İSLAMA XİDMƏT
   
 
  Brahman dini

BRAHMAN DİNİ

VEDA AYİNİNDƏKİ DƏYİŞİKLİKLƏR
Miladdan əvvəl 8 – 9 – cu əsirlərdə brahmanlar (Veda ayininin ruhaniləri) Veda ayinində çox dərin dəyişikliklər etdilər. Bu dəyişikliklər əsasən həmin ayinin iki əsas aspektində baş vermişdi:
Birincisi ideologiya sahəsində idi, bu ayinin ardıcılları özlərini xilas etmək və tanrılarının güclənməsi üçün çoxsaylı allahlara sitayişdən, onların hüzurunda qurbanlıq kəsməkdən üz döndərərək bütün əşyaların vəhdətinə inam yaratmağa meyl etdilər. İkinci dəyişiklik isə dinin içtimai yönümü baxımından baş verdi. Onlar bu ayin ardıcılları arasında sinfi quruluş formalaşdırmağa başladılar. Bu quruluşda brahmanlar ən yüksək ictimai mövqeye sahib oldular.
Bu dəyişikliklərdən sonra Veda dövrünün klassik anlayışı öz yerini Brahman ayininə verdi və bu cərəyan rəsmi olaraq öz çiçəklənmə dövrünü başladı. Brahman ayinində müqəddəs Veda kitablarının öz əvvəlki etibar və dəyərini saxlamasına baxmayaraq, əsas meyar Brahman və Upanişad kitabları idi. Buna əsasən Brahman ayinini üç əsas istiqamətdə araşdırmalıyıq:
1. İdeoloji deyişikliklər;
2. İctimai proseslər;
3. Müqəddəs kitablar.
 
1. İDEOLOJİ DƏYİŞİKLİKLƏR
Brahmanların Veda ayinində yaratdıqları ən mühüm ideoloji dəyişiklik onların nicat və qurtuluş anlayışına verdikləri yeni tərif idi.
Veda ayininin tərifinə uyğun olaraq insanların nicat və qurtuluşu məbudların, xüsusilə atəş allahı olan Aqninin razılığını əldə etməklə müyəssər olur. Bu da qurbanlıq mərasiminin təşkil olunması ilə mümkündür. Yeni tərifin müddəalarına görə isə brahmanlar nicat və qurtuluşunaləmin həqiqət və ruhuna qovuşmaqla, brahmanları tanımaqla müyəssər ola biləcəyi fikrindədirlər. Buna əsasən Veda dinində zahiri və əyani olaraq keçirilən qurbanlıq mərasimi brahmanizmdə öz yerini batini mərasimə verdi.
Brahman ayininin əsas ideoloji prinsipləri aşağıdakılardır:
1. Brahmana etiqad;
2. Atmənə etiqad;
3. Karma;
4. Tənasüx;
5. Mukşa (nicat yolu).
 
1. BRAHMANA ETİQAD
Brahman, yaxud brahma Veda ayini baxımından varlıq aləminin özü, həqiqəti, zatı, başlanğıcı və sonudur. O, əbədi və həmişəlikdir, hər yerdə vardır, onun vücudunda səma və yer, maddi və ya qeyri – maddi olmasından asılı olmayaraq dünyanın bütün varlıqları əhatə olunmuşdur.
Upanişadda brahman belə təqdim olunur:
“ – Odur fənaya uğramayan əbədi allah! Elmli, hər yerdə olan və dünyanın gözətçisi! Odur varlıq aləminin hökm verəni!”
Başqa bir yerdə isə belə deyilir:
“ – O vahid və sonu olmayan fərd aləmi yuxudan oyatdı.”
“ – Əslində dünyanın əvvəlində Brahman idi. Onun dörd tərəfdən heç birində ucu – bucağı yoxdur; ruhu sonsuz bir zatdır ki, doğulmamışdır və ağlın gücü ilə dərk oluna bilməz. O, göyün, kainatın ruhu idi və dünya fənaya uğradığı vaxtda yalnız o qalacaqdır. O, aləmi sonsuz göylərdə oyatdı və o sıx yığılmış xəyal toplusudur, xəyal da odur və nəticədə hər şey ona qovuşub yox olur. Odur şəfəq saçan parlaq günəşin kütləsində yanar bir od, tüstüsüz alov kimi nur ələyir! Onun hərarəti ilə qidalar mədəyə gedir. Buna görə onu atəşdə, qəlbdə hazır, günəşin daxilində mövcud adlandırırlar.”
