İSLAMA XİDMƏT
   
 
  4. Seyyid Əzim Şirvanidən hikmətli nəsihətlər
SEYYİD ƏZİM ŞİRVANİ – NİN NƏSİHƏTLƏRİ

(1835 – 1888)
 
(“Rəbiül – ətfal” əsərindən)
 
Əql peyğəmbərin qılıb rəhbər,
Öyrən adabi – məzhəbi Cəfər!
 
Demirəm mən gedən təriq ilə get,
Əqli tut, ol gözəl rəfiq ilə get.
 
Sənə bürhan deyil təriqi – pədər,
Gör nə yol getdi zadeyi – Azər.
 
Demirəm rus, ya müsəlman ol,
Hər nə olsan get, əhli – ürfan ol.
 
Demirəm sünnü ol və ya şiə,
Tək hədəf olma tiri – təmniə.
 
Demirəm şeyxi ol və ya babi,
Hər nə olsan tək olma qüllabi.
 
Mən özüm şiəyəm, budur sifətim,
Leyk əshabə yox müxalifətim.
 
Gər Əbu bəkrlə Ömər, Osman
Zülm ediblərsə, həqq edər divan.
 
Oların barəsində etmə güman,
Edər imanə suyi – zənn ziyan.
 
Zülm ediblərsə filməsəl şahə,
Oları vagüzar et Allahə.
 
Dilüvü saxla lənət etməkdən,
Qeyri şəxsə şəmatət etməkdən.
 
Neçə illər Əliyyi – İmranə
Əhli – İran deyirdi əfsanə.
 
Sonra nöqsanların bilib naçar,
Etdilər cümlə tövbə - istiğfar.
 
Olmaya ruzi – həşr, ey müztər,
Ola xəsmin cənab peyğəmbər!
 
İstəyirsən əgər təriqi – nicat,
Ali - əthara söylə sən səlvat!
 
Üləma həqqini rəayət qıl,
Əhli – elmə həmişə hörmət qıl.
 
Demə bu kafər, ol müsəlmandır,
Hər kimin elmi var – o, insandır.
 
Elm bir nur, cəhl zülmətdir,
Cəhl düzəxdir, elm cənnətdir.
 
Alimə kim ki, eyləməz hörmət
O deyildir peyğəmbərə ümmət.
 
Sənə hər kimsə elm edər təlim,
Ona vacibdir eyləmək təzim.
 
Harda görsən, ona səlam eylə,
Baş əyib qul tək ehtiram eylə.
 
Qeyrini vəsf qılma yanında,
Sən dur, ol söyləyən zamanında.
 
Etmə naməhrəmə, yamandı, nəzər,
Nəhy edibdir cənab peyğəmbər.
 
Eyləmə özgə övrətin töhmət,
Kizbü böhtanə eyləmə adət.
 
Sənə möhtac edibdi övrəti həq,
Etmə möhtacüvə qəzəb nahəq.
 
Filməsəl övrətində olsa xəta,
Eyləmə xəlq ara onu rüsva.
 
Tabüvə gəlməsə xisali pəsənd,
Rədd qıl, ver təlaqin, ey fərzənd.
 
İxtiyar eyləsən əgər övrət,
Gözümün nuru, eylə çox diqqət.
 
Çox böyük məkr oldu məkri – zənan,
Zənə şagirddü məkrdə şeytan.
 
Məkri – zən çox evi qılıb viran,
Məkri – zən çoxları qoyub giryan.
 
Xəlq olub məkrü hiylədə kamil,
Sadəlövh olma sən də, ey qafil.
 
Zirək ol, yaxşıya yaman olma,
Xəlqdən çox da bədgüman olma.
 
Hər sözü yoxla, eyləmə bavər,
Dari – dünyada azdı döğru xəbər.
 
Çoxdu dünyada mərdi – hiyləşüar,
Zahiri sadədil, özü əyyar.
 
Ey oğul, xəlqə söyləmə böhtan,
Yaxşıya yaxşı ol, yamanə yaman.
 
Əsldə yaxşı olsa bir dana,
Sən “yamandır” – demək deyil ziba.
 
