İSLAMA XİDMƏT
   
 
  4. Ömrün qədrini bilməyin əhəmiyyəti

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)

 
 
İslam əxlaqı seriyası – 4 (12.06.2008)
 
 
ÖMRÜN QƏDRİNİ BİLMƏYİN ƏHƏMİYYƏTİ VƏ
VƏZİFƏLƏRİN VAXTINDA YERİNƏ YETİRİLMƏSİ HAQQINDA
 
“Ey Əbuzər! Öz ömrün üçün dinar və dirhəmindən daha artıq xəsislik et.”
“Ey Əbuzər! Məgər sizlərdən hər hansı biriniz sonu tuğyana aparıb çıxaran sərvət, Allahı yaddan çıxarmağa səbəb olan kasıbçılıq, insanın canını əldən salan xəstəlik, onu fəaliyyətdən saxlayan qocalıq, tələsik gəlib çatan ölüm, fitnələr törədəcək Dəccal və ya qorxulu və acı olan Qiyamət gününün yetişməsindən başqa bir şeyin intizarındasınızmı?”
 
ÖMRÜN QƏDRİNİ BİLMƏYİN ƏHƏMİYYƏTİ
“Ey Əbuzər! Öz ömrün üçün dinar və dirhəmindən daha artıq xəsislik et.”
Böyük zəhmətlə çoxlu pul toplamış adam onu asanlıqla başqasına verə bilərmi? Yığdığı pulu böyük zəhmətlə qazandığı üçün müftə əldən çıxarmaz və onun qədrini bilər. Əksinə olaraq, bəzən mümkündür, insan azacıq zərər hiss etmədən saatlarla ömrünü batil yolda xərcləsin. Başqa ifadə ilə desək, mümkündür, biz malımlzı xərcləməkdə xəsislik edək, lakin ömrümüzü xərcləməkdə xəsis olmayaq. Halbuki, malın dəyəri ömrün dəyərinə bərabər ola bilməz.
Əgər bir nəfərin həyatı təhlükə altına düşsə, sağ qalması üçün öz malından da neçə dəfə artıq pul xərcləməyə razı olur. Fərz edin, bir nəfər dünyanın bütün qızıl, gümüş, neft mədənlərinə sahibdir. Əgər ona “sağ qalman üçün bütün bu sərvətlərdən keçməlisən” desələr, sərvətini verməzmi?
İnsan dünya imkanlarını özünün istifadəsi üçün istəyir. Əgər sağ qalmayacaqsa, onun üçün bu sərvətlərin nə faydası vardır? Deməli, onun ömrü yer üzündə olan sərvətlərdən daha dəyərlidir. Bəs nə üçün bu cür qiymətli sərvəti havayı əldən verir? Nəinki təkcə havayı əldən verir, üstəlik bəzən onun yerinə əbədi əzabı da qazanır. Bir halda ki, pulu, sərvəti havaya sovurmaq ağıllı bir iş deyil. Təbii ki, ötəri həvəslərdən ötrü ömrü bərbad etmək də ağıllı iş hesab olunmaz! Ömür kimi qiymətli bir sərmayəni ucuz və müftə dostun, həyat yoldaşının, övladın ixtiyarında qoymayın. Başqaları şad olsun deyə, onu lazımsız yerlərdə sərf etməyin. O ki, qalmışdı, günah işlərdə sərf edəsiniz.
Bəli, əgər insan Allahın razılığını qazanmaq niyyəti ilə ömrünü başqalarını sevindirmək, ailəsini şad etmək və mömin qardaşına kömək etmək üçün sərf edərsə, nəinki ömrünü uduzmamışdır, əksinə, dəyəri dünyadan daha artıq olan Allahın razılığını da qazanmışdır. Lakin hər anı bütün dünyaya dəyəcək ömrü onun – bunun xoşuna gəlmək, baş qarışdırmaq üçün mənasız söhbətlərdə, əyləncələrdə sərf etmək, doğrudan da, ağıllı iş deyil, çünki bu halda ömrünü havayı əldən vermiş olur.
 
