İSLAMA XİDMƏT
   
 
  3. Əfzələddin Xəqani Şirvanidən hikmətli nəsihətlər
ƏFZƏLƏDDİN XƏQANİ ŞİRVANİ – NİN NƏSİHƏTLƏRİ
 
(1126 – 1199)
 
(“Töhfətül – İraqeyn” əsərindən)
 
... Uşağa xoş gəlir qırmızı, sarı,
Kişi cummaz lələ, qızıla sarı.
 
Qızıl gül fənaya getməzdi, inan,
Gülü olmasaydı ləldən, qızıldan.
 
Pislik zatındadır qızılın əslən,
Gülləri ölümə odur sövq edən.
 
Kim yığsa qızılı kisəyə, bişəkk,
Boğazı ilməyə keçər kisətək.
 
Kimin qızıldadır gücü, yəqin bil,
Kölədir, qızılın sahibi deyil!
 
Bir möhnət odudur cana simü – zər,
Düz olar, qızıla deyilsə “azər”.
 
Zərdüştün adının əvvəlidir zər,
Zərə səcdə edir atəşpərəstlər.
 
Qızıl həm oğrudur, həm də gül bədən,
Biryolluq üz döndər ikiüzlüdən.
 
O büt görünsə də müqəddəs pəri,
Sındırmaq lazımdır elə bütləri.
 
Xaqani istəməz olsun tamahkar,
Qızıla, ya bütə olsun pərəstar.
 
Çoxdan öyrənmişəm büt qırmağı mən,
Qaçmışam atəşə baş əyənlərdən.
 
Kimi gözlərində qızıl tutub yer,
O, aynaya baxıb, özün görməyir.
 
Dövlət nə qüdrətin, nə hünərindir,
Mənsəb də, sərvət də nakəslərindir.
 
Kim ki, alçaqlara edir yaltaqlıq,
Yetir muradına, eləyir şahlıq.
 
İndi bu dünyada qalmamış nişan,
İgidlik, kişilik və adamlıqdan.
 
Sirləri quyutək örtəsən gərək,
İfşa etməyəsən onları dağtək.
 
Əcəm xasiyyətli adamdan bir az,
Gizli sirr eşitsən faydasız olmaz.
 
Xüsusən, səyahət – dünyanı gəzmək,
Böyük adamlara olmuşdur bəzək.
 
Torpağa hörmətlə ayaq bas ki, sən
Yerdə öz – özünə göyərməmisən.
 
Göyün doqquzuncu atına atlan,
İraqa yola düş bir an durmadan!
 
Dərdinə bir çarə axtarsan əgər,
Ona yenə İraq bir çarə edər.
 
Torpağı o dünya torpağındandır,
Dirilik suyutək suyu dərmandır.
 
Yanağın qızarar İraqda olsan,
Ağzın dada gələr onun suyundan.
 
O yerdə çox gözəl abü – hava var,
Azca orda qalsan, səni sağaldar.
 
Göyün üst qatıdır İraq torpağı,
Göy isə o yerdən durur aşağı.
 
Əslinə baxanda “fəlsəfə” sözü,
Lap “səfeh” sözünə bənzəyir düzü.
 
Ayrı bir mənası olmamış dərin,
“Quran”ın, danılmaz bu hədislərin.
 
Önündə, məlum ki, anlayır hər kəs,
Yunan fəlsəfəsi bir çöpə dəyməz.
 
Vaz keç bu hədisdən, heç bənd olma, sən!
Bir fülus yaxşıdır min fəlsəfədən.
 
Canını, gəl, dinə sən tapşır ancaq,
Səni şübhələrdən o qurtaracaq.
 
“Quran” xəzinədir, şair, gərək sən,
Hər sözü alasan bu xəzinədən.
 
“Quran”a inandı Məhəmməd, Osman,
Özlərini ona etdilər qurban.
 
“Quran”ı bəzədi Osmanın qanı,
Din yolunda şəhid etdi o canı.
 
Şəriətdən kənar elm yoxdur, bil,
Varsa qara xaldır, heç bilik deyil.
 
Qara xalı üzə heç çıxarma sən,
Gizlət ağ xal kimi iman əhlindən.
 
Kəbəyə üz çevir, boş şeydən əl çək!
Altı üzlü olma sən nərd zəritək.
Köhnə xərabatda hər yeniyetmə,
Min zarafat etsə, dalınca getmə!
 
Hər boşboğazlığa inanma barı,
Mövhumdur onların danışıqları.
 
Bir məna kəsb elə, məzmunsuz qalma,
Hübab künbəzitək içi boş olma!
 
İkiüzlü olma, başsız, bədənsiz,
Dəf kimi, içiboş, üzü tər – təmiz.
 
Şirin busə kimi bir an xoş gələn,
Bəhrəsiz işlərlə məşğul olma sən.
 
Gəl, dinə arxalan, unutma dini,
Böyük sanma yunan Üqlidisini.
 
Dərs olmasın ucuz sözləri sənə,
Aldanma mənasız şəkillərinə.
 