Upanişadın başqa bir yerində Brahmanın xüsusiyyətləri barədə deyilir:
“ – O həm sabitdir, həm də səyyar, həm uzaqdır, həm də yaxın... O şimalda, cənubda hər bir yerdədir. Bütün çaylar okeanlardan qaynaqlanıb yenidən ona qayıtdığı kimi, hər bir şey Brahmandan yaranır və ona qayıdır.”
 
 
2. ATMƏN
Atmən təkcə insanın düşünüb – daşınan ruhu, zehni – düşüncəsi deyil (Brahmanın simvolu), eynilə Brahmanın özüdür. Bu əqidəyə əsasən Brahma ilə Atmən arasında ortaq şəxsiyyət və tam vəhdət vardır. Bütün nəfslər – insani nəfs və ya heyvanların, həşəratın və bitkilərin ruhu, hər canlı varlığın nəfsi olmasından asılı olmayaraq – özlərinin bütün formaları ilə birgə başqa bir şey deyil, məhz Brahmanın özündən ibarətdir.
Upanişad bu barədə belə deyir:
“ – Brahmanın zühür və təcəllisi, hər bir şeyin ruhu məhz sənin ruhundur.”
Sonra deyilir:
“ – Onun yerlərdə, sularda, odda, havada, zəif küləkdə, səmada, günəşdə, fələkin dörd bir tərəfində, ulduzlarda və ayda, zülmətdə və nurda olan hər bir şeylə birgə, eyni zamanda hər bir şeydən fərqlidir... O kəs ki, daxildən hər bir şeyin ixtiyarını ələ alıbdır. O sənin ruhundur. Əbədi və batini bir nəzarətçi. O kəs ki, tənəffüsdə, danışıqda, gözdə, qulaqda, beyində, dəridə və idrakda yeri vardır və bununla belə, özü idrakdan deyildir. O görünməyən göz, eşidilməyən qulaq, düşüncənin zatına yol tapmadığı bir mütəfəkkir, fəhmin əlinin yetmədiyi başa düşəndir. Bütün bunlarla belə, gözə görünməz, eşidilməz və dərk olunmazdır... O sənin ruhundur: batini və daimi bir nəzarətçi!”
Bu ifadələrdən belə məlum olur ki, Atmən – Brahman dini nöqteyi nəzərdənbütün varlıqların müştərək ruhu sayılır. Ruh dedikdə, göz önündə insan ruhu canlansa da, diqqət yetirmək lazımdır ki, su, od, hava, səma, günəş və s. barəsində də həmin ifadə, yəni “sənin ruhun” sözü işlədilmişdir.
Başqa sözlə, Brahman ayinində insanlar üçün xüsusi bir ruh nəzərdə tutulmuşdur və ona Atmən deyilir. Həmçinin bu dində atmənlə tam vəhdətdə olan kainatın ruhu, və ya “dünyanın canı” da mövcuddur. Upanişadlarda sonuncu məna sanskrit dilində “tet tom isi” kimi verilmişdir ki, bu da “sən odsan” deməkdir.
Atmən ilə Brahman arasında müəyyən mənada ayrılmaz birlik vardır və onun müddəalarına görə bu iki varlıq müqəddəs nəfs və əbədi həqiqətdən ibarətdir. Brahman – Atmən yozumu bu vəhdətin isbatı ola bilər. Upanişadda yuxarıdakı ifadə barədə belə oxuyuruq:
“ – Mənim qəlbim daxilində olan ruh – düyü dənəsindən, yaxud buğda dənəsindən, yaxud ərzən dənəsindən, yaxud ərzən dənəsinin məğzindən daha kiçikdir. Qəlbimin içindəki ruh yerdən – göydən böyük, səmadan və bütün dünyadan əzəmətlidir. Bu mənim qəlbimin daxilində olan Brahmadır!”
