inan ki, səndə,
Nə mümkün fələki salmaq kəməndə?
 
Qarışqa məhv olmur zəifliyindən,
Şir güclü olsa da əzilər bəzən.
 
Hər kəsin fələyə çatmayır əli,
Onun gərdişinə boyun əyməli.
 
Ömür qalsa, səni nə sancar ilan,
Nə də parçalayar vəhşi bir aslan.
 
Ömür bitsə, sənə dərman neyləyər?
Olar bircə anda şərbətin zəhər.
 
Əcəl çatsa deşər, nizə cövşəni,
Çatmasa, bir köynək qoruyar səni.
 
Əcəl qılıncını siyirən zaman,
Cövşən geyinsə də çılpaqdır insan.
 
Bəxtiyar bir adam olsa da çılpaq,
Onun bədəninə işləməz bıçaq.
 
Əcəli çatmasa, məhv olmaz nadan,
Arif də qurtarmaz əcəl oxundan.
 
Yaxşılıq gözlənməz əsla ifritdən,
Mərdlik görünməyib dünyada itdən.
 
Gəlsə filosoflar Yunandan, Rumdan,
Bal düzəldə bilməz acı zəqqumdan.
 
Sən daşla silərsən, güzgü tutsa pas,
Lakin daşdan güzgü düzəltmək olmaz.
 
Tərbiyə versən də vəhşi heyvana,
Xisləti dəyişib dönməz insana.
 
Söyüddə gül açan bir budaq olmaz,
Zəncini yumaqla üzü ağ olmaz.
 
Birinin qanını tökəndə əcəl,
Qəza göz açmağa verməyir macal.
 
Üzgüçü nə qədər məğrur olsa da,
Yenə üzə bilməz sahilsiz suda.
 
Könül istəyənin ardınca getmə,
Sən öz təmkinini saxla məhv etmə.
 
Uyma nəfsə əgər ağlın, huşun var,
Nəfs edir kişini bu dünyada xar.
 
Qarınqulu olsan, gün gələr ki, sən
Yemək tapmayanda əzab çəkərsən.
 
Çörəyi bolluqda yesən əgər az,
Çətinlik vaxtında rəngin saralmaz.
 
Çox yeyən, qarından yük çəkir hər dəm,
Çörək tapmayanda çəkir qüssə, qəm.
 
Çox yeyən daima xəcalət çəkmiş,
Qarın dar olmalı, ürəyin geniş.
 
Arvada həddindən çox yaxın durma
Ağlın var özünü qılınca vurma.
 
Hədsiz olsa əgər işrətə rəğbət,
Səni məhv eyləyər axırda şəhvət.
 
Qarın bir zəncirdir bağlayar qolu,
Olmaz qarınqulu Allahın qulu.
 
Qarışqa əməkdən alır çox ləzzət,
Çox yeyən çəyirtkə çəkməyir zəhmət.
 
Qəlbini pak elə dünyada ancaq,
İnsanın gözünü doyurar torpaq.
 
Dağ ətəyi kimi əyilsən yerə,
Başın əzəmətlə qalxar göylərə.
 
Saxlasan dilini, ey arif insan,
Sən əziyyət çəkib görməzsən ziyan.
 
Arif sədəf kimi gec ağız açar,
Ancaq danışanda incilər saçar.
 
Uzun söz qulağa verər əziyyət,
Zəhləni aparar uzun nəsihət.
 
Bir an dayanmadan danışsa hər kəs,
Kimsənin sözünü eşidə bilməz.
 
Hərzəkar, boşboğaz, hazırcavabdan
Yaxşıdır düşünüb danışan insan.
 
Sözü düşünməmiş söhbətə keçmə,
Yüz dəfə ölçməsən, bir dəfə biçmə.
 
Arpa boyda kiçik bir müşkü ənbər,
Yüz ətirsiz gülə olar bərabər.
 
Az danışan adam xəcalət çəkməz,
Peşimanlıq görüb, nədamət çəkməz.
 
Arif ol, söhbəti müxtəsər eylə,
Uzun danışandan qaç, həzər eylə.
 