Sən bülbülə tapşır çox dil tökməyi,
Hörümçəyə tapşır şəkil çəkməyi.
 
Soruş dindarların etiqadını,
Qədim insanların əhvalatını.
 
Şəriət başçısı gedən yolla get!
Yoldan çıxanlara daim nifrət et!
 
Gözlə öz nəfsini, öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.
 
Torpaqdan yarandın, xatırla hər an,
Bil ki, xəlifəyə, dinə bağlısan.
 
Ey ağlının Tuğan şahı olan kəs,
Özgə çörəyinə göstərmə həvəs!
 
Getdi o dövranlar, getdi o dəmlər
Ki, Cəmşid şah idi, div isə nökər.
 
Nə işlər törədir, yaxşı bax, cahan,
Cəmşid qul olmuşdur, divsə hökmran,
 
Hər kim alçaqlara eyləsə xidmət,
Cəhənnəm odudur, bil, ona qismət.
 
Tamahın dalınca gedərsə hər kəs,
Xalqın hörmətini qazana bilməz.
 
Nə zaman dəyişir hökmü dövranın,
Dünya tuluğudur su paylayanın,
 
Quruyub yapışar boş qalsa əgər,
Doldumu, şişərək partlamaq istər.
Bəlkə ruzi tapdım deyə bir qarın,
Sən nə vaxta qədər bu alçaqların,
 
Bərəkətsiz olan süfrələrindən,
Çörək qırıntısı döşürəcəksən?
 
Gedib hər qapıda olmasan köpək,
Fikrin əyri olmaz it quyruğu tək,
 
İş adamı deyil naəhl olanlar,
Onlarda çox çirkin it xisləti var.
 
Köpək xasiyyətli olduqlarından,
Daşqalaq olunur onlar hər zaman,
 
İtin boyunbağı, zənciri, inan,
Üstündür onların gövhər tacından.
 
Bu allahsızların qulluğundan qaç!
Haqqın qapısını ehtiramla aç!
 
Şər dolu qapıdan uzaqlaş daha,
Xaqani, get sığın o bir Allaha!
 
Bir beşik olsa da canlara İraq,
Həmədan gözəl bir gəlindir ancaq,
 
Din bağı olsa da İraq diyarı,
Həmədan olmuşdur məna baharı.
 
Həmədan şəhrində saldınsa məskən,
Bu şəhər qoynunda qaldınsa, həmən.
 
Taleyin daima üzünə gülər,
Sənə bayram olar hər axşam, səhər.
 
Fazillər şəhəri, gözəldir Başdad,
Orada görünür, sahki kainat.
 
Bir dost camalı tək ruh verir cana,
Orada çatarsan hər bir arzuna.
 
Zövq verir o, vüsal gecələri tək,
Ünsiyyət məkanı bu yerdir gerçək ...
 
Gözəl xətti olan əziz katiblər,
Yazmışlar: “Görməli yerdir bu şəhər.”
 
Kəramət lövhündə yazarkən Bağdad,
Onu qeyd edərlər aydın: baği – dad.
 
Həqiqət üzümü dərilir bağdan,
Xoşbəxtdir burada yaşayan insan.
 
Dəcləyə baş əyir dünyada çaylar,
Gəlindən ahəstə hərəkəti var.
Nazlı bir bəzəkçi əli xoş gündə?
Min naxış yaratmış onun üzündə.
 
İstidən dad çəkib yanan ürəklər,
Dəclənin suyundan təskinlik dilər.
 
Kövsərə bərabər bu çay dərindir,
Suyu çox içməli, təmiz, sərindir.
 
Dəclə bir axıcı, zəngin sərvətdir,
Onun sayəsində Bağdad cənnətdir.
 
Bağdaddan sonra da sən Kufəyə get,
Kufəni səadət torpağı zənn et,
 
Kufəyə girirkən əvvəlcə, şəksiz,
Dörd arx görəcəksən orada təmiz.
 
Kufəli düşüncə ədalət, şərəf,
Hörmətlə baxacaq bağdada tərəf.
 
Bir şəhər görərsən, fazil adamlar,
Kamalla, lütf ilə orada yaşar.
 
Əgər Məkkə olsa yurdun, məskənin,
Canın hər bəladan qurtarar sənin.
 
O iki sətrilə hər sirri açar,
Allahın adıyla yanaşı durar.
 
Bu adda saxlanır həqiqət tamam,
Bunu dərk eyləyər həm xas, həm əvam.
 
Qəlbi pak ustadlar düşməzlər şəkkə,
Əvvəl Allah deyər, sonra da Məkkə.
 
Kölgəsin salmışdır bu yerə Allah,
Onunçün Məkkəyə gəlməz bir bəla.
 
Məkkə Kəbə ilə, bil, sərəfrazdır,
Bununçün sahəsi toxunulmazdır.
 
Elə ki, Kəbənin sayəsində sən,
Baxıb camalına dincəldin həmən,
 
Oradan üz tutub Mədinəyə get!
Gedərək on günlük yol, ziyarət et!
 
