İSLAMA XİDMƏT
   
 
  3. Allahın nemətlərindən düzgün bəhrələnməyin yolları haqqında

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)

 
İslam əxlaqı seriyası – 3 (01.06.2008)
 
ALLAHIN NEMƏTLƏRİNDƏN DÜZGÜN
BƏHRƏLƏNMƏYİN YOLLARI HAQQINDA
 
“Ey Əbuzər, nəsihətlərimə lazımınca əməl et ki, hər iki dünyanın xoşbəxtliyini əldə edə biləsən.
Ey Əbuzər! Camaatın əksəriyyəti iki böyük nemətdən qafildirlər, onların qədrini bilmirlər; biri sağlamlıq, digəri isə asudəlikdir.
Ey Əbuzər! Beş şey gəlib səni yaxalamamış, beş şeyi özün üçün qənimət bil: Cavanlığı qocalıqda, sağlamlığı xəstəlikdən, güc və qüvvəti zəiflikdən, asudəliyi giriftarçılıqdan və həyatı isə ölümdən əvvəl.”
(Muhəmməd Peyğəmbər (s))
 
 
ALLAHIN NEMƏTLƏRİNDƏN DÜZGÜN
BƏHRƏLƏNMƏYİN YOLLARI HAQQINDA
“Ey Əbuzər, nəsihətlərimə lazımınca əməl et ki, hər iki dünyanın xoşbəxtliyini əldə edə biləsən. Ey Əbuzər! Camaatın əksəriyyəti iki böyük nemətdən qafildirlər, onların qədrini bilmirlər; biri sağlamlıq, digəri isə asudəlikdir. Ey Əbuzər! Beş şey gəlib səni yaxalamamış, beş şeyi özün üçün qənimət bil: Cavanlığı qocalıqda, sağlamlığı xəstəlikdən, güc və qüvvəti zəiflikdən, asudəliyi giriftarçılıqdan və həyatı isə ölümdən əvvəl.”
İnsan daim öz səadətini əldə etmək üçün çalışır və ona qovuşmaq üçün özünü oda – közə vurur. Başqa təbirlə desək, səadətə çatmaq, xoşbəxtlik insanın zati istəyi olub, onun əsas hədəfi syılır. Ona görə də bu səadətə çatmaq üçün vurnuxur, onu səadətə aparacaq yolları arayır. Peyğəmbər bunu nəzərə alaraq buyurur ki, əgər mənim dediklərimə qulaq asıb onlara əməl etsən, öz fitri istəyinə - dünya və axirət səadətinə qovuşacaq, əgər üz döndərsən, həmin səadətdən məhrum olacaqsan. Peyğəmbərin (s) bu ifadəni işlətməsinin əsas səbəbi, Əbuzərin deyilənləri daha yaxşı qavrayıb, qəbul etməsi üçün idi. Necə ki, hər hansı bir insan sağlamlığını yenidən bərpa etmək üçün həkimə müraciət edir; həkim isə onun üçün müəyyən nüsxə yazır və yalnız buna əməl edəcəyi təqdirdə sağlamlığını yenidən əldə edə biləcəyini bildirir. Bu təkidin ardınca Peyğəmbər (s) buyurur:
“Ey Əbuzər! Camaatın əksəriyyəti iki böyük nemətdən qafildirlər, onların qədrini bilmirlər; biri sağlamlıq, digəri isə asudəlikdir.”
 