Yüz əyri ox atsan olmaz dəyəri,
Bir ox at – hədəfdən getməsin əyri.
 
Gizlində bir elə söz danışma sən,
Bir gün qızararsan xəcalətindən.
 
Dörd divar içində eyləsən qeybət,
Sözünü eşidən tapılar əlbət.
 
Bir şəhər kimidir – sirr saxlar ürək,
Darvazası açıq olmasın gərək.
 
Ağıllı dilini saxlar dünyada,
Şam dilindən yanar, sovrular bada.
 
Ver xəzinədarda qalsın gövhərin,
Lakin öz qəlbində olsun sözlərin.
 
Sirr açılmadıqca hünər səndədir,
Sirrin açıldımı – düşmənindədir.
 
Gərək elə sözün, söhbətin olsun,
Sənə qaytarılsa taqətin olsun.
 
Nə əksən tarlanda, onu biçərsən,
Qəlbin təmiz olsa, sözü seçərsən.
 
Zərgərlər yanında boşdur and içmək,
Zərin saflığını göstərər məhək.
 
Yadın söhbətindən kim olsa kənar,
Onun könül adlı bir həmdəmi var.
 
Arif ol, eyb açmaq olmasın işin,
Sən öz nöqsanını, eybini düşün.
 
Dinləmə nadanın boş sözlərini,
Bir çılpaq görəndə yum gözlərini.
 
Xalqın pisliyini danışan bir kəs,
Nanəcib adamdır, yaxşılıq görməz.
 
Salır nadanlıqdan kim fitnə - fəsad,
Edir iki dostu bir – birinə yad.
 
Ancaq dostlar yenə birləşən zaman,
O xəcalət çəkir olur peşiman.
 
Fitnə atəşini yandıran nadan
Özü də qurtarmaz oddan – alovdan.
 
Hər kəs Sədi kimi sevsə xəlvəti,
Olmaz bu dünyaya hüsni – rəğbəti.
 
Haqq sözü deməkdən gəlməz yamanlıq,
Çəkməzsən dünyada sən peşimanlıq.
 
Yanında olarsa vəfalı yarın,
Elə bil başından aşıbdır varın.
 
Düşünmə, bütün gün yesən qüssə, qəm,
Var gecə dərdini çəkən bir həmdəm.
 
Kimin qadını xoş, evidir rahət,
Bil ki, Tanrı ona edib mərhəmət.
 
Arvad olsa əgər həyalı dilbər,
Sanki bir cənnətdə həyat sürür ər.
 
Kimə yar olubsa incə bir nigar,
Onun ürəyində qalmaz arzular.
 
Çirkin də, idbar da olsa surəti,
Arvadın xoş olsun gərək söhbəti.
 
Baxma gözəlliyə, çirkinliyə sən,
Xoşlan arvadının nəcabətindən.
 
Bədəsil gözəl yox, əsil çirkin al,
Əsillik eyb örtər, gətirməz məlal.
 
Pis xasiyyət olsa bir pəriçöhrə,
Ömrünü verəcək ərin hədərə.
 
Ona halva versən, sirkə sanacaq,
Əlindən daima acıqlanacaq.
 
Dilara bir qadın heç olmaz bədxah,
Bizi pis qadından saxlasın Allah.
 
Tutiyə bir qarğa olsa həmnəfəs,
Ona zindan kimi görünər qəfəs.
 
Qaşqabaqlı qadın görməkdən insan,
Xoşdur görsə əgər qaranlıq zindan.
 
Arvadın pis olsa, bax, budur çarə:
Ya döz, ya dünyanı dolan avarə.
 
Başmaq ayağını sıxmaqdansa, sən
Daha yaxşı olar başmaqsız gəzsən.
 
Evində düşürsə hər zaman dava,
Səfər et, görsən də əgər dərd – bəla.
 
Arvadı çirkinsə, idbarsa əgər,
Kişiyə toy – bayram sayılar səfər.
 
Hər evdən yüksəlsə qadının səsi,
O evdən uzaqdır şadlıq nəşəsi.
 
Ey ər, sözlərinə baxmasa qadın,
Sürmə çək gözünə, qadınsan qadın!
 
