İSLAMA XİDMƏT
   
 
  3. Hz. Əlinin (ə) oğlu Hz. Həsənə (ə) Nəsihəti
“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)
 
BÖYÜK USTADLARDAN HİKMƏTLİ NƏSİHƏTLƏR SERİYASI – (21.06.2008)
 
 
HİKMƏTLİ NƏSİHƏTLƏR
 
“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)
 
 
HZ. ƏLİNİN (Ə) OĞLU HZ. HƏSƏNƏ (Ə) ETDİYİ NƏSİHƏTLƏRDƏN
BİR DƏSTƏ
 
“Oğlum, sənə tövsiyə edirəm ki, Allahdan qorxasan, Onun əmrlərinə itaət edəsən, Onu yada salaraq qəlbini pak saxlayasan, Onun ipindən tutasan, səninlə Allah arasında ondan daha saf hansı səbəb, hansı vasitə ola bilər ki?”
 
HZ. ƏLİNİN (Ə) OĞLU HZ. HƏSƏNƏ (Ə) ETDİYİ NƏSİHƏTLƏRDƏN
BİR DƏSTƏ
Oğlum, sənə tövsiyə edirəm ki, Allahdan qorxasan, Onun əmrlərinə itaət edəsən, Onu yada salaraq qəlbini pak saxlayasan, Onun ipindən tutasan, səninlə Allah arasında ondan daha saf hansı səbəb, hansı vasitə ola bilər ki?
Qəlbini öyüdlə dirilt, zahidliklə öldür, bütöv inamla qüvvətləndir, hikmətlə işıqlandır, ölümü yada salmaqla alçalt, yox olacağına inandır. Dünya dərdləriylə uzaqgörən et, zamanın hücumundan, gecəylə gündüzün pis keçməsindən çəkindir onu. Köçüb gedənlərin vəziyyətini anlat, göstər ona. Səndən əvvəlkilərin başlarına gələnləri söylə ona. Gəlib keçənlərin ölkələrində gəz, onlardan qalan şeyləri gör. Nələr tikdiklərini, hardan köçdüklərini, hardan ayrıldıqlarını, haraya düşdüklərini seyr et. Görəcəksən ki, onlardan dostlardan ayrılmışlar, qürbət diyarına köçmüşlər. Az müddət sonra sən də onlardan biri kimi olacaqsan. Bəs belə isə düşəcəyin yeri səhmanla, axirətini dünyaya satma.
Bilmədiyin şey haqqında söz söyləmə, lazım olmadığı zaman sözə girişmə. Azmaqdan qorxduğun bir yola düşmə. Çünki azıb, məəttəl qaldığın zaman o yoldan qayıtmaq, qorxulu yerlərə çatmaqdan daha yaxşıdır. Yaxşı işləri əmr et ki, yaxşılardan olasan. Yamanlığı əlinlə, dilinlə qadağan et ki, qınayan bunu qınaya bilməz. Harada olursa – olsun, həqiqət uğrunda çətinliklərin ən çətininə döz, dinin hökmlərini öyrən. Bütün işlərdə Allaha sığın. Belə etsən, hamıdan üstün bir qoruyucuya, hamıdan üstün bir qadağan edənə sığınmış, söykənmiş olarsan.
Allahdan istədiyin şeyi təkcə Ondan istə ki, vermək də Onun əlindədir, verməmək də. Xeyri çox dilə. Vəsiyyətimi anla, başqa yollara yönəlmə. Çünki sözün xeyirlisi fayda verənidir. Bil ki, fayda verməyən bilikdə xeyir yoxdur. Bilinməsi məsləhət olmayan bilikdən də faydalanmaq mümkün deyildir.
Oğlum, məndən əvvəlkilər qədər yaşamasam da, onların etdiklərinə baxmışam, xəbərlərini öyrənmişəm, başa düşmüşəm. Əsərlərini seyr etmişəm. Belə - belə onlar kimi olmuşam. Hətta sanki, birincisindən sonuncusuna qədər onlarla birgə ömür sürmüşəm. Hallarının safını bulanığından ayırmışam, faydalısını ziyanlısından seçmişəm. Hər işin vacibini, ən gözəlini öyrədirəm sənə. Üstündə əsən bir ata kimi səni düşündüyümdəndir ki, istəyirəm sənə öyrədəcəyim sifətlərə malik olasan. Öncə, üstün və Ulu Allahın kitabını öyrənməyini, təvilini bilməyini, İslam şəriətini və hökmlərini, halalını – haramını yaxşıca anlamağını nəsihət edirəm. Vəsiyyətimə bununla başlayıram, bundan başqa bir şeylə başlamıram.
