İSLAMA XİDMƏT
   
 
  5. Elm öyrənmək və əməlsiz elm haqqında

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)

 
 
İslam əxlaqı seriyası – 5 (12.06.2008)
 
ELM ÖYRƏNMƏK VƏ ƏMƏLSİZ ELM HAQQINDA
 
“Ey Əbuzər! Qiyamət günü bir dəstə Cənnət əhli, Cəhənnəm əhlindən bəzilərini görüb soruşarlar: “Necə oldu ki, siz Cəhənnəmə düşdünüz? Halbuki, biz sizin tərbiyənizin, elminizin bərəkəti sayəsində Cənnətə düşmüşük.” Cavabında deyərlər: “Biz başqalarını yaxşı əməllər görməyə dəvət edirdik, lakin özümüz öz dediklərimizəəməl etmirdik.”
 
ƏMƏLSİZ ELMİN NƏTİCƏLƏRİ VƏ
BU YOLLA İCTİMAİ MÖVQE ƏLDƏ ETMƏK
İslamın nəzərində heç bir aqil insan məsuliyyətsiz ola bilməz. Həmçinin, məsuliyyətlərin ölçü və dərəcələri də bir – birindən fərqlənir. Məsələn alimin məsuliyyəti cahilin məsuliyyətindən çox olsa da, hər ikisi məsuliyyət daşımaq baxımından müştərəkdir.
Bu səbəbdən, cahil də məsuliyyət daşıdığı üçün ilahi təklif və ehtiyacı olduğu dini məsələləri öyrənməyə borcludur. Dini məsələləri bilməməsi heç də onun məsuliyyətdən kənar olması demək deyil. Buna görə də, Hz. Sadiq (ə) “De: “Yetərli höccət yalnız Allaha məxsusdur.” Ayəsinin ardınca buyurur: “(Qiyamət günündə bəndə öz vəzifələrinə əməl etmədiyi üçün sorğu – suala çəkiləndə) Allah – təala ona buyurar: “Öz üzərinə düşən vəzifə və təkliflərini bilirdinmi?” Əgər bəndə desə: “Bəli, bilirdim”, onda Allah – təala soruşar: “Bəs bildiyinə niyə əməl etmədin?” Və əgər bəndə: “Yox, bilmirdim” desə, Allah – təala yenə buyurar: “Niyə gedib öyrənmədin?” (“Biharul - ənvar”, cild 7, səh: 285)
Alimlə cahil arasında olan əsas fərq, alimin öz vəzifələrindən agah olmasıdır. Höccət ona tamam olmuşdur. Vəzifəini tərk edərsə, heç bir üzrü qəbul olunmayacaq və onunla daha çətin davranılacaqdır. Bu barədə Hz. Sadiq (ə) buyurub: “Alimin bir günahı bağışlanana qədər cahilin yetmiş günahı bağışlanar.” (“Biharul - ənvar”, cild 2, səh: 27)
Əlbəttə, insan elə düşünməsin ki, belə olan halda elmdən üz döndərək, bəlkə, yükümüz azaldı və cahildən daha pis vəziyyətə düşmədik. Çünki cahildən də elm dalınca getmədiyi üçün sual olunacaq. Elmdən qaçmaqla, insan məsuliyyətdən yaxasını kənara çəkə bilməz. Bir də, biz niyə o alimlərdən olmayaq ki, elmlərinə əməl edirlər və bu dünyada başqaları onların elmlərinə həsrət apardığı kimi, o dünyada da məqamlarına qibtə edirlər.
Bizim elm öyrənməyin fəziləti haqqında çoxlu sayda rəvayətlərimiz mövcuddur. Hətta bəzi rəvayətlərdə gətirilir ki, ilahi elmlərin təhsili ilə məşğul olan adam üçün yerin – göyün quşları, heyvanlar və dəryadakı balıqlar Allahdan bağışlanma dilərlər.
Hər necə olsa da, Hz. Peyğəmbər (s) bu bənddə buyurur: “Elminəəməl etməyən alimin qiyamət günü yeri və dərəcəsi hamıdan alçaq olar və Cənnətin qoxusunu ala bilməz.” Çox vaxt insan elm dalınca gedəndə əvvəldə niyyət xalqa, dinə xidmət olur, amma yolun yarısında bəzi maneələrlə üzləşir və bu çətinliklər onu öz əsas hədəfindən dönməyə vadar edir. Bəzilərinin elə əvvəldən elm öyrənməkdən məqsədləri, Allahdan qeyri hədəflər üçün olur. Nəinki təhsildə ixlasları olur, hətta alçaq niyyətlər xatirinə elmə üz tuturlar. Məsələn; xalqın diqqətini cəlb etmək, vəzifəyə, şöhrətə çatmaq xatirinə elm öyrənirlər. Təbiidir ki, belə adamlar elə əvvəldən yanlış yola üz tuturlar və son mənzilləri də uçurumdur. Nəticədə bədbəxtlik, rəzillik, zillət girdabına yuvarlanırlar və qiyamətdə də behişt qoxusunu heç vaxt hiss etməyəcəklər.
Bəlkə də, vəzifəyə və ağ günə çıxmaq üçün dünyəvi elmlərə üz tutan adam, bir o qədər də məzəmmət edilməsin. Məqsədi Axirət səadəti və bulları işıqlandırmaq olan, lakin ilahi elmlərdən dünya mənfəəti üçün istifadə edən adamın aqibəti çox pis olacaqdır. Həqiqətdə, belə adam dünyanın dərəcə və şənini axirətdən üstün tutur. Başqa təbirlə desək, üstünlüyü dinə yox, dünyaya verir. Bu düşüncə insanın dini əsaslara, mənəvi dəyərlərə etiqadsızlığından irəli gəlir və sonda insanı Allahdan uzaqlaşmağa aparıb çıxarır. Necə ki, Peyğəmbər (s) buyurur: “Məlumatının və elminin artmasına baxmayaraq dünyadan üz çevirməyən adam, həqiqətdə, Allahdan uzaq düşmüşdür.”
 