Arvadı bazara gedirsə, kişi
Görsün arvad kimi gərək ev işi.
 
Cahillik edirsə aldığın arvad,
Sən bəla almısan, ey evi bərbad.
 
Evdən yox olursa əmanət arpa,
İnan, qalmayacaq anbarda buğda.
 
Kimin ki arvadı qəlbinə yardır,
Haqqın ona böyük nəzəri vardır.
 
Əgər yad kişiyə gülsə arvadın,
Qalmaz el içində kişilik adın.
 
Arvadı əllərdə olsa əyləncə,
Ərinin başını əzməli məncə.
 
Arvad yada baxsa, gərək kor olsun,
Yeri ev olmasın onun, gor olsun.
 
Namussuz qalmaqdan yaxşıdır ölmək.
Arsız olma, səni qoy udsun nəhəng.
 
Gördün ki, arvadın evdə deyil düz,
Yaşama onunla əlaqəni üz.
 
Baxsa yad kişiyə aldığın arvad,
İnan ki, kişilik olar sənə yad.
 
Bir yükdür ərinə cəfakar qadın,
Nə xoşdur dünyada vəfakar qadın.
 
Qadının əlindən dad çəkib hər an,
Deyib bu sözləri iki sərgərdan:
 
Olmasın heç kəsə qismət pis qadın,
Pis qadın, kaş ki sən yaranmayaydın!
 
Bir gözəl qadını alsan qoynuna,
Sən də vurularsan könüldən ona.
 
Sənə xoş gəlirsə bir gül, bir çiçək,
Gülşəndə tikanın cövrünü də çək.
 
Sənə fayda verir ağacın barı,
Onun tikanından incimə barı.
 
On birə girəndə oğlunun yaşı,
Qoyma naməhrəmə qarışsın başı.
 
Pambığa od vursan bir anda yanar,
Göz yumub açınca evin odlanar.
 
İstəyirsən səndən qalsın yaxşı ad,
Elm öyrət oğluna, qoy olsun ustad.
 
Oğlunun olmasa ağlı, kamalı,
Sən öldün, neyləyir dövləti, malı.
 
Əgər öz oğlundan ata çəksə naz,
Oğlun çətinliyə dözümü olmaz.
 
Oğluna bilik ver, sevdir zəhməti.
Qoy olsun kamalı, ağlı, sənəti.
 
Oğlunu sevirsən, ta uşaqlıqdan
Onu çətinliyə öyrət hər zaman.
 
Şagirdə xoş təsir eyləməz kötək,
Ustaddan təhsinlə afərin gərək.
 
Olsa da Qarun tək varın, sərvətin,
Qoy oğlun işləsin, əziyyət çəksin.
 
Güvənmə varına, qalmaz o nemət.
Çıxar bir gün əldən yığdığın sərvət.
 
Qurtarar yığdığın qızıl, gümüş, bax,
Sənətsə tükənməz dövlətdir ancaq.
 
Hər an bir gərdiş var bu ruzigarda,
Oğlun olsa əgər qürbət diyarda,
 
Ona çox köməklik eyləyər sənət,
Yadlara əl açıb çəkməz əziyyət.
 
Sədi nədən gəlib murada vardı,
O nə səhra keçdi, nə dəniz yardı.
 
Uşaqkən başı çox cəfalı oldu,
Odur ki böyüyüb vəfalı oldu.
 
Boyun qaçırmasa hər kəs fərmandan,
Bir zaman özü də verəcək fərman.
 
Ustadın cövrünü görməyən uşaq,
Dövranın cövrünü görəcək ancaq.
 
Övladı bəsləsə atalar özü,
Olmaz yad əllərdə övladın gözü.
 
Olmasan övladçün qüssədə, qəmdə,
Övladın avara olar aləmdə.
 
Əgər bir müəllim olsa bədəsil,
Yetişdirə bilməz bəxtiyar nəsil.
 
Xətti qaralmamış üzü qaralan
Müxənnəsdən olmaz qəhrəman oğlan.
 
Gərək o namərddən qaçasan uzaq
Ki, abır tökməkdir peşəsi ancaq.
 