Tutalım, sən gülü dedin “bəd bu”,
Xəlq söylər ki, əqlsizdir bu.
 
Sənə bir yaxşı kimsə olsa yaman,
Xəlq onu söyləməz yaman, ey can.
 
Yaxşıdır ol ki, əsli, bünyani,
Sən “yamandır” – desən nə nöqsani?
 
Sən dedin ki, deyil xəlifə Ömər,
Ömərə bu kəlamdan nə zərər?
 
Sən dedin ki, deyil imam Əli,
Olmadı zaye ehtirami – Əli.
 
Dedilər Müstəfani sahirdir,
Var cünuni, səfihu şairdir.
 
Tapmadı şəni – Müstəfa nöqsan,
Yaxşını eyləmək olurmu yaman?!
 
Cəfər, ey xəstə cismimin canı,
Səd ya nəhs olan günü tani.
 
Səd o gündür ki, kam ola hasil,
Olasan öz muraduva vasil.
 
Nəhs o gündür ki, qismətin qəmdir,
Sənə ol aşiri – məhərrəmdir.
 
Birinə nəhs olan gün, ey dana,
Birinə səd olur, deyil bu həba
 
Belədir karü bari – cümlə cahan,
Birinə sud olur, birinə ziyan.
 
Birinə bir zaman olur xürrəm,
Birinə ol zaman olur matəm.
 
Kim ki, bir qəmdə əhli – matəmdir,
Eydi – novruz ona məhərrəmdir.
 
Əgər olsaydı əql ilə dövlət,
Olan əqli tapardı bəs izzət.
 
Dövlət olsaydı gər fərasətlə,
Niyə nadan olurdu dövlətlə?
 
Bitəmizin əgərçi dövləti var,
Qəm yemə, həqq yanında hikməti var.
 
Bəxtü dövlət deyil kamal ilə,
Tapmaq olmaz onu xəyal ilə.
 
Belə cari olub qəzavü qədər,
Hər kəsin layiqincədir işlər.
 
Bil ki, təqdiri - əmrdir mazi,
Ol qəzayi – xüdayə sən razi.
 
Dövlət olsaydı halüvə layiq,
Etməz idi müzayiqə xaliq.
 
Yoxdu xaliqdə zərrə büxlü həsəd,
Bu xəyalı edən olur mürtədd.
 
Sən çalış dövlət etməyə hasil,
Gər müqəddər olub, olur vasil.
 
Leyk çox ciddü cəhd bər verməz –
Ki, kötüksüz ağac səmər verməz.
 
Çox həris olma, ey məlaik xu,
Cəhd yırtar çarıq,məsəldir bu.
 
Danə səp, qıl təvəkkül Allahə,
İşüvü qıl mühəvvəl Allahə.
 
Gəlməmiş sən cahanə, ey dana,
Ruzüvü qismət eləyibdi xuda.
 
Həq ki, müftə sənə veribdir can,
Diş verən kimsənə verər həm nan.
 
Vaqif ol, ey nəcibü fərzanə,
Lən edirsən həmişə şeytanə.
 
Gərçi şeytanə ləndir şaye,
Kimə gör lənətin olur race.
 
Hər işi eylədin özün xəlvət,
Bircə şeytanə vermədin fürsət.
 
Sonra şeytanə lənət eylərsən,
Maşaallah, qiyamət eylərsən.
 
Dəyməsin göz, qəribə zirəksən,
Bu fərasətdə dəhrdə təksən.
 
Bir bəyan eylə ki, haçan şeytan
Sənə bir məsiyətdə oldu əyan?
 
Sən ki oldun bu günə məstü xərab
Sənə şeytan nə vəqt verdi şərab?
 
Sənə şeytan haçan oldu saqi,
Sənə kim verdi bəngü tiryaki?
 
Sənə şeytan nə vəqt, ey dana,
Dedi ki, gəl gedək sən eylə zina?
 
Övn edərkən sənə o rəbbi – ğəfur
Niyə şeytanə olmusan məcur?
 
Səni həq qıldı faili – muxtar,
Hər əməl qılsan, ixtiyarın var.
 