Onun bünövrəsi səddir cahana,
Bu şəhər ruh verər hər zaman cana.
 
Mədinə adını yazıb oxusan,
Ortada din sözü olacaq əyan.
 
Müsəlman ruzusu kimi edər tox,
Gəliri az olar, bərəkəti çox.
Ey vəsli, hicranı tərk edib gedən,
Babilə, Məşhədə hər dəm meyl edən.
 
Babilin havası və torpağından,
Hasilin qızdırma oldusa, inan.
 
Əlacın Şamdadır, durma, ora get,
Şamın torpağını dərdə dərman et!
 
Yüz min il dövr edən bu sonsuz səfər,
Sənə verdi ancaq tükənməz zərər.
 
Tərk et bu iki mıx, yeddi pərdəni,
Yoxsa, dövri – fələk tərk edər səni.
 
Hörmətlə gəl yetiş Mosul, Şama,
Qütbdür, fələkdir bu yer İslama.
 
Bu elə qütbdür, yox bir zərəri,
Bu elə fələkdir, yox şurü – şəri.
 
Bu sonsuz fələkdir iki dünyaya,
Qütb isə köməkdir iki dünyaya.
 
Adam var ki, bilməz nədir qanacaq,
Fazil adamlara lağ edər ancaq.
 
Canı qızdırmalı, hərzəliyi çox,
Xalqa bədxahlıqdan başqa işi yox.
 
Sehirlər düzəldən bu rüşvətxorlar,
Yalanı etmişlər hər işdə şüar.
 
Haram mal yeməkdir bütün işləri.
Doludur zəhərlə iti dişləri.
 
Əbədi sönmüşdür qəlblərində şam,
Başları bu şamı söndürmüş tamam.
 
Şeytan asqıranda törəmiş onlar,
Məgər bu “möcüzə” şübhə edən var?!
 
Çünki olsaydılar Adəm nəslindən,
İsaya bənzərdi üzləri həmən.
 
Düşmüşlər ardına şöhrətpərəstin,
Hər qanmaz eşşəyin, murdarın, pəstin.
 
Olsa da zahirdə adları Buzər,
İşdə Buləhəbdən daha da bədtər.
 
SON
   
(“Fəxriyyələr”indən)
 
Qoşulsa cahilə aqil, əsər qalmaz kamalından,
Bir oğru olsa, karvanda çalar eşşəklə palanı.
 
Tamah ölmüş, ona meyyit namazı qıl desəm, hardan,
Taparsan su? Tutub başdan – başa çirkab bu dünyanı.
 
Təyəmmüm qıl desəm, yoxdur bu dünyada təmiz torpaq,
Şəhidlər qanı basmışdır bütün bərrü – biyabanı.
 
Ağan süfrə açan günlər bütün itləır edər bayram,
Acından ölsə də, aslan yeməz itlərlə ehsanı.
 
Bu aləmdən uzaqlaş sən, o aləm dərdinə qalma,
İki aləmdən üstündür təfəkkür əhlinin canı.
 
Cahanda yoxsul olduqca, daha artıq səxavət qıl,
Ki, meynə doldurar zərlə payızda bağı, bostanı.
 
Əvəz ummaq səxavət qarşısında, bil, riyadır bu,
Verib bir dirhəmi, on dirhəm etsən borclu yəzdanı.
 
Bacarmaz yaxşılıq pislər, müqəssirdir buna xilqət,
İlandan bal umarlarmı, onun yoxdursa imkanı?
 
Arı həm bal verər, həm də, yeri düşsə, səni sancar,
Ona baxma ki, vəsfində yazılmış vəhyi – Rəbbanı.
 
Bacarsan, olma aludə cəlalına bu dünyanın,
Bu murdar daşı almaqla ələ, şad etmə şeytanı.
 
Hamı dünyaya aşiqdir, biz isə qəmdən azadıq,
İtə aşiq olanlarda gərəkdir ola it canı.
 
Sənə bir həftəlik bəxtin əgər yar olsa, şad olma,
Üçüncü həftədə başlar Ayın cismində nöqsanı.
 
Görün, Xaqaniyə hümmət necə imkan yaramış ki,
Bu gün yüz fəlsəfə ustadını saymaz da Xaqanı.
 
SON
 
(“Mədhiyyələr”indən)
 
Nədir dünya? O hiyləgər qarıdır,
Bu səbəbdən o hiylə anbarıdır.
 
Qız – ağıldır, qadınlar – ulduzlar,
Bil, qadın qızlara həsəd aparar.
 
Fələyə əl açıb dilənmə nahaq,
Nədir o? Bir kasa qara torpaq.
 
Əqlinin qiyməti dinarsa əgər,
Dinar üçün əl açma, eylə həzər.
 
Bir bəladır tamah başa, bişəkk,
Tamahından başın bəla çəkəcək.
 
Mis qaba sirkə tökmə, paxrı çıxar,
Tamahı qəlbə salma, canı yaxar.
 