Brahman ayininin yuxarıda qeyd olunan fəlsəfəsi əsasları üzərində tədqiqat aparan alimlər Brahmanla Atmən arasında vəhdəti – vücudun olmasını bıyan etdikdən sonra, irfan sahəsinə daxil olaraq bu ayinin ardıcıllarına tövsiyə etmişlər ki, nəfsi kamilləşdirmək üçün nirvana – fəna mərhələsinə keçsinlər. Yəni, insanın ruhu dünyəvi ruhla vəhdət təşkil edib qovuşmaq mərhələsinə çatdıqdan, Brahma ilə birləşdikdən sonra bu vüsalın özündən agah olur; bu birlik və agahlığın özü də onun daxilində bir növ cazibə, coşqunluq və məftunluq yaradır. Ondan sonra insan yəqin mərhələsinə çatdığı üçün təsvirə gəlməz səadət və ləzzətə nail olur. Sözlər və ifadələr onun həqiqi mənasını şərh etməkdə acizdir, əql onu dərk edə bilmir. Artıq bundan sonra arif şəxs Brahmaya qovuşmuş hesab olunur və eyni halda onu mütləq sükunət və nəzarət bürüyür. Yəqin gözü ilə özünün Brahma ilə olan ruhani vəhdətini hiss edir. Belə ki, öz ətrafında mövcud olan və hiss olunan əşyaları başqa bir şey kimi deyil, vahid bir vücuda malik olan halda görür. Arif insan bu halətdə özünü hər biri vahid və əzəli varlığın ayrı – ayrı təzahürləri olmalarına baxmayaraq onun yanında olan ağacla bir görür. Brahman dinində varlıqlar Brahmanla vəhdətdə olmaqla eyni zamanda Brahmandan ayrılır və seçilir. Zahirdə bütün aləm çoxluqlardan təşkil olmuşdur, gerçəkdə isə belə deyildir. Çoxluqlar varlıq aləminin bəsit və fərdi həqiqətindən ayrılıq və əksliklərin təzahürləridir. Buna görə də öz özlüyündə nöqsana, şərlərin meydana gəlməsinə və kamaldan uzaq düşməsinə səbəb olurlar. Əgər bu müxtəliflik və çoxluq olmasaydı əzab - əziyyətin, çətinlik və kədərin mənası olmaz, aradan gedərdilər. Buna görə də insan fəna mərhələsinə yetişdikdə çoxluqdan yaxa qurtardıqda qurtuluş, səadət, xoşbəxtlik və kamala çatmaq hissi keçirir.
Brahmanların etiqadına görə Atmən (yəni, varlığın ruhu və məğzi, insani mahiyyəti və batini)əzəli və əbədidir. Yaradılış və xilqətin bir dövrünə şamil edilən dünya dövranlarından hər biri (brahmanlar ona karpa deyirlər) bir gün sona çatacaqdır. Həmin gün bütün varlıqların ruhu öz cəsədlərindən ayrılacaq, asılı və sükunətdə olacaqlar. Uzun bir müddət qət etdikdən sonra “pralaya” adlandırılan sükunət, yoxluq başa çatacaq, xilqət və yaradılış yenidən başlanacaq, yox olmuş aləm təzədən yaranacaqdır. Bu zaman ruhlar ətalət və donuqluq vəziyyətindən çıxacaq, yenidən hərəkətə, canlanmaya gələcəklər. Bütün kainat – bitkilər, canlılar, insanlar, şeytanlar və məbudların hamısı – yeni bədənlərdə öz həyatına başlayacaqlar. İctimai sinif və təbəqələr yenidən təşəkkül tapacaq və yeni karpa başlanacaqdır. Bu dövr də özünün yekun nöqtəsinə doğru hərəkət edəcəkdir. Beləliklə, dünyanın mövcudluq tarixi əzəli, əbədi şəkildə yeniləşmə və təkrarlanmaqdadır.
 
3 – 4. KARMA VƏ TƏNASÜX
Öyrəndik ki, brahmanların etiqadına uyğun olaraq Atmən əzəli və əbədi olmaqla Brahmanla vəhdət təşkil edir. Onun zatına azacıq belə olsa, nöqsan, şər və əzab - əziyyət yol tapmamışdır. Bu nöqsan, şər və əzab - əziyyət insanın rəftarındakı əməllərin nəticəsi, yaxud Karmadır. Karma Atməni özünə tabe edərək onun ruhunu müəyyən şəkilə salmış insani əməl və rəftarlardır.
Bu etiqada əsasən insan murdar və pis əməllər törətməsə öldükdən sonra ruhu Brahmana qovuşur və xoşbəxtliyə çatır. Əgər çirkin və yaramaz əməl – Karma törətmiş olsa, yaxud gələcəkdə belə işlər görsə onun ruhu heyvan və ya insanların cisminə, yaxud sair əşyalara keçərək yenidən həyat sürəcəkdir. İxtiyari deyil icbari olan bu yeni həyat insanın bir daha əzab - əziyyətləri, müsibətləri yenidən təcrübədən keçirməsinə səbəb olur. Bu proses terminologiyada “Samsara”, yaxud Tənasüx və ya Hülul adlandırılır.