SAĞLAMLIQ VƏ ASUDƏLİK İNSANLARIN QAFİL OLDUQLARI
İKİ BÖYÜK NEMƏTDİR
Sağlamlıq və asudəlik, Allah – təalanın insanlara bəxş etdiyi iki qiymətli nemətdir. Lakin insanların əksəriyyəti onun qədrini bilmirlər və çox asanlıqla əldən verirlər. Bu cəhətdən Peyğəmbər (s) öz nəsihətində Əbuzərə, başqaları kimi bu nemətləri ucuz satmamasını, onların qədrini bilməsini tapşırır.
Allah – təala insanın ixtiyarında saysız – hesabsız dəyərli, son dərəcə qiymətli nemətlər qoymuşdur. Lakin insan bu nemətləri çox asanlıqla və heç bir qarşılığı olmadan, müftə əldən verir. Bəlkə də, insan bu nemətlərin qazanılmasında heç bir zəhmət çəkmədiyi üçün belə edir. Insan nəinki özündə olan nemətlərin haqqını ödəmir, üstəlik bu nemətləri özünə heç bir faydası olmayan günah işlərdə sərf edir.
Belə dəyərli nemətlərdən biri də sağlamlıqdır ki, sağlam insan ona heç vaxt diqqət yetirmir. Onun qədrini ancaq xəstələnəndən sonra bilir. Balıq nə qədər ki, sudadır, suyun qədrini bilmir, elə ki, sudan qırağa atıldı, onda suyun əhəmiyyətini başa düşür.
Bir an öz sağlamlığımız haqqında düşünək. Minlərlə xəstəliyin, bəlanın cismimizi təhdid etdiyi bir vaxtda sağ – salamat ömür sürürüksə, bundan böyük nemət nə ola bilər?! Biz həyatımızın hər bir anında böyük nemətlərin daşıyıcısıyıq. Halbuki, bu nemətlər həmişəlik deyil və hər an onu itirə bilərik.
Buna oxşar sözü Peyğəmbər (s) başqa bir yerdə də buyurmuşdur:
“İki böyük nemət vardır ki, heç vaxt onun qədrini bilmirik: Sağlamlıq vəəmniyyət (təhlükəsizlik və sabitlik).” (“Biharul - ənvar”, cild 81, fəsil 1, səh: 170)
Peyğəmbər (s) işarə etdiyi ikinci nemət fərağət olub rahatlıq və asudəlik mənasındadır.
Insan həyatı boyu müxtəlif hadisələrlə üzləşir. O, həyatının bəzi vaxtlarını rahat və sakit yaşayır. Belə anlarda onun özü və gələcəyi haqqında düşünmək imkanı olur. Insan bu anları fürsət bilib, öz əxlaqını saflaşdırmalı, ruhi vəziyyətini düzəltməyə çalışmalıdır. Hər halda insan, ömrünün müəyyən anlarını cismi və ruhi cəhətdən sağlam və sakit yaşayır. Insan ömrünün bu anları həddən artıq qiymətli hesab olunur; kamala yetişmək və düşünüb – danışmaq üçün əlverişli fürsət yaradır. Ola bilər ki, insan həyatı boyu müxtəlif problemlərlə üzləşsin və bu səbəbdən də, başı həmişə dünyəvi işlərə qarışsın. Ömrü boyu rahatlığın nə olduğunu bilməsin. Bir an asudə nəfəs almağın, dərddən, problemdən uzaq olmağın həsrətini çəksin. Amma nə etmək olar ki, zaman geri qayıtmır. Ələ düşən fürsətlərdən lazımınca istifadə etmək barədə Əmirəl - möminin Həzrət Əlinin (ə) belə bir sözü vardır:
“İnsan ömrü (vəələ düşən fürsətlər) bulud kimi keçib gedir. Əlverişli fürsətləri əldən buraxmayın.” (“Vəsailuş – şiə”, cild 16, səh: 84, fəsil 91)
İnsanın qarşılaşdığı problemlər, əsasən ailədə baş vermiş anlaşılmazlıqlar üzündən və ya ailənin ağır məsuliyyətləri səbəbindən, bəzən də cəmiyyətdə bağlı olduğu məşğuliyyətlər üzündən ortaya çıxır. Bu problemlər insanın bütün fikrini özünə məşğul edir. Bir anda olsun ona özü, keçmişi və gələcəyi barədə düşünməyə imkan vermir. Əksinə, bəzi insanlar da vaxt boşluğundan şikayətlənirlər, həmişə başlarını qarışdırmağa əyləncə, məşğuliyyət axtarırlar. Öz qiymətli vaxtlarından necə istifadə etməyi bilmirlər. Krossvord həll edir, saatlarla televizorun qabağında oturub o kanala – bu kanala baxır, ya da qabağlarına bir torba tum qoyub çırtlayırlar. Belələri həmin o dövlətliyə bənzəyirlər ki, əlində olan hesabsız sərvəti, pulu xərcləməyə, məsrəf etməyə yer tapa bilmir və belə fürsət əlinə düşüəndə də pulunu havaya sovuraraq, bu hərəkətindən ləzzət alır. Əgər belə adama rast gəlsək, onun dəli olduğunu güman edərik. Daha xəbərimiz yoxdur ki, bizim əksəriyyətimiz elə bu cür divanələrdənik. Dünya sərvətləri ilə müqayisə olunmaz ömür sərmayəmizi orda – burda nəfsimizin atəşinə qurban veririk.
Həqiqətdə, belə insanlara müflis və məğbun deyilməlidir. Məğbun o kəsdir ki, əlində olan bahalı malını satıb, əvəzində qiymətsiz, dəyərsiz şeylər alır. Insan ömrünün sərmayəsi ilə bərabər tutulacaq dünya malı tapmaq olmaz və əgər onun üçün qiymət müəyyənləşdirməli olsaq, ən azı bu alış – verişdə əvəzi Cənnət olmalıdır. Onda nə qədər ki, rahatlığınız əldən çıxmayıb, onun qədrini bilin. Bir işə qol qoymazdan əvvəl həmin işin xeyir və zərəri haqqında düşünüb, sonra işə başlayın. Hər zaman sizə faydası və əhəmiyyəti olan işlərdən yapışın.
 