Çatdı ömrün başa, nə tapdın sən?
Qəm gətirdi sənə yar ilə vətən.
 
 
Baş bədəndən qopub düşərsə əgər,
Tacla əmmamə dərdinimi çəkər?
 
Getsə ömrün əgər sənin hədərə,
Faydası hər nə isə, say zərərə.
 
Oğruda olmasa əgər həya, ar,
Səsini doğrudan betər çıxarar.
 
Yesə yüz il ilan əgər torpaq,
Torpaq axırda, bil, onu udacaq.
 
Bu məsəldir, o kəs ki, çox deyinər,
Gecə vaxtı odun yığana dönər.
 
Cüt şeşi atanda sahib məqamlar,
Zəri cüt yek atar yoxsul adamlar.
 
Uşaq ki, bic doğulubdur rəzil anasından,
Atasını tanımaq istəyər, keçincə zaman.
 
SON
 
(“Həbsiyyələr”indən)
 
Bəsdir daha, küfrə son qoy, təzədən imana gəl,
Tövbə eylə dediyindən, arzulardan götür əl.
 
Söylə: iqrar edirəm ki, böyükdür, təkdir Allah,
Mənim tərif etməyimdən qat – qat yüksəkdir Allah.
 
Sel coşdu, dalğalandı, yaman tufan qopardı,
O, tək paltarı deyil, dərzini də apardı.
 
Bir qəssab dükanıdır bu fələk ilk çağından,
Qan axır damcı – damcı qəssabın bıçağından.
 
Dükanda döş, qabırğa, ürəkdir dəyən gözə,
İstədiyi tikəni qəssab vermir heç kəsə.
 
Abır – həya gedincə qorxu qalxır ortadan,
Nəyin dərdini çəkər sürüsü batmış çoban?
 
Zəni edirdim dünyada var vəfalı adamlar,
Yarım vəfasız çıxdı, səhvimi etdim iqrar.
 
Yusifin də başına bəlalar açdı dövran,
Qardaşlar arasında baş verən bir nifaqdan.
 
Qəlbə təsir etsə əgər qüssə, qəm,
Odlu göz yaşları yağdırar o dəm.
 
Tale üz döndərib yıxsa hər kəsi,
Ondan uzaq qaçar hətta kölgəsi.
 
Düşmən çox olsa da, ölüm gerçəkdir,
Hamısı torpağa çevriləcəkdir.
 
Sırf yalandır qəlbi əyri kəslərin dil əzbəri,
Fitnə əhli onların olmuş hər işdə rəhbəri.
 
Şeytan övladı olub, girmişlər insan cildinə,
Xəlqə olmuşlar ləkə, bundan utanmaz üzləri.
 
Bilməz özləri belə kimdir atası onların,
Bu cəhətdən Adəmə, İsaya var nisbətləri.
 
Bu cahanda hər biri röhbanu rəhbər olsa da,
Yoxdur əslində nə din, nə doğru yolla işləri.
Həm qoca, həm gəncləri İblisin ardınca gedər,
 
Bunların Əhməd deyil, İblis olub peyğəmbəri.
 
Məscid olmuş onlara sanki uşaqtək bir beşik,
Yəni, həm yatmaq yeri, həm də rahatlanmaq yeri.
 
Onların qəlbi sönüb dostluqlarının şəmitək,
Mütləqa bədnam olub arvadlarıtək dinləri.
 
Mərdi alçaldıb, tutar namərdi dövrantək uca,
Onların dövran kimi yoxdur vəfada əlləri.
 
Cütləşib halqa – qıfıltək, oldular erkək – dişi,
Xeyrə yol bağlandı, doğdu, bəslədi onlar şəri.
 
Lovğalıqla özlərindən dəm vurarlar daima,
Büsbütün əşarı boş, naxış olar dəvətləri.
 
Zəmanədə axtarma rahatlıqdan bir əsər,
Umma ki, dünya sənin dərdinə dərman edər.
 
Qəm oduna yan, kül ol, yaddan istəmə məlhəm,
Öz dərdinə özün qal, kimsəni bilmə həmdəm.
 
Çərxin qumar evində hərif tapılmaz sənə,
Dəhrin karvansarası düşərgə olmaz sənə.
 
Nəhəng udsa da səni, haray salma, səbr elə,
Girdabda boğulsan da, əl uzatma sahilə.
 
Vəfa adlanan sifət zəmanədə tapılmaz,
Gözləmə ki, o edər səni bəladan xilas.
 
Yanıb, ümid xərmənin külə dönsə də əgər,
Göz dikmə ki, rüzigar zərərini ödəyər.
 
Vermə dünyaya könlün – o qiymətli gövhəri,
Çünki bu dünya deyil o gövhərin dəyəri.
 
Şadlıq xəzinəsinə ağalıqla yiyələn,
Ruzi verən mələyə heç vaxt ağız açma sən.
 