Karma prinsipi əsasında, insan ruhu onun törətdiyi əmələ uyğun olaraq ölümündən sonra özündən yuxarı və ya aşağı cəsədə keçir və nəticədə öz əməlinin bəhrəsini görür. Upanişadlar bu barədə deyirlər:
“ – Həyatlarında gözəl və bəyənilən əməl sahibi olanların ruhları ölümdən sonra pak və bəyənilən bətndə bir Brahman (Brahman – Brahman ayinində ictimai sistemin ən yüksək təbəqəsidir.) qadının, yaxud da Kşatriyə (Kşatriyə – Brahman ayinində ictimai sistemin ikinci təbəqəsidir.) və yaxud da Visiyə (Visiyə – Brahman ayinində ictimai sistemin üçüncü təbəqəsidir.) qadının bətnində özünə yer tapır. Amma şər işlər görən şəxslərin ruhları isə çox bəyənilməz bətnlərdə yerləşir. (Çox bəyənilməz bətnlər – İtin, canavarın, donuzun qarnında, yaxud cəmiyyətin aşağı təbəqəsindən olan bir qadının bətnində.)
Samsara prinsipinə uyğun olaraq, qeyd etdiyimiz üslubda olan keçid, Tənasüx və nəsil artımı ardıcıl sürətdə insan əməlinə münasib şəkildə təkrar olunur. Cəmiyyətin aşağı təbəqəsindən olan yaxşı əməl sahibi olan insanın ruhunun ölümdən sonra Brahmanın, yaxud cəmiyyətin yüksək təbəqəsindən olan bir şəxsin bədəninə keçməsi də mümkündür və bunun əksi də ola bilər.
 
5. MUKŞA (NİCAT YOLU)
Öyrəndiyimiz kimi, brahmanların etiqadına görə insan dünyada çirkin əməllərlə məşğul və şeytan xislətli olarsa, hökmən öz həyatının yeni dövrünü daha aşağı bir varlığın bədənində başlamalı, daha ağır əzab - əziyyət və müsibətlərə dözməlidir. Yaxşı əməl sahibləri isə öz həyatlarını daha üstün bir varlığın bədənində davam etdirəcəklər. Ancaq bilmək lazımdır ki, bundan əvvəl də qeyd olunduğu kimi, çoxluq aləminə yenidən qayıdış hər – halda əzab - əziyyətlə müşaiyət olunacaqdır. Çünki həmin aləmin xüsusiyyətləri bunu tələb edir. Buna görə də nə saleh, nə də çirkin əməl qurtuluşa səbəb olmur. Brahmanların nəzərinə görə nicat və qurtuluş yalnız Mukşanın vasitəsilə mümkündür. Mukşa maddi meylləri tərk edib fəna yoluna qədəm qoymaqdan ibarətdir. İnsan var – dövlət sevgisi və dünyəvi istəklərdən əl çəksə Brahmana qovuşar və əbədi rahatlıq tapar. Bu barədə Upanişad elmi iki mərtəbəyə - daha ali və daha aşağı dərəcəyə böldüyü (aşağı elm dedikdə Brahmanın təzahürlərini tanımaq və ona necə ibadət etmək nəzərdə tutulur.) hissədə belə deyir:
“ – Daha ali elm – azadlıq elmi Atməndə (yaxud insan varlığının həqiqəti və ruhu) bütün maddi meyllərdən və varlığı tələb edən şəraitlərin hamısından azad olmaqdır. İnsan bu məqama yetişməklə Mukşaya, yəni nicat və qurtuluşun yoluna çatacaq, Atmən – Brahmanın bir olmasını dərk edəcəkdir. Bu zaman vəhdətin şadlığında, əzəliyyət və əbədiyyət nəşəsində qərq olacaq, aləmdəki daimi dəyişikliklərdən və köçmələrdən, samsaranın qeyri – ixtiyari həyat dəyişmələrindən həmişəlik xilas olacaqdır.”