CAVANLIQ – ÖMRÜN ŞƏN ÇAĞLARI
“Ey Əbuzər! Beş şey səni haqlamamış, beş şeyi qənimət bil: Birincisi budur ki, qocalıq başının üstünü almamış cavanlığını qənimət bil...”
Şən və çılğın əhval – ruhiyyə ilə müşahidə olunan cavanlıq illəri insan ömrünün ən gözəl dövrü hesab olunur. Düzdür, insan ömrü əvvəldən axıra qədər böyük nemətdir, lakin cavanlıq illəri bu nemətin ən şirin çağlarıdır. Bu cəhətdən də, Həzrət (s) əvvəl cavanlıq dövranını yad edir və axırda həyatın əsl əhəmiyyətinə toxunur.
İmam Xomeyni (r.ə) də tez – tez çıxışlarında deyirdi: “Ey cavanlar! Cavanlığınızın qədrini bilin.” Çünki bu elə bir nemətdir ki, ondan düzgün bəhrələnməklə insan kamala çatıb, ilahi tərəqqiyə nail ola bilər. Halbuki, qocalıq çağlarında bu məqamlara yetişmək ehtimalı çox zəif olur. Elə bu səbəbdən də imamlarımız öz çıxışlarında bu həqiqətə işarə etmişlər. Həzrət Sadiq (ə) bu barədə belə buyurur: “Hər cavan mömin Quran oxuyarsa, Quran onun ətinə, qanına qarışıb, cisminə və ruhuna nüfus edər.”
Cavan adam yaş çubuq kimidir; hansı tərəfə əysən, o tərəfə də əyilər. Bu baxımdan onu haqqa tərəfə yönəltsən, haqqı tez qəbul edər. Bu dövrdə insanın özünü islah etməsi, çirkin adətlərdən təmizləməsi daha asandır. Məhz bu dövrdə insan;
- Başqa dəyərlərə nisbətən? Haqqı daha tez qəbul edir;
- Sağlam bədənə malik olduğu üçün öz ictimai vəzifələrini həyata keçirməkdə daha fəal hərəkət edir;
- Güclü cismə və ruha malik olduğu üçün öz ilahi təkliflərinə daha yaxşı əməl edə bilir;
- Əxlaqi rəzilətlərlə mübarizədə güclü olur;
- Güclü iradə və zehni sayəsində elmin dərin üfüqlərinə gedib çıxa bilir;
- Yorulmadan düşünüb, təfəkkür edə bilir;
- Fəzilətli sifətləri özündə cəmləşdirib, sabit hala gətirə bilir.
Əksinə, qocalıq illəri ömrün cismi cəhətdən zəif, əldən düşdüyü dövrdür. Bu illərdə insanın şəxsiyyəti formalaşma dövrünün sonuna çatır və onu dəyişmək, adətən, qeyri – mümkün olur. Bir sözlə, qocalıq, insanın cismi və ruhi cəhətdən süstlüyə qədəm qoyduğu bir dövrdür.
Qurani – Kərimdə üç yerdə qocalıq “şəyb” və “şəybə” təbiri ilə verilmiş, dörd yerdə isə “şeyx” və “şuyux” kimi işlədilmişdir. Həmin misalların əksəriyyətində bu dövr, insan ömrünün təbii cəhətdən zəif illəri kimi göstərilir. Məsələn, Həzrəti Zəkəriyya (ə) barəsində buyurulur:
“Dedi: “Pərvərdigara! Qocalıq sümüklərimi süst etmiş, saçlarımı ağartmışdır.” (“Məryəm” surəsi, ayə 4) və həmçinin, insan həyatının mərhələləri barəsində buyurur: “Allah (şadlıq və cavanlıq dövranından) sonra zəifləmək və qocalıq dövranını qərar verdi.” (“Rum” surəsi, ayə 54)
Bunlardan əlavə, qocalıq dövrünün acizliyinə Quranın bir çox yerlərində müxtəlif təbirlərlə işarə olunmuşdur.
Cavanlıq dövrü ixtiyarımızda olan son dərəcədə qiymətli bir fürsətdir. Bu fürsətdən istifadə edib, əxlaqı rəzilətlərin təmizlənməsi ilə məşğul olmalıyıq. Çünki qocalıq illərində bu iş olduqca çətin olur. Təəssüflər olsun ki, insan bir şeyi hiss etmədən, təcrübə etmədən həmin şeyə inanmır. Yəni qocalıb beli bükülməyincə, qocalığın ağrı – acılarını dərk edə bilmir. Doğrudur, qocalıq haqqında deyilənlər və özünün şəxsi müşahidələri vasitəsi ilə kifayət qədər məlumatlı olur. Lakin bu məsələni lazımınca dərk edib, inana bilmir. Elm və mərifətin uca dərəcələrinə yüksələn böyük şəxsiyyətlər olub ki, hələ də onlarda cavanlıq dövründən qalma zəif əxlaqi nöqtələr müşahidə edilir. Onlar bu zəif cəhətlərini ya cavan olanda başa düşməyiblər, ya da başa düşdükləri halda onu düzəltməyə səy göstərməyiblər. Hər halda həmin zəif nöqtə sağalmaz xəstəlik kimi köhnəlib əlacsız qalmışdır.
 
  
Bu yazılar böyük İslam alimi Doktor Misbah Yəzdi – nin “Axirət azuqəsi (Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)” adlı əsərinin 1 – ci cildindən götürülərək hazırlanmışdır.
 
  
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?