Qənaətin vəsfində dörd kitab oxumusan,
Tamahkarlıq dərsinə başlama əlifbadan.
 
Varlanmağa çalışma, yoxsulluğa et şüar,
Yelqovana baş əymə, külək sənə at olar.
 
Könlünün boğazına şərab tökmə kuzətək,
Sürahitək yetənə xidmət etməkdən əl çək!
 
Acından ölsən belə, xəsislərin önündə,
On dilli sünbül kimi, gedib, əyilmə gündə.
 
Qoy ürəyin ağrısın, qızdırmadan cana gel,
Gülqənd üçün, nar üçün ona, buna açma əl.
 
Dostlara bel bağlama, tək yaşa, azad yaşa!
Həmdəm axtarıb, açma ağız qohum – qardaşa.
 
Yusifin əhvalını hər zaman yad edərək,
Aciz qalsan, istəmə qardaşlarından kömək.
 
Zaman sərgərdan etmiş səni, məkan – bağrı qan,
Umma fərəh, rahatlıq nə məkan, nə zamandan.
 
Ey Xaqani, ümidin ipini kəsmiş zaman,
Ömr ipini kəssə də, aman istəmə ondan.
 
Yoxsulluqda taparsan əbədilik nəqşini,
Ondan başqa nə varsa, tez keçəcək aradan.
 
Xoşdur guşənişinlik, zorla zərə uyma gəl,
Qəm yemə dövlət üçün, yoxsulluqdur şərəf, şan.
 
Bilirsənmi, bu aləmdə asudə kimdir?
O kəsdir ki, xalq yanında möhtərəm deyil.
 
Mal və şöhrət sahibidir bu gün alçaq adamlar,
Nəfsə əsir olanların bazarıdır bu bazar.
 
Bu ötərgi qəm evində varsa şadlıq əsəri,
Onlar olar şad ki, yoxdur insanlıqdan xəbəri.
 
Keçmə önə bu dünyada, get, üzlətdə tut qərar,
Qoy yuxarı başa keçsin daldan gələn adamlar!
 
Yaxşı adam pislik görür bu dünyaya gələndən,
Nə eyləsin dünya, ancaq pislik gəlir əlindən.
 
Çalış , alçaq adamlardan tikə alma dünyada,
Onlar səni rüsvay edər, gedər hörmətin bada.
 
Üzdən parlaq olsalar da, içləridir qapqara,
Ayna adı vermək olar bu cəhətdən onlara.
 
Qanmazların əlindədir var – dövlətin hamısı,
Yeyər İsa süfrəsindən nemət eşşək arısı.
 
Namərdlərlə xadimlərdir tutan bu gün cahanı,
Bu dövrandır xacələrlə xəsislərin dövranı.
 
Ey Xaqanı, pak duyğuyla bəzə hər bir sözünü,
O dünyada bir məqama çatdır barı özünü.
 
Zəmanədə qalmamışdır vəfadan bir əlamət,
Bu dünyada nə dost qalmış, nə dostlarda sədaqət.
 
Dünya açıb əl – qolunu bizə etməkçün cəfa,
Əfsus, onun qarşısında dayana bilməz vəfa.
 
Mən sizi bilməyirəm, özümsə çox sınadım,
Zəmanənin işində qanun – qayda görmədim.
 
Zəmanə dostlarını çox sınadım, nəhayət,
Əhdinə sadiq olan bir aşina görmədim.
 
Axtarsan bu yeddi iqlimi əgər,
Tapmaq kərəm əhli olmuşdur mahal.
 
Təkcə bizim ölkəmizdə vəfa yoxdur, zəni eləmə,
Yer üzünün heç yerində ondan bir iz yoxdur əsla.
 
Alt – üst elə sərin ahla bu yaşıl nərdtaxtanı,
Heç bir hərif oynamamış cığallıqsız taxtada.
 
Boş arzuyla əlac olmaz ürəyinin mərəzinə,
Çünki, təkcə kükürd ilə əldə edilməz kimiya.
 
Bu dünyanın zatında, bax, heç insafdan yoxdur əsər,
Rahatlıqçün, səadətçün yaranmayıb sanki bəşər.
 
Fəlakətin dalğasından təkcə onlar xilasdır ki,
Hələ varlıq yurdu olan bu dünyaya gəlməmişlər.
 
Asudəlik axtarma sən mavi çadır altında, gəl,
Aləm bilir, olmamışdır bir kimsəyə bu müyəssər.
 
Döz aldığın yaralara, çünki, bütün insanlara,
Yara vurar, məlhəm verməz mürüvvətsiz bu fələklər.
 
Qan içməkdən başqa bir şey cananlardan gözləmə,
Vəfasızdan vəfadarlıq heç bir zaman gözləmə!
 
Vərəmlədin keçirdikcə gözəlləri sınaqdan,
Bu dünyada bir xoş əməl sən onlardan gözləmə!
 
Yaxşılardan yamanlığın mümkündür baş verməsi,
Yamanlardan yaxşılıqsa olmaz, inan, gözləmə!
 