 
2. İCTİMAİ QURULUŞ
Brahman ayinində sanskrit dilində ona “kasta” deyilən Veda ayiniə nisbətən baş verən ən mühüm dəyişikliklər dörd təbəqəli quruluşun formalaşması idi. Miladdan əvvəl 7 – ci əsrin sonlarından başlayaraq, tədricən Hindistanda bir – birindən tamamilə ayrı və fərqli dörd ictimai təbəqə formalaşdı. Burada hər bir təbəqəni şərh etməzdən və Brahmanın onlar barədə nəzərini araşdırmazdan əvvəl, bu dörd təbəqənin yaranma tarixinə qısa ekskursiya edək:
Miladdan əvvəl 7 – ci əsrin sonlarında ariyalılar Qanqa dərəsini tamamilə əllərinə keçirdilər və orada tədricən çoxsaylı ictimai təşkilat və qurumlar yaratmağa başladılar. Bəzi bölgələrdə müəyyən dövlətlər də yarandı ki, onlara monarxiyalı hakimmiyyət quran “Racelər” sülaləsi rəhbərlik edirdi. Bəzi yerlərdə qəbilə başçılarından ibarət şuraların nəzarəti altında ictimai təşkilatlar yaranırdı və bunlar əslində bir növ “Köçərilər Respublikası” sayılırdı. Bu hindus təşkilatlarında fateh qövm (ariyalılar) ən yüksək məqama malik idi və məğlub olan qövm isə ən alçaq təbəqələrdə yer tutmuşdu. Bu təşkilatlar yarandığı ilk vaxtlarda bir – biri ilə çox da fərqli xüsusiyyətlərə malik olmasalar da tədricən bir – birindən tamamilə ayrı olan dörd təbəqəyə bölündülər. Onlar aşağıdakılardan ibarətdir:
1. Kşatryalar təbəqəsi - əmirlər və şahzadələrə şamil edilirdi;
2. Brahmanlar təbəqəsi – ruhanilər və kahinlərdən ibarət idi;
3. Vişiyalar təbəqəsi – əkinçilər və sənətkarlara aid idi;
4. Şudralar təbəqəsi – qeyri – ariyalı xalqlardan olan qara dərililər, qullar və başqalarından təşkil olunmuşdu.
Bu sinfi quruluş sırf irqçilik prinsipləri əsasında formalaşmışdı. Buna görə də ilk üç təbəqə ariyalı irqindən olduğuna görə qeyri – ariyalı xalqlardan ibarət olan dördüncü təbəqədən uzaq gəzirdi. Onların arasında ayrılıq o həddə idi ki, aşağı təbəqə ilə ailə qurmaq qadağan edilmişdi və xoşagəlməz hal sayılırdı. Hətta onlarla oturub – durmaq, bir süfrə başnda çörək yemək belə yasaqlanmışdı.
Əlbəttə, dördlük təşkil edən kastalardan əlavə, Hindistan cəmiyyətində başqa bir təbəqə də var idi ki, ümumiyyətlə bütün insani, ictimai hüquqlardan və hətta bəzi heyvanlara məxsus imtiyazlardan da məhrum idi. Bu təbəqəyə “Paryalar”, yaxud “Çəndəlalar” deyirdilər. Paryalar insan hesab olunmadığından, mövcud ictimai və sinfi quruluşda onlara azacıq da olsa, yer verilmirdi. Digər təbəqələr tərəfindən Paryalara qarşı nifrət hissi və onların cəmiyyətdən uzaqlaşdırılması yavaş – yavaş özünə dini rəng aldı. İctimai və ailəvi əlaqələrin bərqərar edilməsini qadağan etmək azmış kimi, hətta ariyalıların müqəddəs kitablarını (Vedaları) öyrətmək və qiraət etmək haqqı da onlardan alındı. Bundan əlavə onlara hətta ariyalıların allahlarına sitayiş etmək icazəsi belə verilmirdi. Bu zülm və ayrı – seçkiliklər Paryaları tədricən Animizm və s. kimi ibtidai dinlərə yönəltdi.