VƏZİFƏLƏRİN VAXTINDA YERİNƏ YETİRİLMƏSİ VƏ
SABAHA ARXAYIN OLMAMAQ HAQQINDA
“Ey Əbuzər! Məgər sizlərdən hər hansı biriniz sonu tuğyana aparıb çıxaran sərvət, Allahı yaddan çıxarmağa səbəb olan kasıbçılıq, insanın canını əldən salan xəstəlik, onu fəaliyyətdən saxlayan qocalıq, tələsik gəlib çatan ölüm, fitnələr törədəcək Dəccal və ya qorxulu və acı olan Qiyamət gününün yetişməsindən başqa bir şeyin intizarındasınızmı?”
Yuxarıda deyilənlər insanın əlində olan fürsətləri qənimət bilib, öz öhdəsində olan vəzifə və borclarını yerinə yetirməsindən ötrü edilən növbəti təkiddir. Əgər insan ixtiyarında olan imkan və qüdrətdən vəzifələrini yerinə yetirmək üçün istifadə etmirsə, bu vəzifələri həyata keçirmək üçün daha hansı fürsətin əlinə düşməsini gözləyir? Bu cümlələr – “Hələlik vaxt çoxdur, sonra görərəm” xam xəyallar ilə yaşayanlara xəbərdarlıqdır.
Hal – hazırda tənbəllik edir, işlərini sonraya saxlayır və ya bihudə işlərlə məşğul olur. Allah eləməmiş, başı günaha qatışıbsa, bütün bunları düzəltmək və ya vəzifələrini yerinə yetirmək üçün daha hansı günü gözləyir? Məsələn, kasıb olanda deyirsiniz ki, inşallah problemlərim düzələr, əlimə yaxşı pul düşər varlanaram, onda vəzifələrimə də əməl edərəm. Amma, bəlkə, elə varlanmağın özü sizə kasıbçılıqdan daha artıq dərd gətirsin və sizi tuğyana vadar etsin. Çünki insan özünü ehtiyacsız görəndə üsyan edib, özündən çıxır:
“Doğrudan da, insan özünü ehtiyacsız gördüyü zaman Allaha üsyan edəndir.” (“Ələq” surəsi, ayə 6 – 7)
Deməli, varlanıb ehtiyacsız olanda da deyəcəksiniz: “Gözləyirəm pullarımı yerbəyer edim, başım bu işlərdən açılsın və kasıblığın dövranı gəlsin. Onda vəzifələrimə əməl edərəm.” Elə xəyal edirsən ki, pulun əlindən çıxandan sonra problemlərin də azalacaq və rahatlıqla təklifinə əməl edəcəksən? Haradan biləsən ki, kasıbçılığın da öz problemləri var, kasıbçılıq da insanın başını başqa cür qatır və öz əsas hədəfini yaddan çıxarmasına səbəb olur. Kasıbçılıq insanı elə giriftar edir ki, insan mənəviyyatı da yaddan çıxarır. Eləcə də sağlam birisi düşünür ki, insan xəstə olanda daha çox Allahı yad edir. Əlbəttə, bu əsassız bir fikirdir. Bu o demək deyil ki, hər adam xəstələnəndə daha çox dua, zikr edir. Bəzən insan elə dərdə mübtəla olur ki, ibadət etməyə halı belə olmur.
Cavanlıq zamanında özünə deyirsən: “Qoy cavanlıq dövrünü, onun çılğınlığını, qürurunu, əyləncələrini başa vurum, yaşlaşandan sonra ibadətə başlayaram.” Daha xəbəri yoxdur ki, qocalıq sənin belini elə bükəcək ki, nə gücün qalacaq, nə yerindən tərpənməyə halın, nə də ibadət etməyə qüdrətin. Bəs nə vaxt vəzifələrini yerinə yetirəcəksən? Ölüm gəlib çatanda? Ya fitnələr törədən Dəccal gələndə?
“Dəccal” sözünün mənası, lüğətdə “qızıl suyu” mənasındadır və həmçinin, həddindən artıq yalan danışan adama da “dəccal” deyirlər. Qızıl suyu həqiqi qızıl olmadığı kimi, yəni əşyaların üstünə çəkildikdə onları zahirdə qızıla oxşatdığı kimi, yalançı insan da zahirdə cəzbedici və hiyləgər olur və başqalarını öz zahiri görkəmi ilə özünə cəlb edir.
Rəvayətlərdə “dəccal” şər və fitnə törədən adam kimi göstərilmişdir. Hər halda Hz. Peyğəmbərin (s) bu sözü işlətməkdə məqsədi, aşağıdakı kimi mənadan biri olmalıdır:
1. Axırzamanda zühur edib, fitnələr törədəcək bir şəxs olan Dəccal;
2. Məqsəd konkiret şəxs olmayıb, hər cür hoqqa və hiyləgərlik simvoludur.
Zahirini zinətləndirib, gözəl qiyafəyə bürünərək başqalarını bu yolla özünə cəzb edib, onları aldadan hər kəsə dəccal demək olar. Həmçinin, batilə haqq don geyindirməklə xalqı yoldan çıxaran adamlar da dəccal adlandırılır. Dəccal haqqı və batili bir – birinə elə qarışdırar ki, onları seçib ayırmaq çox çətin olar. Ona görə də Hz. Peyğəmbər (s) təkid edir ki, nə qədər ki, haqq və batil bir – birinə qarışmayıb və haqq sənin üçün aydındır, fürsəti qənimət bil və haqqa əməl et. Bu yoldakı vəzifələrini yerinə yetir. Məbada yolundan azasan və hidayət yolları üzünə bağlansın. Çünki bu insanın düşə biləcəyi ən pis vəziyyətdir. Bu vəziyyətə düşən insan üçün bundan da çətin və acı olanı isə, qiyamətin gəlib çatmasıdır.
Bununla, Hz. Peyğəmbər (s) insanı qarşıdan gələn təhlükələrdən agah edib, bu xətərləri onun gözü qarşısında canlandırmağa çalışır və gələcəkdə üzləşə biləcəyimiz problemlərin hazırkı problemlərdən daha çətin olmaq ehtimalını açıqlayır. Buna görə də heç kəs bu günü qoyub, sabaha arxayın olmamalıdır.

Bu yazılar böyük İslam alimi Doktor Misbah Yəzdi – nin “Axirət azuqəsi (Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)” adlı əsərinin 1 – ci cildindən götürülərək hazırlanmışdır.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?