XALQI ALDATMAQ XATİRİNƏ ELM ÖYRƏNMƏYİN
AQİBƏ
“Xalqı aldatmaq xatirinə elm öyrənən kəsin burnuna Cənnət qoxusu dəyməz.”
Şöhrət və sərvət üçün elm dalınca gedənlər bir tərəfə qalsın, hətta elmi xalqı aldatmaq və başqalarını əyri yola çəkmək xatirinə öyrənənlər də vardır.
Hədisin bu hissəsinə qədər elmə əməl etməyin əhəmiyyət və elm öyrənməkdə niyyətin təmizliyindən söhbət açıldı. Belə ki, elm dalınca gedən insan diqqət edib hansı niyyətlə bu yola  qədəm qoyduğunu özü üçün aydınlaşdırmalıdır. Bəlkə, Allah eləməmiş, qəlbində şeytani niyyətlər baş qaldırıb və “Hüccətül – İslam”, “Ayətullah”, “filosof”, “alim” və s. kimi ad – san qazanmağın dalınca gedir?!
Şöhrət xatirinə elmin zəhmətinə qatlaşanlar, bəlkə də, elə fikirləşirlər ki, xalq arasında məşhur olub tanınan adamlar, Allah yanında da əziz tutulurlar. Bu batil bir fikirdir. Məgər camaat arasında şöhrət qazanmış adam öz ilahi təkliflərinə əməl etmişdir ki, Allah yanında da əziz olsun və səadətə çatsın? Düzdür, onun xalq arasında hörməti, ad – sanı vardır. Lakin Allah yanında hər kəsdən daha başaşağı və üzüqaradır. Çünki insanın üstünlük meyarı onun elmi, əməli və təqvası vasitəsilə ölçülür. Şərt budur ki, insan Allah yanında hörmətli və izzətli olsun, xalq arasında yox.
 