Meydən əgər sirkə almaq hər bir zaman mümkünsə,
Sirkədən mey almağa heç olmaz imkan, gözləmə!
 
Gəl, vəfasız yardan, könül, istəmə bir köməklik,
Qan içəndən sən özünə qayğı bir an gözləmə!
 
Sən yarlardan kömək umma, onlar yar yox, mardırlar.
Yeri gəldi, sancacaqlar, heç bir aman gözləmə!
 
Olma fələklə dost, deyil xoş təbiəti,
Tərk et cahanı, burda qalan ələman çəkir.
 
Pis danışır, qoy danışsın, ləyaqəti ondadır,
Mənim ancaq pislik deyil, yaxşılıq olmuş payım.
 
Əgər mənə qarşı o öz gövhərini göstərir,
Mən də açım gövhərimi, o sönsün, mən parlayım.
 
SON
 
(“Müxtəlif şerlər”indən)
 
Sənə fitva vermərəm, hiyləyə əl atasan,
Xalqlar üçün ölümdür hiylə bəlası, inan!
 
Hiylə oğurluq kimi şirindir əvvəl - əvvəl,
Acılığı duyular sonra – kəsildikdə əl.
 
Hiyləgərlik üzündən sənin üzün qızarar,
O üzv ki, qızarır, yəqin ki, onda şiş var.
 
Vəfa məhəlləsində, çalış, məskən edəsən,
Bil ki, bu möhkəm evdə hər qəmdən asudəsən.
 
Sənə vəfalı olmaq tövsiyə etdim, amma,
Bu gün vəfadan bir iz, görən, varmı dünyada?
 
Az dostluq et həyatda, dostluq etsən də əgər,
Güzəşt olsun şüarın, budur dostluqda hünər.
 
Əgər korluq pərdəsi gəlməmişdir gözünə,
Birini dost qovubsa, yaxın qoyma özünə.
 
Qovubsa bir nəfəri töhmətlə dostu, aman,
Ev adamın da olsa, qoyma girə qapından.
 
Başqasının əliylə yüksələrsə bir alçaq,
Əlbəttə, qədir bilməz, duz – çörəyi danacaq.
 
Sənin hörmət etdiyin, öydüyün bir anlamaz,
Zəni edər ki, heç nədə dahidən geri qalmaz.
 
Nanəcibin yalandan qoltuğuna vermə sən,
Zatıqırıq sevir ki, onu tərif edəsən.
 
Bir məsəl var: nökəri tərifləsən, qudurar,
Sanar, əmin oğludur, qulluğunu unudar.
 
Xidmətçinin yerində o bir daha oturmaz.
Elə bilər ağadır, heç bir işə əl vurmaz.
 
Böyüklərdə yumşaq yox, sərt olmalı təbiət,
Sıldırım qayaların sifətidir bu sifət.
 
Xülasə, bir axmağı ağıllıya tutma tay!
Ağıllını baş bilib, səfehləri ayaq say!
 
Salma qəmə, möhnətə ağıllı insanları,
Qənimətdir xalq üçün, bil, onların canları.
 
Adam demə hər yetən avaraya, amandır!
Adam var, təbiəti şeytandan da yamandır.
 
Böyüklüyü göstərmir uca boy, enli kürək,
Hümmətiylə böyükdür yumruq boyda bir ürək.
 
Bizim zəmanəmizdə belə qayda varsa da,
Şagird gölə gözüylə baxmamalı ustada!
 
Şagird gölə olmasın deyə, ona gərəkdir,
Ustad bilsin ağlını, ağıl ona köməkdir.
 
Ədəbli ol, unutma, ədəb qılıncı ilə,
Ərəb əcəm mülkünü asan keçirmiş ələ.
 
Sədaqətlə, ədəblə xalqa yaxınlıq et sən,
Elə bil ki, Tanrıya yüz ibadət etmisən!
 
Cahilləri öymə ki, sərvəti var, malı var,
Elmiylə, hikmətiylə öyünməli insanlar.
 
Hünərindən danışdın, bəsdir bir neçə kəlmə,
Cah – cəlal sahibinin eybini də az bilmə!.
 
Dinlə bu incə fikri, Xəqanidən pay apar,
Onun söz mizanının öz xüsusi vəzni var!
 
Yaxşı qorun pislərdən, demə bu söz yalandır,
Pis adam ya kor əqrəb, ya da ki, kar ilandır!
 
Gəl ürəkdə hər nə varsa, göstərək,
Yaxşı insanlar yolunda baş verək.
 
Mehribanlıq eyləyək dərd əhlinə,
Var – yoxu dərvişə təslim eyləyək.
 
Hüsnünə göz dəyməməkçin, biz oda,
Gəl, üzərlik yox, tökək gözdən bəbək.
 
Gözlərimiz görür hər gün köçdüyünü dostların,
Bunu görən göz nə üçün ibrət almır onlardan?
 
Toplasa da bu dünyanın dövlətini, varını,
Bir kəfəndən başqa göra nə aparır, de, insan?
 