Oğul qələndərlik eyləsə əməl,
Elə bir oğuldan çəkməlisən əl.
 
Qəm çəkmə, pis övlad olsa da tələf,
Qoy ölsün atadan qabaq naxələf.
 
Kişilər məclisi layiqdir mərdə,
Gözəllər oturmaz o məclislərdə.
 
Səni məhv eyləyər ev yıxan gözəl,
Arvad ev yığmalı hər şeydən əvvəl.
 
Olsa hər məclisdə şam kimi canan,
Onun pərvanəsi olma heç zaman.
 
Heç sevmək olarmı bir qızılgülü
Ki, vardır hər səhər başqa bülbülü?
 
Gözəl, xoşxasiyyət, sevimli dilbər,
Bir könüloxşayan qönçəyə bənzər.
 
Bağçada qönçənin vardır səfası,
Açılsa, gül kimi olmaz vəfası.
 
Bir gözəl olmuşsa könül aldadan,
Huri sayılmasın gərək o şeytan.
 
Öpsən ayağından, o qədir bilməz,
Üstünə toz atsan, qorxub çəkilməz.
 
Xalqın övladına salsan kəc nəzər,
Sənin övladına kəc baxar ellər.
 
Qoy sənin beynində qalsın bu sözlər,
Bil ki, eybi açmaq deyil çox hünər.
 
Hər kimin var elmi, rəyi, tədbiri,
Ayağı sürüşüb getsə də əyri,
 
Ona bu qüsurçün çox da xor baxma,
Böyüklər söyləyib bunu daima:
 
Tikan da yetirir, gül də çəməndə.
Ağıllı tikanı dərməz, gül dərər.
 
Əgər eyib görmək adət eyləsən,
Tovuzda sən çirkin ayaq görərsən.
 
Yaxşı nəzərlə bax bu insanlara,
Güzgü göstərməyir ağ üzü qara.
 
Bir yol tut, olsa da sənə əziyyət,
Xeyirxahlıq görsün səndən cəmiyyət.
 
Əvvəl gör özünün nə nöqsanın var,
Sonra başqasında sən eyib axtar.
 
Madam ki, özündə az deyil nöqsan,
Başqasında neçin eyb axtarırsan?
 
Heç kəslə qabalıq etmə dünyada,
Sən öz qüsurunu düşün, sal yada.
 
Madam yamanlıqdan gəlməyir xoşun,
Səndə də yamanlıq görməsin qonşun.
 
Əgər zahirindən görünür ifət,
Onu pis göstərmək deyil məsləhət.
 
Yaxşılıq dünyada heç zaman itməz,
Tanrı bir yaxşıya verər on əvəz.
 
Ey oğul, hər kəsdə görsən bir hünər,
Çalışıb göstərmə onu bisəmər.
 
Bir eyib görəndə yayıb ellərə,
Vurma dünya qədər elmi sən yerə.
 
Göz görsə də könül sevməz hər kəsi,
Hərənin bir eşqə olur həvəsi.
 
İncə qəlblilərdir gözələ uyan,
Çin nəqqaşlarıdır gözəllik duyan.
 
Sus yetər, bu qədər eyləmə nalə,
Söyləmə düşmüsən çıxılmaz halə.
 
Şükr et, sarılmayıb qolların əbəs,
Məskənin olmayıb qaranlıq məhbəs.
 
Görəndə özündən dərdli, ələmli,
Göstərmə özünü kədərli, qəmli.
 
Bal şirin eyləyər sağlam mizacı,
Lakin can verənin deyil əlacı.
 
Əgər bir insanda qalıbsa həyat,
Ona fayda verər yediyi nəbat.
 
Hər kəsin bədəndə qalmasa qanı,
Onu sağaldarmı həkim dərmanı?
 
Hər kimin beynini əzibdir polad,
Səndəl sürtsən, ona eyləməz imdad.
 
Xətər qılıncını sanma əyləncə,
Qazanın önündə gəl açma pəncə.
 
Həzmə versə yeyib – içməyi mədən,
Saf olar ürəyin, sağ olar bədən.
 
Əgər bir gün mədən pozulsa tamam,
Bütün bədənini incidər təam.
 