BİLMƏDİYİNİ ETİRAF ETMƏK ALİMLƏRİN ƏSAS
XÜSUSİYYƏTLƏRİNDƏNDİR
Peyğəmbər (s) bir rəvayətdə belə buyurur: “Allah üçün öyrənilməli olan elmi dünyəvi şöhrətə, hədəflərə çatmaq üçün öyrənən adamın burnuna Cənnət qoxusu dəyməyəcək.” (“Biharul - ənvar”, cild 2, səh: 37)
“Ey Əbuzər! Hər vaxt səndən bilmədiyin bir şey haqqında soruşanda, bilmədiyini etiraf et və bilmədiyin bir şey barəsində hökm vermə ki, qiyamət günü Allahın əzabından amanda olasan.”
İnsanın bilmədiyi şey barəsində fikir söyləməsi rəva deyildir. Bəzən düşünülmədən deyilən fikir digərlərinin yoldan çıxmasına, azğınlığa düçar olmasına səbəb olur. Alim şəxsin mübtəla ola biləcəyi eyiblərdən biri də budur ki, bir məsələni bilmir. Lakin həmin şeyi bilmədiyini etiraf etməyə xəcalət çəkir. Savadsız şəxslər üçün hər hansı bir məlumatsızlığı etiraf etmək asandır, lakin alim ünvanı ilə tanınan şəxs “bilmirəm” deməkdən xəcalət çəkir, bir növ bundan yayınmağa çalışır. Belə şəxsdən bilmədiyi bir şey haqqında soruşduqda sualı cavabsız qoymağa, “bilmirəm” deməyə çətinlik çəkir və xalqın ona, “sən necə alimsən ki, bu məsələni bilmədin!” deyəcəyindən qorxur.
Sualın cavabında “bilmirəm” deməyin nə qəbahəti vardır? Məgər hər kəsə hər şeyi bilmək vacib edilmişdir? Hər şeyi bilən Allahdır və başqalarını da Öz işində damla qədər bəhrələndirən də Odur! Necə ki, Quranda buyurur:
“Sizə verilən elmin miqdarı çox azdır.” (“İsra” surəsi, ayə 85)
Mərhum Əllamə Təbatəbai cümə axşamları və cümə günləri məclis təşkil edərdi. Bu məclisdə müxtəlif elm adamları, tələbələr yığışaraq, fəlsəfi və digər mövzular ətrafında elmi bəhslərə qatılardılar. Əgər sualımız olsaydı, məclis başlamamışdan əvvəl və ya yolda gələrkən ona söyləyərdik. Bir gün birlikdə yol getdiyimiz vaxt ondan fəlsəfi bir sual soruşdum və o, “bilmirəm” deyə cavab verdi. Ikinci dəfə başqa bir sual soruşdum. Bu dəfə də, sualımı çox rahat halda “bilmirəm”lə cavablandırdı. Sonra bir müddət nə düşündüsə, buyurdu: “Baxın, görün, belə cavab vermək olarmı?” Sonra ürəyəyatan və qənaətbəxş bir cavab verdi. Həmin gecə məclisdə buyurdu: “Biz gərək öz məchulatımızı Allahın məlumatı ilə müqayisə edək. Belə olan surətdə görəcəyik ki, heç nə bilmirik və bizim bilmədiklərimiz, Allahın məlumatı sonsuz olduğu qədər nəhayətsizdir.”
Bu yol, Peyğəmbər və övliyalar məktəbində tərbiyə olunmuşların yoludur. Bir şeyə yəqinləri olmayanda, tərəddüdlə cavab verirdilər. Bəlkə də, Əllamənin verdiyi cavab, bizim gözlədiyimizdən daha qənaətbəxş idi, lakin bir elmə yəqini olmadığı halda “bilmirəm” deməyə adət etmişdir. Həqiqətdə, onun bu üsulu, uzun zaman nəfs ilə mübarizə və nəfsinə qələbənin təsirindən yaranmışdır.
Bu yol altımış, yetmiş il bərəkətli ömürlərini nəfslərinin paklanmasına, öyrənib – öyrətməyə sərf edən kəslərin yoludur. İndi bizlər üç – dörd söz öyrənib öz şəhərimizə qayıdanda və bizdən bir məsələ haqqında bir şey soruşanda, “bilmirəm” deməyə çətinlik çəkirik! Bunun üçün məşq etmək, adət halını almaq lazımdır ki, birdən bir nəfər bizdən bilmədiyimiz bir sual soruşanda “bilmirəm” sözünü rahat deyə bilək. Əgər bir şeyə zənnimiz olsa, “belə olmaq ehtimalı da var” deməliyik. Belə edəriksə, özümüzü axirət giriftarçılığından xilas etmiş olarıq.
 