Qəbristanın bir küncüdür bizim əsil yerimiz,
Ömrümüzün xoş anıdır o mənzilə keçən an.
 
Qəm yemə, dünyada yoxsa həmdəmin, ol şadnam,
Üzlətin təblini döydür, tut fələklərdə məqam!
 
Əlhəzər, bir kimsənin göz dikmə malü mülkünə,
Əyməsin dik başını dünyada izzü ehtişam!
 
Dövrümüzdə baş əyənlər daima məğlub olur,
Canına and içmə dostun, düşməninə olma ram!
 
Süfrəsindən padşahın it kimi umma sümük,
Öz ətindən, öz qanından nəfsinə sən ver təam!
 
Başqalardan ruzu alma, kor çırağa oxşama,
Şam kimi ol, öz vücudunu yeməkdə et davam!
 
Baxma ki, dövlətə çatdıqca xoşsan,
Ona çatmaqda da yoxdur etibar.
 
Dövlətin əvvəli qürur olsa da,
Ortası oyundur, sonu ahü zar.
 
Şəraba bənzər ki, əvvəli – fitnə,
Ortası – məstlikdir, axırı – xumar.
 
Yaxşılara yamanlıq istəyən bir adamın,
Yaxşı baxsa, özünün qarşısına çıxar şər.
 
Hər kəs kəssə həyanın gözündəki damarı,
Əcəl onun ömrünün damarını tez kəsər.
 
Dostlarına dünyada zəlillik istəyəni,
Özü zəlil bir halda dünyadan köçüb gedər.
 
Yaxşılığa yamanlıq eyləyən namərdlərin,
Özü öz əməlinin cəzasına yetişər.
 
Zəmanədə varın yoxsa, ağılın nə xeyri var?
Əli vardan boş olanın zəkasına nə hacət?
 
Bu həyatın xoşluğuna uyma, fələk cəlladdır,
O, yaxşıya, pisə baxmaz, baş kəsmək – ona adət.
 
Mərd odur, dərdin əlindən etməsin heç ahü zar,
Dərd odur, mərdin yanında daim olsun bərqərar.
 
Pak insanlar kimi Allaha bağla etiqad,
Əzməsinlər ta səni torpaqtək alirütbələr!
 
Fazil insanlarla dost ol, ta ki, qansınlar səni,
Dost avamdırsa, Günəş olsan, səni bir Ay bilər.
 
Bir könüllü ol cahanda, bir könüllü olmayan,
Xalq gözündə qiyməti birdən ona qalxar məgər?
 
Birkönüllü olmayandan açma söz, bir ölkədə,
İki sultanın adı ilə oxunmaz xütbələr.
 
Başçılardan arxada əyləş çatanda mənzilə,
Kim gəmidə dalda əyləşmişsə, qabaqca o düşər.
 
Dostluq etsən, hər işində qorxmaz ol, mərdanə ol,
Qorxaq olsa ordunun sərkərdəsi, çalmaz zəfər.
 
Başçılar hər nə deyərsə, yaxşı dinlə, et əməl,
Salmasınlar ta ki onlar da sənə əyri nəzər!
 
Sən vəhdətdən bir söz belə açma qanmaz adamlara,
Ağılsızdır naçinslərdən şəfqət, kərəm, şadlıq uman.
 
“Əlif” kimi tək dolansan daim başda olar yerin,
Başqasıyla birləşincə, keçib sonda oturarsan.
 
Əgər cahil eyb tutsa paltarına, zərər yoxdur,
Ay tutulmaz it hürəndə, köpək hürər keçər karvan!
 
“Quran”ı da al və sarı rənglə yazmaq olar, bəli,
Sən də sarı, ya qırmızı paltar geysən, deyil nöqsan.
 
Çalış, gültək, cavanlıqda qoca görün aşiqlərə,
Zahidlərtək sərv kimi qocalıqda olma cavan!
 
Oğlun, qızın yoxdursa da, haqq yanında hörmətin var,
Bilmirsənmi “Quran”dakı “Ləmyəlid”də var şərəf, şan.
 
Övladdan da qiymətlidir məna dolu fikirlərin,
Ailədən əzizdir o mənalar ki, yaratmısan!
 
Hamı sənə məhrəm olur nemət verən zaman sən,
Möhnət günü hey nalə çək, yari – məhrəm tapılmaz.
 
Bir dostuna qəmlərindən etsən əgər şikayət,
Deyər: - Allah kömək olsun, xalqda kərəm tapılmaz.
 
Bilirsənmi bu aləmdə kim asudə yaşayır?
O adam ki, batsa aləm, onda ələm tapılmaz.
 
Təbiidir, yoxdur elə bayram günü cahanda,
Qurulmasın yüz min yerdə o gün matəm, tapılmaz.
 
SON
 
(“Qəzəllər”indən)
 
Aşiqlik dünyasına qədəm qoymayan insan,
Ürəyinə gözündən axıtmamışdır al qan.
 