Mizac isti olur, soyuq, yaş, quru,
Bu dörd şeylə artır gözünün nuru.
 
Bu dörd şeydən biri göstərsə qüvvət,
Bütün mizacını pozar təbiət.
 
Küləktək əsməsə nəfəsin bir an,
Mədən can evində qaldırar heycan.
 
Mədə qazanında coşmasa xörək,
Nazənin bədəni saxlamaz ürək.
 
Ağıllı bir şeydə görsə ziddiyyət,
Çəkinər o şeydən, eyləyər nifrət.
 
Artmaz çox yeməkdən canın qüvvəti,
Bədən pəvərişdən alır qüdrəti.
 
Bu bir adətdir ki, arifi nadan
Sanar özü kimi biliksiz insan.
 
Azğını qaytarar yola ibadət,
Öyrənmək sayılır böyük səadət.
 
Bilmədiyi şeyi soruşsa hər kəs,
Mənzilə düz gedər, yolu itirməz.
 
Qapında qaniçən etsə də xidmət,
Gün gələr, məhv edər səni nəhayət.
 
Hiyləgər insana uyma heç zaman,
Qovdun, aman vermə ona bircə an.
 
İlan balasını öldürsən, gerçək,
O evdə qalmayıb köçəsən gərək.
 
Arı yuvasına əlini vurma,
Yuvanı dağıtdın, qaç, daha durma.
 
Özündən çevikə ox atma əsla,
Atdın, qaç, duma ki, görərsən bəla.
 
Sədinin sözünü unutma bir də,
Durma divar dibi qazdığın yerdə.
 
Çətinlik görməsə dünyada hər kəs
Xoş keçən günlərin qədrini bilməz.
 
Yoxsul qış günündə çəkir əziyyət,
Varlığnı qışda da saxlayır sərvət.
 
Xəstəlik çəkməsə əgər bir nəfər,
Bilməz nələr çəkir dərddən xəstələr.
 
Olsa hər insanın gücü, qüvvəti,
Əlsiz – ayaqsız olsun hörməti.
 
Varlılar yoxsula şəfqət etsinlər,
Gənclər qocalara xidmət etsinlər.
 
Ceyhun sahilində yaşasa hər kəs
Çağlayan suların qədrini bilməz.
 
Günəşli çöllərdə susuz qalanlar
Axar su qədrini dərk edib anlar.
 
Dəclə sahilində olan ərəblər
Tutmaz şorandakı susuzdan xəbər.
 
Əgər qızdırmaya düşməsə insan
Sağlamlıq qədrini bilməz heç zaman.
 
Yatsan parğu kimi yataqda əgər,
Sənə cansıxıcı olmaz gecələr.
 
Bir xəstə görəndə gülməsin üzün,
Xəstəyə gecələr görünər uzun.
 
Təbil sədasından oyanan xacə,
Bilməz gözətçilər nə çəkir gecə.
 
Bir karvan başçısı kef etsə əgər,
Quma batanlardan tutmaz bir xəbər.
 
Kapitan gəmidə yatsa asudə,
Bilməz zavallılar boğulur suda.
 
Gəl dalma yuxuya gecə karvanda,
Dəvənin yüyəni qalıb sarvanda.
 
Yolun dağ yoludur, qumsallıq, daşlıq,
Geri qalanlara eylə yoldaşlıq.
 
Dağ kimi dəvəyə minib gedirsən,
Piyadələrdən də bir xəbər tut sən.
 
Budur bax dünyada ən böyük bəla,
Toxun acdan olmur xəbəri əsla.
 
Nə gözəl deyibdir bu sözü Loğman:
Ölüm daha xoşdur pis yaşamaqdan.
 
İstəsən sərmayən getməsin əgər,
Evin qapısını bağla hər səhər.
 
Gənclər nur saçınca qaranlıq yerə,
Qocalar girəcək qaranlıq qəbrə.
 
Qocaldın, bəsləmə gənclik duyğusu,
Qurumuş çaylara gəlməz bir də su.
 
Gənclik çağlarında tərpəndin zirək,
Qocalıqda sakit yatasan gərək.
 