Sonra ondan qorxdum ki, insanları bir – birindən ayırıb şübhələrə salan rəy və həvəs sənə də hücum çəkib şübhələrə düçar etsin. Buna görə də səni xəbərdar etməyi, görmədiyim halda onlardan sənə söz söyləməkdən daha üstün tutdum. Arzu edirəm ki, Allah doğru yolu tapmağında, dilədiyin dərəcəyə çatmağında sənə uğur versin. Bu vəsiyyəti pozmamağı sənin öhdənə buraxıram.
Bunu da bil ki, oğlum, Allahın şəriki olsaydı, ondan peyğəmbərlər gələrdi, onun bacarıq və qüdrətinin əsərlərini görərdin, onun işlərini də, sifətlərini də tanıyardın. Ancaq Özünü vəsf etdiyi kimi, O, tək Allahdır. Qüdrətdə Ona qarşı dura bilən bir varlıq yoxdur. O zavala uğramaz, əbədidir.
Oğlum, nəfsini özünlə başqaları arasında bir tərəziyə döndər. Sənə edilməsini, başına gəlməsini sevdiyin, istədiyin şeyi başqaları üçün də sev, istə. Sənə edilməsini, başına gəlməsini istəmədiyin şeyləri onlar üçün də istəmə. Necə ki, özün zülmə düçar olmağı istəməzsən, eləcə sən də başqalarına zülm etmə. Necə ki, sənə yaxşılıq edilməsini istəyirsən, sən də eləcə başqalarına yaxşılıq et. Başqasında görüb, eşidib çirkin saydığın şeyi özün üçün də çirkin bil. Sənə edilməsinə razı olacağın şeyi insalara da et. Bildiyiniz az olsa, zərəri yoxdur, ancaq bilmədiyini söyləmə. Sənə deyilməsini istəmədiyin şeyi sən də başqalarına demə. Bil ki, özünü bəyənmək doğru yoldan azdırar, ağla ziyan gətirər.
Qazanc etməyə çalış, qulluq elə, başqaları üçün xəzinə yığmaqla məşğul olma. Doğru yola yönələn zaman Rəbbinin qarşısında daha artıq əyil. Bil ki, qarşından uzaqdan uzaq, çətindən çətin bir yol var. O yola azuqəsiz düşməməyin, ancaq yükünü yüngül etməyin gərəkdir. Apara bilməyəcəyin yükü götürmə. Yüklənsən sənə ağırlıq edər. Vəbal gətirər. Kasıb – küsub adamlardan qiyamət günü sənin azuqəni yüklənəcək birini tapsan, onu qənimət bil. Sabah ona möhtac olduğun vaxt o azuqəni sənə qaytarar. Ona çox kömək et, qüdrətin varkən et bunu, çünki sonra onu axtarsan da tapmazsan. Əlində pul varkən səndən borc istəyənə ver. Dara düşəndə o sənin borcunu ödəyər.
Bil ki, göylərin, yer üzünün xəzinələri əlində olan, sənə dua etmək üçün izn vermiş, bu duanı qəbul edəcəyini də vəd etmişdir. Istəməyini əmr etmişdir – istədiyini vermək üçün. Rəhm diləməyini əmr etmişdir sənə rəhm etmək üçün. Səninlə Öz arasında heç bir pərdə çəkməmişdir. Onun dərgahında sənə şəfaət göstərə biləcək heç kimə səni möhtac etməmişdir. Pis bir iş tutarsansa, tövbə etməyi sənə qadağan etməmişdir. Sənə əzab verməkdə tələsməmişdir. Tövbəylə Ona üz tutsan, rədd etməz. Əzaba uğramağa layiq olduğun suç üzündən səni rusvay eləməz. Suç üzündən tövbə etsən, qəbul edər. Günahını üzünə vurmaz. Rəhmətindən səni məyus etməz. Hətta günahından keçməyi də bir savab sayar. Etdiyin yamanlığa qarşı bir günah yazar, tutduğun yaxşı işin əvəzində on savab verər. Sənə tövbə qapısını açmış, üzrünü qəbul etməyi vəd etmişdir. Onu çağırsan, səsini eşidər. Gizli yalvarsan, ürəyindəkini oxuyar. Ehtiyacını Ona deyərsən, ürəyindəkini Ona açarsan, dərdlərindən Ona şikayət edərsən, sıxıntıdan qurtarmağını Ondan xahiş edərsən, işlərində Ondan yardım dilərən, ömrün uzunluğu, bədənin sağlamlığı, ruzinin bolluğu kimi başqasının verə bilməyəcəyi şeyləri Ondan gözlərsən. Xəzinələrinin açarını da sənin əllərinə verərək Ondan diləməyə sənə izn vermişdir. Nə vaxt istəsən, dua ilə nemətlərinin qapılarını açarsan, şoran dilək tarlasını suvarmaq üçün rəhmətini istərsən. Nemətləri geciksə də, ümidini kəsməməlisən. Çünki vergi və ehsan niyyətlə bərabərdir. Istəyinin əcrinin çoxalması, umana daha artıq ehsan edilməsi üçün nemət gecikər. Olar ki, bir şeyi çox istəyərsən, verilməz, fəqət tez bir zamanda ondan daha xeyirlisi verilər. Çox şeylər vardır ki, sən onu istərsən, ancaq verilsə, onun üzündən dininə xələl gələr. Bu halda, gözəlliyi sənə qalacaq, vəbalı səndən gedəcək şeyi istəməməlisən. Mal sənə qalmaz, sən də əbədi olaraq mala sahib ola bilməzsən.