Hər kəsə ki, vurmayıb qəm oxunu məhəbbət,
O, eşqin qüdrətini biləcəkdir haradan?
 
Sevginin mənasını duya bilməz o kəs ki,
Günü vüsaldan ayrı keçməmişdir bircə an.
 
Yazıqlar, vay o qəlbi yanmış aşiqlərə ki,
Bir qədəm ayrılmamış eşqin astanasından.
 
Onun şadlıq gününü görən yoxdur, gün nədir?
Ona toxunmamışdır şadlıq yeli arxadan.
 
Məhəbbət bir bəladır ki, yoxdur onun dərmanı,
Aşiq canı tərk etsə də, ata bilməz cananı.
 
SON
 
(“Qitələr”indən)
 
Bir tikə çörəyə, suya qane ol,
Nə sərvət, nə mənsəb, nə ağa axtar!
 
Gənclik bir qızıldır, ömrün əlindən,
Düşərək torpağa, yox oldu birdən.
 
Tapmaq həvəsilə həmin qızılı,
Torpağı yuyuram göz yaşımla mən.
 
Ey Xaqani, könül vermə gücü artan dostuna,
Düşməndən də zərər görsən, qüssələnmə - heç zaman.
 
Allahdandır yaxşı – yaxşı nə baş versə dünyada,
Buna görə dost – düşməndən olma heç vaxt bədgüman.
 
Allah Özü nəzər salsa sənin güzəranına,
Nə düşməndən xovf et, nə də kömək gözlə dostlardan!
 
Bir dostuna arxalanıb, işə əncam vermə heç,
Bu dost bir gün düşmən olub, sənə vurar çox ziyan.
 
Düşmənə də kinli olub, zərər vurma ona sən,
Dönüb bir gün dost olarsa, halın olar pərişan.
 
Dostun sənin hünərini tərifləsə, nə eybi,
Ancaq düşmən eyib tutsa, artar hünərin, inan!
 
Çünki, ondan qorxub, daim çalışarsan cəhd ilə,
Dostun isə tərifindən boş təkəbbür taparsan.
 
Demək, düşmən tənəsinin mənasında dostluq var,
Kəmalə tez çatmaq üçün sənə olar nərdivan.
 
Belə isə, uzaq düşmən yaxın dosta çevrilər,
Dostunsa öz tərifilə kəsilər sənə düşman.
 
Kimlə dostluq etsən, ona həddən artıq bağlanma.
Düşməndən də qafil olma ki, xətərə düşər can.
 
Sözlərimi əgər qəbul etməyirsə şüurun,
Onda bil ki, şüurunda vardır böyük bir nöqsan.
 
Hər kimi qudurtsa dövləti, varı,
Axırda rast gələr min fəlakətə.
 
Kül olsun başına elə dövlətin,
Ki, salar sahibin dərdə, möhnətə.
 
Afərin deyərəm o dövlətə ki,
Sərf olar həmişə xalqa xidmətə.
 
Külək səpələrsə göyə torpağı,
Yenə də döndərər yerdə nemətə.
 
SON
 
(“Rübailər”indən)
 
Kimin ibadətdə yoxsa qüsuru,
Parlayar üzündə səadət nuru.
Xalq onun üzünə hörmətlə baxar,
Artar xalq içində onun qüruru.
 
Dostuna söz verdin, əməl et hər an,
Əhdini, əzizim, pozma heç zaman.
Hər nəfəs aldıqda Allaha şükür et,
Ta kərəm göstərsin sənə Yaradan.
 
Uzaq ol zəmanə adamlarından,
Bu müdrik sözləri unutma bir an!
Saat şüşəsitək saf olsalar da,
İçləri toz ilə doludur, inan.
 
El səni çox sevər, lovğalanmasan,
Elinə xeyir ver, çəksən də ziyan.
Xurma ağacıtək paltarını at,
Torpağa dayanıb yüksəl hər zaman.
 
Təkəbbür göstərib, fəxr etmə, aman,
Təkəbbürlə çatmaz murada insan.
Gözəlin saçına bənzə, əzizim,
Hər görən ürəyi tez ovlayasan.
 
Ey Allah lütfilə var – dövlət tapan,
Hərdən, bir yazığa rast gələn zaman,
Gərəkdir sən ona kömək göstərib,
Edəsən könlünü bir az şadiman.
 
Kişiyə şərəfdir bilik, etibar,
Hörmət təvazölə olar bərqərar.
Özünü çəkənlə oturma, bil ki,
Həmişə yüngül şey yüksəkdə olar.
 
Ey qəlbi nur alan bir mərifətdən,
Günahla özünü salma hörmətdən.
İmana qəsd edir nəfsin, ayıq ol,
Özünü qoru sən bu qəbahətdən.
 
Xəqani, cəfa görsən əgər hər kəsdən,
Pisliklə ona vermə cavab gəl qəsdən.
Burda elə iş tut ki, cahan əhliylə,
Qəm çəkmə özün görəndə hər nakəsdən.
 

SON

ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?