Müqəddəs Veda kitablarında da qeyd olunan kasta sinfi quruluşu dini və etiqadi baxımdan elə təfsir olunurdu ki, sonralar o, azacıq dəyişikliklə Brahman ayininin yayıldığı dövrlərdə hind cəmiyyətinin ictimai quruluşunun əsasını təşkil etdi. Bu cüzi dəyişiklik Brahmanlar təbəqəsinin Kşatrya təbəqəsi ilə yerdəyişməsindən ibarət idi. Çünki ölkəni idarə etmək, düşmənlərlə mübarizə aparmaq və müxalifləri məhv etməklə məşğul olan əmir və cəngavərlər naçar qalıb daim ruhani (Brahmanlara) gücünə arxalanırdılar. Onlar da xalqın dini hisslərindən istifadə edərək özlərinin hərbi – siyasi məqsədlərini həyata keçirə bilərdilər. Bu da tədricən əvvəllər dua, qurbanlıq mərasimlərinin keçirilməsini, məbudların dərgahında ehtiyacların istənilməsi mərasimlərini həyata keçirən Brahmanlar təbəqəsinin tədricən xüsusi mövqeyə yüksəlmələrinə səbəb oldu. Camaat brahmanların duz və zikrlərinin qeyri – adi təsirə malik olduğuna inandıqlarından get – gedə onların şan – şöhrəti və əzəməti artdı. Belə ki, brahmanlar hətta məbudlarla eyni səviyyədə hesab olundular. Bu təbəqənin müsbət qarşılanması və onlara olan meyl son nəticədə brahmanların qalan üç təbəqə ilə yanaşı mövqeyinin yüksəlməsinə səbəb oldu və onlar üçün xalq arasında münasib sosial baza yarandı. Əlbəttə, Kşatryalarsiyasi və hərbi qüdrətdən bəhrələndiklərinə görə daha böyük ictimai imtiyazlara malik olub bütün təbəqələrə hakim kəsilsələr də brahmanların camaat arasındakı nüfusu və ümumxalq rəğbəti elə bir vəziyyət yaratdı ki, əmirlər və hərbiçilər tədricən bu yeni ictimai təbəqəni rəsmi olaraq tanıdılar.
Bütün bunlara baxmayaraq indinin özündə də, Hindistanın ictimai quruluşunu təşkil edən bu sinifləşmə hələ də ayrı – ayrı təbəqələrin bir – birinə qarışıb ünsiyyətdə olmasını qadağan edir.
Hər bir şəxs öz təbəqəsindən olan insanlarla əlaqə yaratmalı və ya ailə qurmalıdır. Hamı öz ata – babalarının həmin təbəqədəki işini davam etdirməli, öz təbəqəsindən çıxmamalıdır və başqa iş seçmək haqqına sahib deyil. Əlbəttə, Qandinin istiqlal mübarizəsinin ümumxalq hərəkatının qələbəsi ilə bu sinfi imtiyazların çoxu öz – özünə ləğv edildi. Xüsusilə də, Paryalar müdafiə olundular və itirilmiş hüquqlarını bərpa etdilər. Hal – hazırda da onların arasında sinfi ayrı – seçkiliklər müəyyən qədər müşahidə olunur, xüsusilə də brahmanlar özlərinin əvvəlki sinfi və ictimai mövqelərini qoruyub saxlamışlar.
Hindistanın sinfi quruluşunda əhəmiyyətli məqam bu quruluşun dini və ideoloji əsaslandırılmasıdır və buna əsasən həmin təbəqələr Brahmanizmin pozulmaz prinsipi sayılır. Bu barədə Riqveda kinatın yaradılışını bəyan edərkən deyir: “ – Sonra onun ağzı (Brahman – kainatın xaliqi) Brahmana çevrildi. Onun biləkləri Kşatrya, budları isə Vişya oldu və Şudra onun ayaqlarından yarandı.”