QİYAMƏTDƏ ALİMİN ƏN BÖYÜK PEŞMANÇILIĞI
“Ey Əbuzər! Qiyamət günü bir dəstə Cənnət əhli, Cəhənnəm əhlindən bəzilərini görüb soruşarlar: “Necə oldu ki, siz Cəhənnəmə düşdünüz? Halbuki, biz sizin tərbiyənizin, elminizin bərəkəti sayəsində Cənnətə düşmüşük.” Cavabında deyərlər: “Biz başqalarını yaxşı əməllər görməyə dəvət edirdik, lakin özümüz öz dediklərimizəəməl etmirdik.”
Qurani – Kərimdə gösyərilən qiyamət səhnələrindən bir də budur ki, Cənnət əhlinin bir dəstəsini bir qrup Cəhənnəm əhli ilə görüşdürərlər və bu iki dəstə bir – biri ilə söhbət edərlər. Quranda gəlmiş “işraf” sözünə əsasən belə demək olar ki, Cənnət yuxarı, Cəhənnəm isə alçaq məkanda qərar tutmuşdur. Bu cəhətdən də Cənnət əhli onları yüksəkdən müşahidə edərlər. Quranın təbiri belədir ki, bəzən Cənnət əhli Cəhənnəm əhlindən söz soruşub cavab alarlar:
“Behişt əhli Cəhənnəm əhlini səsləyib deyərlər ki, bizə (Peyğəmbərdən) verilmiş vədə (Cənnətdə olacağımız dərəcə) doğru çıxdı. Sizə necə? Allahın sizə verdiyi vədə də doğru çıxdımı? Onlar deyərlər: “Bəli (biz də öz haqqımıza çatdıq).” Bu zaman onların arasından bir nəfər nida edər: “Allah zalımlara lənət eləsin.” (“Əraf” surəsi, ayə 14)
Bəli, bu rəvayətdə göstərildiyi kimi, Cənnət əhli Cəhənnəm əhlindən bir dəstəyə deyər: “Biz sizin hidayətiniz nəticəsində, sizin elminizin, tərbiyənizin bərəkəti sayəsində Cənnəti qazandıq. Necə oldu ki, siz Cəhənnəmə, ilahi əzaba düçar oldunuz?” Onlar həsrət və peşmançılıqla cavab verərlər: “Biz öz söylədiklərimizə əməl etmədik. Sizi yaxşı işlər görməyə dəvət edirdik, lakin özümüz ondan uzaq gəzirdik. Sizi müstəhəb əməllər görməyə təşviq edirdik, lakin özümüz əməl etmirdik. Sizi geybətdən, günahdan çəkindirirdik, amma özümüz günaha batırdıq. Sizlər bizim dediklərimizə qulaq asıb əməl etdiniz və bu yerə gəlib çıxdınız. Lakin biz bu qədər elmə əməl etmədik, axırımız da bədbəxtlik və rəzillik oldu.”
Bu hasrət və rusvayçılıq öz elmlərinə əməl etməyənlərin aqibətidir. Aydındır ki, belə bir peşmançılıq onlar üçün ilahi əzabdan, yanmaqdan daha ağırdır. Çünki ruhi əzablar, cismani əzablardan daha yandırıcıdır. Düşmənin acı gülüşü qılınc yarasından daha yandırıcı olur.
İnsana başqalarının onun yol göstərməsi sayəsində bahiştə nail olmaları, lakin özləri öz elmindən bəhrələnib və ən böyük məqamlara çata biləcəkləri halda Cəhənnəmə düşmələri çox pis təsir edir. Ən dəhşətlisi də odur ki, müridlər gəlib onun bu halına tamaşa etsinlər! Onlar Cənnətdə nemət görsünlər, özü isə Cəhənnəm əzabı. Onun üçün heç bir əzab olmasa belə, şagirdlərinin çatdığı neməti görmək, əzab olaraq ona kifayətdir.
Bu şərif hədisdə yad edilən nöqtələri nəzərə alaraq, biz əvvəl niyyətimizi düzgün müəyyənləşdirməli və elmi Allah xatirinə, vəzifələrimizin düzgün icrası üçün öyrənməliyik. İlk addımda öyrəndiyimiz hər bir şeyə əməl etməyə çalışmalıyıq ki, bu xüsusiyyəti özümüzdə adət şəklinə sala bilək. Elmimiz artdıqca, onu əməldə də tətbiq edə bilək. Əgər əvvəldə hər şeyə səthi yanaşsaq, səhlənkarlıq etsək, əvvəl bir vəzifəni tərk etsək sonra yavaş – yavaş o biri vəzifələri də yüngül sayacağıq. Bu gedişlə içimizdə böyük bir üsyan baş qaldıracaq və artıq nəfslə mübarizə çox çətin olacaqdır.
 
HZ. ƏLİNİN (Ə) BƏYANINDA ALİMLƏRİN BÖLGÜSÜ
Hz. Əli (ə) alimləri dərəcələrə ayırıb, dəstələrə bölərkən belə buyurur: “Alimlər iki dəstədirlər: Birinci dəstə öz bildiklərinə əməl edib nicat taparlar. İkinci dəstə isə elmlərinə əməl etmədikləri üçün həlak olarlar və şübhəsiz, Cəhənnəm əhli əməlsiz alimin pis iyindən əzab çəkər. Bilin ki, Cəhənnəmdə ən peşman, ən həsrət çəkən şəxs o şəxsdir ki, başqalarını Allah yoluna dəvət edər və onlar da bu dəvəti qəbul edib, Allaha itaət edərlər. Sonra Allah onları Cənnətə daxil edər, amma dəvət edəni – öz elminə əməl etmədiyi üçün – Cəhənnəmə salar.” (“Biharul - ənvar”, cild 2, səh: 34)
 

Bu yazılar böyük İslam alimi Doktor Misbah Y
əzdi – nin “Axirət azuqəsi (Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)” adlı əsərinin 1 – ci cildindən götürülərək hazırlanmışdır.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?