Qırxdan keçirdinmi sən öz ömrünü,
Bil ki, həyatının gəlir son günü.
 
Bir insan ki, güclə çəkir nəfəsi,
Başında qalarmı gənclik həvəsi?
 
Seyr edib görmüşük gülü, gülzarı,
Tapdayıb keçmişik bir çox məzarı.
 
Dolanar fəsillər, gələr bir zaman,
Keçərlər bizim də torpağımızdan.
 
Boş keçdi gəncliyin günləri, heyhat!
Dönməz bir də geri o keçən həyat.
 
Ötdü şimşək kimi sürətlə dövran,
Əfsus ki, o günlər dönməz heç zaman.
 
Əfsus, batil işə həəskar olduq,
Haqdan – həqiqətdən biz kənar olduq.
 
Tənbəl bir şagirdə deyib müəllim:
Günün hədər keçdi, almadın təlim!
 
Əfsus, gözəl ömrü çırpmışıq daşa,
Bu son günləri də vurarıq başa.
 
Səadət mülkündə ömür sürənlər,
Sədinin sözünü sanar bir gövhər.
 
Ölümə sevinmə, gün gələr sən də,
Yatarsan qaranlıq torpaq içində.
 
Hələ dirçəlmədən, boy atmadan sən
Möhkəm tut atanın ətəklərindən.
 
Nabələd olanlar itirər yolu,
Bələdçi mənzilə gətirər yolu.
 
Düşün, uşaq kimi sən də körpəsən,
Arif insanların tut ətəyindən.
 
Öz təmiz adına sən ləkə vurma,
Alçaq adamlarla oturub, durma.
 
Təmiz insanlarla otur hər zaman,
Arifdən görməzsən ömründə ziyan.
 
Hər kəs ariflərlə oturub – durar,
Cəhlin zəncirini sarsıdıb qırar.
 
Diqqət ver, körpədən öyrən rəftarı:
İlk addım atanda tutur divarı.
 
Mərifət xirməni yığmaq istəsən,
Sünbül topla, Sədi kimi işlə sən.
 
İlqarı, imanı satıb dünyada
Sovurma öz təmiz adını bada.
 
Bir bədbəxt çəkəndə əzab, əziyyət,
Olar xoşbəxtlərə bu halı ibrət.
 
Üzr istə çəkməmiş sən hələ əzab,
Döyüləndə fayda verməz iztirab.
 
Bu gün varlığını sarmasa qəflət,
Qızartmaz üzünü sabah xəcalət.
 
Vəfasız dünyaya verməyək ürək,
Dostlar getdi, biz də yollanaq gərək.
 
Bizdən sonra güllər açar bu bağda.
Olar dostlar yenə kefdə, damağda.
 
Bu dünya dediyin sevimli dilbər
Kimə həmdəm olsa onu məhv edər.
 
Ayıl, sarsıtmasın səni bu qəflət,
Sabah fayda verməz çəkdiyin zəhmət.
 
Eşələnmə evdə toyuqlar kimi,
Uç göyərçin kimi gəz diyar – diyar.
 
Ağacdan – ağaca qon bülbül kimi,
Könül tələsində olma biqərar.
 
Min gözəl rast gəlsə bax keç yanından,
Vermə heç birinə könül, olma yar.
 
Çoxlarıyla ülfət eylə, gül, danış,
Birinə bağlansan olarsan bizar.
 
Dostunun yükünə kömək edər dost,
Yükləməz dostunu olsa vəfakar.
 
Dost sənə vəfasız olarsa əgər,
Onunla dost kimi eyləmə rəftar.
 
Nanəcib dost öpsə ayaqlarından,
İnanma, aldadır səni hiyləgər.
 
Ömrünü sərf etmə vəfasız yara,
Düşsən yoxsulluğa yanından qaçar.
 
Düşmən səni yardan ayırar, ancaq
Sən öz sevgilindən ayrılma zinhar.
 
Dostun inciyəndə şad olma əsla,
Dost dosta eyləməz əziyyət, azar.
 
Şerin saf qızıldan yaxşıdır Sədi,
Cəzb edərmi sənin qəlbini dinar

SON

ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?