Brahmanlar Riqvedanın bu ifadəsini belə izah edirlər ki, hər fərdin sinfi mövqeyi karma qanunu və samsara, yəni tənasüx əsasında təyin olunur. İnsan ruhu əvvəlki həyatda özünün yaxşı və ya pis əməllərinə əsasən öldükdən sonra aşağı, yaxud yuxarı təbəqədən olan bir insana və yaxud da cismə keçib yeni həyatını başlayır. Buna görə də, cəmiyyətin aşağı təbəqələrinin öz mövcud vəziyyətləri və mövqelərindən şikayət və etiraz etmək haqları yoxdur. Çünki, belə bir şəraiti o seçməyib və bu işə görə müqəssir deyil. Daha üstün məqam və mövqe istəyən şəxslərin çarəsi yalnız bundadır ki, kastın sinfi quruluşu və onun qanunlarına qeydsiz – şərtsiz təslim olub ona tapşırılan vəzifə və məsuliyyəti yerinə yetirməklə özündən müsbət bir karma qoyub getməkdən başqa çarəsi yoxdur. Bəlkə yalnız bununla gələcək həyatlarında yüksək təbəqədən olan bir şəxs formasına düşüb daha yüksək təbəqədə yeni həyatlarını başlaya bildilər. Bu ölüm və həyat ardıcıllığı tənasüx vasitəsilə bütün təbəqələrdə fərdi ruhun ötüb – keçməsinə və ən yüksək təbəqəyə çatmasına qədər davam edəcəkdir. Son mərhələ həmin fərdin göylərdə, ataların və məbudların ruhlarının qonşuluğunda əbədi məqama, bundan daha yüksək də olan Brahma ilə tam qovuşma məqamına çatmasıdır. Ruh hətta karyaların səviyyəsinə qədər enə bilər. Brahmanların inancına görə çirkin əməllər və Brahma qanunlarına itaətsizlik insanı öz təbəqəsindən aşağı endirə və yeni həyatda daha alçaq təbəqədən olan bir fərdin qəlibində yerləşdirə bilər. Bu baxımdan Paryaların aşağı məqamda olmalarının səbəbi budur ki, onların çirkin əməllər, Brahman qanunlarından çıxmağa səy göstərmələri öz məqam və mövqelərindən aşağı enmələrinə səbəb olmuşdur. Bu mərtəbədə Paryaların heç bir insani haqqı, ictimai nüfus və heysiyyəti olmur. Onlar Karma qanununa əsasən heç heç kəsin yerinə yetirməyə razı olmadığı ən alçaq ictimai işləri görməyə məhkum olunmuşlar.
 
3. MÜQƏDDƏS KİTABLAR
Brahmanların ən müqəddəs və ən mühüm kitabları dör Vedadan ibarətdir. Amma onların arasında da yalnız Upanişad Brahman ayininin əsas istiqaməti və Vedanın ən mühüm təfsirlərindən biri sayılır.
“Upanişad” sözü üç hissədən ibarətdir: “upa” – yaxın, “ni” – aşağı, “şad” isə oturmaq mənasını daşıyır. Bu söz terminologiyada mürşidlərin öz xüsusi müridlərinə öyrətdiyi bir sıra şifahi elmlərə aid olunur. Xüsusi diqqət və vasvaslıqla təqdim olunan bu təlimlər xüsusi xarakterinə və yalnız bu elmləri öyrənmək ləyaqəti təsbit edilmişşəxslərə təlim edildiyindən tədricən batini həqiqətlərə və sirli elmlərə çevrildi. Buna görə də bəzi alimlər “upanişad” sözünü “sirlər və rəmzlər” mənasına işlətmişlər.
Brahman ayininə inananların nəzərinə görə Upanişadlar toplusu bəşər tərəfindən yazılan əsərlərdən olmayıb, yalnız vəhy və işraq yolu ilə meşələrdə tərki – dünya həyat tərzi keçirərək öz ruhlarını saflaşdırmağa nail olanlara və haqq hökmlərinin dinləyicilərinə ilham olunur, daha sonra isə sirli, simvolik cümlə və ifadələr şəklini almışdır. Upanişadların tarixi miladdan 500 – 800 il əvvələ gedib çıxır. Hal – hazırda 200 nüsxəyə qədərUpanişad mövcuddur ki, onların bəziləri şer, bəziləri isə nəsr şəklində yazılmışdır. Bu nüsxələrdən bəziləri əslində sonralar Brahman ayinində yaranan bir çox məktəblərin əsasını təşkil etmiş təfsirlərdir. Əvvəldə qeyd olunduğu kimi, Brahman ayininin ideoloji dünyagörüşü və ictimai quruluşunun əsasları Upanişadların təlimləri üzərində qurulub. Buna görə də, həmin kitablar Brahman ayininin ən mühüm və ən əsas kitablarından sayılır.