Xeyrü şər rahıdır sənə məlum,
Getmə sən rahi – şərrə, ey məxdum.
 
Səni həq şərrə etməyib məcbur,
Bu xəyalat əqldəndir dur.
 
Eyləməz cəbr kirdigar sənə,
Verməyib sırf ixtiyar sənə.
 
Ol xəbərdar kim, hakimü ğəni,
Etməyib nəfsə vagüzar səni.
 
Sən rəha eylə cəbrü təfvizi,
Eyləmə pak dinə tərizi.
 
Qalma xeyrü şərin gümanında,
Seyr qıl xeyrü şər miyanında.
 
İşlədən şərri nəfsi – insandır,
Xaliqi – xeyrü şərr yəzdandır.
 
Şərrə bais demə xudanı, utan,
Yaxşıdan zahir olmayıbdı yaman.
 
Ol həkimü əlimü danadır,
Özü zibavü feli zibadır.
 
Ey oğul, olma talibi – badə,
Getməsin ta ki izzətin badə.
 
Bədənin zuri əqli zail edər,
Adəmi hər fəsadə mail edər.
 
Əqldəndir şərafəti – insan,
Olmasa əql, mərd olur nadan.
 
Veribən simü zər şərab alma,
Ey oğul əqlüvə hicab alma.
 
Nəssi – Quran ilə behökmi – qədər
Badəni nəhy edibdi peyğəmbər.
 
Badə nəhyində gəldi “fəçtənibu”,
Ey oğul, hökmi – kibriyadır bu.
 
Nəcisül – eyndir, nəcasətdir,
Mayeyi – nikbətü xəsarətdir.
 
Bil ki, ümmül – fəsaddır badə,
Verdi çox xanimanları badə.
 
Ey oğul, alim olsa xoştinət
Mali – dünyayə eyləməz rəğbət.
 
Deyib ol padşahi - ərzü səma
Hübbi – dünyadü rəsi – kulli – xəta.
 
Çün həlali hesabdır malın,
Həm hərami əzabdır malın.
 
Nə gərəkdir sənə bu dövlətü mal
Yüküvü yüngül eylə, ey həmmal.
 
Ey oğul, var cahanda çox molla,
Güzəranı üçün edər qovğa.
 
Qeyrəti – milləti bəhanə qılar,
Gündə xəlq içrə yüz fəsanə qılar.
 
Əhli – dünyayə eyləyər lənət,
Özü dünyayə eyləyər rəğbət.
 
Daima əğniyayədir meyli,
Əhli – fəzlin olubdu sərxeyli.
 
Füqəranı görəndə nifrət edər,
Ona bikarlıqda töhmət edər.
 
Əğniya gəlsə bəzminə, o zaman
Güli – həmra kimi olur xəndan.
 
Bir qəni eyləsə əgər üsyan,
Saz edər söhbətində yüz bürhan.
 
Filməsəl bir qəni gər içsə şərab,
Ona təcviz üçün açar min bab.
 
Görsə kim, bir fəqir edir üsyan,
Lən edər ol fəqir üçün hər an.
 
Özünün həddən ötdü üsyanı,
Məhv edibdir füsunu şeytanı.
 
Deyəsən ol səfihə, ey xənnas,
Oxudunmu “ətəmirunən – nas”.
 
Eyləyirsən məzəmməti – hər kəs,
Niyə öz nəfsüvü unutdun bəs?
 
Alim öz elminə edəydi əməl,
Düşməz idi bu qədr dinə xələl.
 
Rəsmdir alim olsa əhli – fəsad,
Aləmi ol fəsad edər bərbad.
 
Uyma mollayə, olma çox da avam,
Sanma təhtülhəng, qurubdur dam.
 
Baxma təsbihə, olma divanə,
Xam olan quşlara gərək danə.
 
Sanma alnında səcdədəndir əsər,
Gecə qoymuş həcamət ol kafər.
 
Xatəmindən demə Süleymandır,
Divdir ol ləin, şeytandır.
 
Ah, ah, ey cənab peyğəmbər!
Dinüvü zaye etdi bu kafər.
 