Bil ki, sən dünya üçün yox, axirət üçün yaradılmısan. Qalmq üçün deyil, yox olmaq üçün xəlq edilmisən. Yaşamaq üçün yox, ölüm üçün varsan. Elə bir mənzildəsən ki, ordan çıxarılıb atılacaqsan. Elə bir evdəsən ki, orda əmrə hazır olacaqsan. Elə bir yoldasan ki, o yolla axirətə gedəcəksən. Sən ölüm üçün bir ovsan. Qorxan ondan qurtula bilməz, istədiyini gec – tez tapar, əvvəl – axır gəlib çatar. Ondan qorx. Qorx ki, pis bir iş görərkən, öz – özünə “tövbə etməyim lazımdır” – deyərkən gəlib çatmasın, tövbəylə aranı kəsməsin. Yoxsa özünü həlakətə uğradarsan.
Oğlum, ölümü çox yada sal. Qəfildən düşəcəyin halı zikr et. Ölümdən sonra o hala düşəcəksən. Onu qarşında bil, gördüyünü zənn et ki, silahını taxdığın, kəmərini bağladığın bir halda tapsın səni, qəfildən gəlib üstünü almasın. Ehtiyatlı ol, dünya əhlinin dünya ilə baş qatması, dünyada beşəlli tutması səni aldatmasın. Əlbəttə, Allah dünyanı sənə anlatmışdır. Əlbəttə, dünya da özünü tanıtmışdır sənə. Yamanlıqlarını açıb – ağartmışdır, göstərmişdir sənə.dünya əhli ancaq hürən, dartınan köpək, ov dalınca qaçan canavardılar. Bəzisi bəzisiylə boğuşar, üstün gələn basılanı yeyər. Böyüyü kiçiyinə zülm edər. Dünya əhli ayaqları bağlı heyvanlardır. Bir qismi də başlı – başına buraxılmış heyvanlardılar; ağıllarını itirmiş, məchul bir yola düşmüşlər. Ayaqları quma batır. O yolda nə ot var, nə su var, nə də onları sürüb aparan bir çoban var. Dünya onları korluq yoluna salmışdır, gözlərini hidayət əlamətlərindən yummuşdur. Dünyaya qapılmışlar, nemətlərinə qərq olmuşlar, onu ilahiləşdirmişlər. Dünya onlarla oynar, onlar dünya ilə başlarını qatarlar. Qarşılarında nə olduğunu unutmuşlar. Hələ bir az dayan, qaranlıq açılar. Görürəm, köçlər bağlanmış, yüklər yüklənmişdir. Qaçan tez gedənə çatar yəqin ki.
Oğlum, bil ki, miniyi gecəylə gündüz olan bir adam dayasa belə, gedər. Oturub dincəlsə belə, irəliləyər. Yaxşıca bil ki, istəyinə çata bilməzsən, əcəlindən qaça bilməzsən. Sən, səndən əvvəl gedənin yolundasan. Bəs beləysə, istəyi azalt. Qazancı gözəlləşdir, çoxalt, çünki çox istək vardır ki, insanı əlində olan şeydən də məhrum edər. Hər istəyən ruzi qazanmaz, hər az istəyən də məhrum qalmaz.