Brahman ayinində ehtirama layiq görülüb müqəddəsləşdirilən və bu ayinin əməli əsaslarını təşkil edən digər bir kitab “Mano qanunları” adlanır. Keçmişi miladdan 250 il əvvələ gedib çıxan bu kitab 12 fəsildən ibarətdir. Hər bir fəsildə əxlaqi və əməli tövsiyələr, ardıcılların vəzifələri, o cümlədən cəza qanunları, hər bir kasta üzvlərinin vəzifələri, təbəqələrlə əlaqədar müəyyən şərh və izahlar bəyan olunmuşdur. Bu kitabda Brahmanlarla əlaqədar oxuyuruq:
“ – Brahmanların vəzifəsi budur ki, Vedaları tədris edib öyrətsinlər. Camaatın qurbanlıqlarını tanrıların dərgahına hədiyyə etsinlər, onlardan qeyrisinin vasitəsi ilə qəbul olunmaz. Brahmanlara bütün məbudlar hörmət edir və buna görə də yüksək məqam sahibidirlər. Brahman heç bir günaha batmaz, hətta bütün insanları öldürsə belə cəzalandırılmayacaq. Padşahlara, hətta ehtiyacdan ölüm ayağında olsalar belə, Brahmana vergi qoymaq qadağandır.”
Mano qanunlarında Kşatrya təbəqəsi barədə deyilir:
“ – Yalnız bunların rəhbər, padşah, qazi və ya hakim olmağa səlahiyyətləri vardır. Onların hərbi işlərdən başqa bir xidmətlə, hətta dinc şəraitdə olsa belə, məşğul olmaları caiz deyildir.”
Yaxud Vişiya təbəqəsi barədə deyilir:
“ – Yalnız öz təbəqələrindən özlərinə həyat yoldaşı seçmək onlara vacibdir. Ticarət qanunlarını, əkinçilik və bağbanlıq qaydalarını öyrənmək də Vişiyalılara vacibdir. Onlar müxtəlif xalqların dillərindən, bazardakı qiymətlərdən xəbərdar olmalıdırlar.”
Bu kitabda Şudralər haqqında belə deyilir:
“ – Onlara Brahmanların əmrlərini yerinə yetirmək vacibdir. Yalnız bu halda sonrakı həyatda daha yaxşı məqama çata biləcəklərinə ümidvar ola bilərlər. Onların sərvət toplamaları caiz deyildir. Çünki belə olan halda Brahmanlar əziyyət çəkə bilərlər. Əgər Şudra təbəqəsindən bir şəxs özünü daha yüksək təbəqədən olan fərdlə bərabər hesab edərsə sürgün edilməli və kürəyinə dağ basılmalıdır. Əgər özündən yuxarı təbəqələrə mənsub olan bir şəxsə əl qaldırarsa əli kəsilməlidir; təhqir edərsə ayağı kəsilməlidir. Həyasızlığı son həddə çatarsa, Brahmanın rəyi ilə onun ağzına və qulağına qaynar yağ tökmək padşaha vacibdir.”
Göründüyü kimi, “Mano qanunları” kitabı ictimai təbəqələr arasındakı ziddiyyətləri daha da dərinləşdirir. Bu kitab təbəqələr arasındakı fərqin qorunub saxlanılmasını hər bir dindara itaəti vacib olan dini - əqidəvi və qaçılmaz bir iş hesab edir. Bu vəzifələrdən imtina etmək dindən çıxmaq, mürtəd olmaq, Brahman və digər məbudlara qarşı üsyan, sonrakı həyatında hazırkı məqamından daha alçaq məqamlara enməsinin səbəbi sayılır.
Bu kitabda Mano qanunlarının düzgün olmayan təlimlər, mənfi cəhətlər və ağlasığmaz hallarından əlavə, müsbət və dəyərli əxlaqi tövsiyələr də gözə çarpır. Əxlaqi tövsiyələrdən bəzilərini qeyd edirik:
“Valideynə və müəllimə itaət qarışıq ehtirama diqqətlə yanaşmaq, günahı etiraf etmək, sədaqət və düzlük, çətinliklərə ruhi məşğələlər və şadlıqla dözmək və s.
“Mano qanunları” kitabında əhəmiyyət kəsb edən digər bir məqam, bu kitabda ilk dəfə olaraq digər müqəddəs kitablardan, onların məbəd və ruhaniləri barədə söhbət açılmasıdır. Ümumiyyətlə “Upanişadları“ və “Mano qanunları”nı özü də Veda ayininin əsasları üzərində qurulmuş Brahman ayininin əsas dayaqlarından hesab etmək olar. Həmin kitablarda bu ayinin ideoloji, ictimai əsasları və dünyagörüşü şərh olunmuşdur.
Hinduizmin əsası və bünövrəsi sayılan Brahman ayininin hal – hazırda da Hindistan yarımadasında çoxsaylı ardıcılları vardır. Sonrakı bölmələr bu ayinin ətraflı təhlilinə həsr olunacaq.
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?