Eyləyib şərüvi vəsileyi – nan,
Bu şərirü ləinü biiyman!
 
Vəqtdir, eylə çarə İslamə,
Təzədən sal işi sərəncamə.
 
Cövrü zülm ilə doldu mülki – cahan,
Ədlü qist ilə eylə bir saman.
 
Qıl hidayətlə aləmi abad,
Hanı bəs ol “likulli qəvmun had”.
 
Oxuyur çox kəs ayeyi – Quran –
Ki, ona lənət eyləyir fürqan.
 
Bizə lazımdı bəs bilək məna,
Ta olaq mərdi – alimü dana.
 
Biz gərək kəşf edək rümuzati,
Fəhm edək ğamizati – ayati.
 
Hökmi – həq ləfzdən deyil müştəqq,
Hacıleylək də eyləyir ləq – ləq.
 
Ləfzinə qane olma, ey dana,
Bizə lazımdı ləfzdən məna.
 
Əcri var, sən oxu ibaratın,
Leyk idrak qıl işaratın.
 
Dediyin ləfzə bilgilən məna,
Olma nəsnas kimi, ey dana!
 
Bilmiş ol, ey nəcib fərzanə,
Ulular bəzmidir ədəbxanə.
 
Bilmək adabıdır sənə vacib,
Rəsmi – adabə olgilən rağib.
 
Biədəb olsa məclisə daxil,
Olu məlum kim, odur cahil.
 
Ədəbin rəsmidir cavabü xitab,
Bəlkə rəyi – mətinü qövli – səvab.
 
Hərəkətdən olur ədəb məlum,
Qövlü göftardən olur məfhum.
 
Bu rümuzi bilir ülül – əbsar,
Fikirsiz aqil eyləməz göftar.
 
Eyləməz, ey yeganeyi – dü səra,
Ehtiyat etməmiş əməl dana.
 
Bir sualə olursa ol şaiq,
Ver onun sən cavabını layiq.
 
Mətləbindən ziyadə vermə cavab,
Xahiş etsə deyil bu nəqsi – xitab.
 
Məclisə daxil olsan, ey dana,
Yuxarı başda eyləmə məva.
 
Sahibi – məclis eyləsə ikram,
Sənə versə yuxarı başda məqam,
 
Mizəbanın çox eyləsə ilhah,
Keç yuxarı, əgər varındı səlah.
 
Gər qolundan tutub edə ikram,
Qıl təvazölə sədri – bəzmi məqam.
 
Soluva, sağuva elə kürnuş,
Etmə bihudə söhbət ilə xüruş.
 
Sakit ol qeyri eyləsə göftar,
Danışan şəxsə eyləmə azar.
 
Özgə kəs gördün eyləyir söhbət,
Sakit ol, eyləmə ona diqqət.
 
Diqqət etsən sənə ədavət edər,
Cəhldən ol sənə şəmatət edər.
 
Çünki ol kəs ki, başlayıbdı xitab,
Özünü aqil eyləyibdi hesab.
 
Seyyida, əql əgər ola mədum,
Kimsə öz cəhlin eyləməz məlum.
 
Ey oğul, bil ki, adəmi – bikar
Xüşk olan bir odundu, layiqi – nar.
 
Bunu bizdən deyibdilər əqdəm:
Sənəti olmayan deyil adəm.
 
Puç olub getsə dövlətin vayə,
Yenə sənətdir əldə sərmayə.
 
Gər ticarətçün olmasa dövlət,
Səy qıl, hasil eylə bir sənət.
 
Elmdir əhli – sənətin hünəri,
Elmsiz sənətin nədir səməri?
 
İttifaq eylə dust ilə hər an,
İttifaq ilə əmr olur asan.
 
Dəhrdə etmə iftiraqə həvəs,
İttifaq ilə kəslər olmuş kəs.
 
Vardır, ey baği – ömrümün şəcəri,
İttifaq etməyin gözəl səməri.
 
İttifaq eyləyəndə beş barmaq
Xeyli asandı bir şeyi tutmaq.
 
Yoxdur, ey sərvərim, tək əldə səda,
İttifaq ilədi sürurü səfa.
 
SON
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?