... Özünü başqasına qul etmə. Allah səni azad yaratmışdır. Şərlə əldə edilən xeyirə xeyir deyilməz. Zorla yetişdiyin sərbəstliyə sərbəstlik adı verilməz. Tamah miniyindən çəkin, o səni həlak suyunun başına aparar. Bacardıqca, Allahla öz arana başqa bir nemət sahibinin girməsinə yol vermə, çünki sən ancaq öz payını alacaqsan, öz qismətinə çatacaqsan. Baxmayaraq ki, hər şey Allahdandır, Ondan gələn az, xalqdan gələn çoxdan daha üstündür. Əlindən çıxan şeyi sakitliklə geri qaytarmaq, çığır – bağır salıb qaytarmaqdan daha asandır. Qapağını bərk bağlamaqla qabdakını qorumaq mümkündür. Əlində olanı qorumağın, başqasının əlində olanı istəməyindən daha yaxşıdır, xoşdur məncə. Ümidsizliyin acısı, insanlardan bir şey istəməkdən daha xeyirlidir. Üzünün suyunu tökmədən yoxsulluğa dözmək, pisliklərə bulaşıb varlanmaqdan daha xeyirlidir.
Hər kəs öz sirrini daha yaxşı və möhkəm saxlayar. Çox çalışanlar var ki, çalışmaqları onlara zərər verər. Kim çox söz söyləsə hədyan edər. Kim düşünsə, bəsirətə çatar. Xeyirli adamlarla dost – yoldaş ol, onların biri olmağa çalış. Şər adamlardan çəkin, onlardan uzaq ol. Haram yemək necə də pis bir şeydir. Zülmün ən pisi isə zəifə zülm etməkdir. Yumşaqlığın sərtlik sayıldığı yerdə sərylik yumşaqlıq hesab edilər. Çox zaman əlac dərd olar, xəstəlik olar, dərd isə dərmana dönər, əlac edər. Elə olar ki, öyüd verən öyüd verməz, öyüd alanı aldadar. Diləklərə qapılıb qalmaqdan çəkin, onlara qapılıb qalmaq axmaqların sərmayəsidir. Ağıl isə, təcrübələri nəzərə almaq, onları unutmamaqdır. Ən xeyirli təcrübə, sənə öyüd verən təcrübədir.
Hər istəyən istədiyini əldə etməz. Hər qürbətə gedən geri qayıtmaz. Azuqəni itirmək – iflasa uğramaqdır, axirəti bərbad etməkdir. Hər işin bir sonu vardır; necə təqdir edilmişsə, o cür gəlib sənə çatar. Ticarətə girişən təhlükəyə atılmışdır. O qədər az var ki, çoxdan daha bərəkətlidir, daha verimlidir. Alçaq köməkçidən, ürəyində kin olan dostdan xeyir yoxdur. Miniyi sənə ram olsa da, zamana bel bağlama, arxa söykəmə. Öz payını al ondan. Inada düşməkdən, düşmənliyə girişmədən çəkin. Qardaşın səninlə görüşməməyə başlasa, yaxınlığı kəssə, lütfdə, dostluqda yaramaz davransa, səndən uzaqlaşsa, sənə qarşı yumşaq ikən sərtləşsə, onun qulu imişsən kimi, günah işlədiyi vaxt belə səndən üzr istəməsə, sənə vəlinemətlik iddiası etsə, qardaşından çəkin. Bu dediklərimə, yerinə düşmədiyi halda əməl etməkdən, yaxud iş bilməyənlərlə alış – veriş etməkdən də çəkin. Dostuna düşmən olanı dost sayma, düşmən bil. Qardaşına öyüd ver – istər ona yaxşı və gözəl görünsün, istər çirkin gəlsin, xoşlanmasın. Qəzəbini boğ nəticə baxımından bundan daha şirin, daha dadlı bir içki görmədim mən. Səninlə sərt davranana qarşı yumşaq ol, olsun ki, o da yumşala. Düşməninlə alicənab davran, bağışla onu. Bununla sən iki şirin qələbə qazanarsan ki, biri ona xoş münasibətin, o biri də bağışlamağındır. Səndən ayrılan qardaşına sən baş çək: gün olar, zaman gələr, bəlkə qayıdıb yanına gələr. Sənin haqqında xoş fikirdə olanın zənnini doğrult. Aranızdakı dostluğa güvənərək qardaşının haqqını itirmə. Haqqını itirdiyin adam sənin qardaşın deyildir. Ailənə qarşı pis adam olma, sənə rəğbət etməyənə rəğbət etmə.nə qədər qrdaşına yaxşılıq edirsən, o səndən ayrılmaz. Nə qədər ki, ona hüsn – rəğbət göstərirsən, o sənə pislik edə bilməz. Sənə zülm edənin zülmü gözündə böyüməsin. O, öz zərərinə, sənin xeyrinə çalışar. Səni sevindirənə, pislik etməyin yerinə düşməyən bir işdir.
Bil ki, oğlum, ruzi iki qismdir. Bir ruzini sən axtararsan, bir ruzi də var, səni axtarar, sən ona tərəf getməmişdən o sənə tərəf gələr. Ehtiyac zamanında alçalmaq, varlı ikən zülm etmək nə qədər çirkin xasiyyətdir! Axirətini necə düzüb – qoşmusansa, dünyadan nəsibin o qədərdir. əlindən çıxana heyfsilənəcəksənsə, sənə çatmayan hər şey üçün heyfsilənib dur. Hələ olmayan, gəlib çatmayan şeyi olub – keçəndən anla, çünki işlər bir – birinə çox bənzəyər. Müsibətə düşməyincə nəsihətdən faydalanmayanlardan olma, çünki ağıllı adam ədəblə öyüdlənər, heyvansa kötəklə. Səbrə söykənərək, Allaha güvənərək dərdləri özündən uzaqlaşdır. Orta və doğru yoldan çıxan azmışdır. Dost – yoldaş da qohum – qardaşdır. Dost odur ki, sən yox ikən sənə dostluq etsin. Neçə uzaq vardır ki, yaxından yaxındır. Neçə yaxın vardır ki, uzaqdan da uzaqdır. Qərib o adamdır ki, dostu yoxdur. Haqqa qarşı çıxanın yolu daralar. Qədrini, həddini bilənin qədri həmişə bilinər. Tutmalı olduğun səbəblərin ən möhkəmi səninlə Allah arasındakı səbəbdir. Səni düşünməyən – düşmənindir. Tamah insanı həlak etdikdə, bir şey əldə etmək də ümidsizlik gətirər. Hər eyib açılmaz, hər fürsət xeyir verməz. Çox olur ki, görən adam yoldan azır, kor isə doğru yolu tapır. Həmin anda etmək istədiyin pisliyi gecikdir. Cahilin səndən ayrılması, səni axtarmaması – ağıllının səni itirib – axtarmasına, gəlib görüşməsinə bərabərdir. Kimzamandan əmin olarsa, zaman ona xəyanət edər, kim onu böyük tutar, ondan çəkinərsə, ona xainlik göstərər. Hər ox atanın oxu hədəfə çatmaz, hər ox nişana dəyməz. Buyruq sahibi xasiyyətini dəyişdirəndə zaman da dəyişər. Yola düşmədən dostu soruş, evə girmədən qonşunu tap. Başqasına istinadən danışsan belə, gülünc söz söyləmə.
Qadınlarla danışmaqdan çəkin; onların rəyləri zəif, iradələri boşdur. Görəcəkləri işdən başqa işə qoşma onları, çünki qadın çiçəkdir – qoxlanar; qəhrəman deyildir, - qolu bükülər.
Qadını öz ucalığından başqa bir ucalığa yüksəltmə, özündən başqasına şəfaətçi etmə. Qısqnılacaq yerdən başqa yerdə qısqanclıq etmə, çünki bu, doğrunu əyrildə, yaxşını şübhəli göstərə bilər.
Hər kəsi görə biləcəyi işə göndər. Belə etsən, işi bir – birlərinin boynuna ata bilməzlər, qohum – qardaşına yaxşılıq et, çünki onlar qol – qanadındır. Onlarla uçarsan. Onlar əsil – kökündür, onlara çatarsan. Onlar əlindir, onlarla hücum edərsən.
Səni dinində, dünyada Allaha tapşırıram. Bu tez keçən dünyada da, bir az sonra gələcək axirətdə də sənə xeyirlər diləyirəm, vəssəlam.
 
Bu yazılar Hz. Əli ibni Əbu Talibin (ə) “Nəhcul – Bəlağə” adlı əsərindən götürülərək hazırlanmışdır.
“Nəhcul – Bəlağə”, “Nafta – Press” nəşriyyatı, Bakı – 2003
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?