İSLAMA XİDMƏT
   
 
  Dinlərlə Tanışlıq

DİN HAQQINDA

“Din” kəlməsinin müxtəlif mənaları vardır. Onlardan “cəza”, “itaət”, “adət”, “hökm”, “bağlılıq”, “qəhr və qələbə” və s. qeyd etmək olar. Amma, bu sözün ən mühüm və ümdə mənası “itaət və əmrə tabe olmaqdır”. Əlbəttə, dinin “bağlılıq” mənasında olmasını da nəzərdən qaçırmaq olmaz. Bütün bu mənalara diqqət yetirməklə din anlamını belə tərif etmək olar:
1. Varlığın mənşəyinə itaət üçün insan həyatını nizama salan qanun və hökmlər toplusuna din deyilir.
Yuxarıdakı tərifi daha da dəqiqləşdirmək üçün dini belə də tərif etmək olar:
2. Din – varlığın mənşəyinə əqidə yolunda insanın rəftar və əməllərində qəbul etdiyi bir bağlılıqdır.
Bu iki tərifə əsasən dinin iki mühüm və əsas kökü olacaqdır:
1. Varlığın mənşəyinə əqidə;
2. Bu əqidədən doğan tələblərə əməl etmək.
İnsanların, varlığın mənşəyi haqda olan baxışları müxtəlif olduğundan, onların dinə olan münasibətləri də bir - birindən fərqlidir. Ayrı – ayrı şəxslər və ya cəmiyyətlər arasındakı dini ixtilafların da kökü məhz budur.
İlahi dinlər ayrı – ayrı fərdlərin və cəmiyyətin islahı, təkamülü, nicat və xoşbəxtliyi üçün göndərilmişdir. Ona görə də dinin mahiyyətini başqa birifadə ilə belə izah edirlər: “-Din, Allah – Təala tərəfindən bəşəriyyətin xoşbəxtliyə çatmasından ötrü haqq Peyğəmbərlərə nazil olan hökmlər və göstərişlər toplusudur. Ona görə bu əmrlərə və qayda – qanunlara tabe olmağı lazım bilmişdir ki, insanlar bunlara tabe olmaqla Allahın vəd və zəmanət verdiyi səadətə çatsınlar.”
Bəzi alimlər və tədqiqatçılar isə din haqqında belə demişlər: “- Din elə bir ilahi quruluşdur ki, ağıl və təfəkkür sahiblərini öz iradə və ixtiyarı ilə dünyada xeyirə və axirətdə isə səadətə tərəf sövq etdirir və onları düzgün yola istiqamətləndirir.”
Qərb alimləri də din haqqında müxtəlif mülahizələr irəli sürmüşlər. Onlardan bəziləri deyirlər: “- Din, yaranmışların yaradan qarşısındakı, insanın Allah, cəmiyyət və özü qarşısındakı vəzifələr toplusudur.” Yaxud, “- Din insanların öz vacib və zəruri vəzifələrini ilahi əmrlərin nəzərə alınması əsasında olduğunu dərk etmələrinə deyilir.”
Başqa bir tərifdə deyilir: “- Din, həmin ibadətdir. İbadət iki məqulədən, iki ünsürdən ibarət bir əməldir.”
1. İbadət insan ağlının qəbul və təsdiq etdiyi bir əməldir. İnsan onun vasitəsilə yenilməz bir qüvvənin varlığını qəbul edir;
2. İbadət məhəbbətlə yoğrulan içəridən gələn bir əməldir. İnsan onun vasitəsilə yenilməz bir qüvvənin eşq – məhəbbətinə doğru yüksəlir.
Dinə verilən bütün bu təriflərin hamısında müəyyən iradlar və çatışmazlıqlar tapmaq olar. Tərif və izahların müştərək nöqtəsi budur ki, onların hamısı səmavi vəhyə, mütləq vücud sahibinin (yəni pərvərdigarın) varlığına inama əsaslanır. Ona görə də belə tərifləri yalnız ilahi dinlərə aid etmək olar. Halbuki, bəşəri əqidələrin arasında qeyri – İlahi dinlər də mövcuddur. Kor – təbii surətdə yaranaraq təkcə insan ağlına əsaslanan, yaxud xəyal və gümanlardan yaranan xurafat dinlər və ümumiyyətlə bütlərə, ulduzlara, mələklərə və s. əsaslanan dinlər də vardır. Bunları nəzərə alsaq, belə dinlər yuxarıdakı tərifdən kənarda qalacaq. Halbuki, Quran nöqteyi nəzərindən bu kimi düzgün olmayan əqidələr də “din” adlandırılmışdır. “Ali – İmran” surəsinin 85 – ci ayəsində oxuyuruq:
“- Hər kim İslamdan başqa bir din ardınca gedərsə, heç vaxt ondan qəbul olunmaz.”
Bundan əlavə “Kafirun” surəsinin 5 – ci ayəsində buyrulur:
“- Sizin öz dininiz və mənim də öz dinim vardır.”
Yuxarıda qeyd olunan bu çatışmazlıqlar, bəzi dinşünas alimlərin dinin tərifini genişləndirməsinə səbəb olmuşdur. Onlar dinin tərifində yazırlar:
“- Din, insanların mütləq azadlığına və özbaşınalıqlarına mane olan çəkinmələr və pəhrizlər toplusuna deyilir.”
Başqa bir tərifdə deyilir:
“- Din, insanların müqəddəs hadisə və varlıqlarla bağlı olan əməl və etiqadlarından ibarətdir ki, onlar bir – biri ilə sıx əlaqədədir.”
Yuxarıdakı iki tərifdə mütləq vücud və varlıq sahibindən danışılmır. Bu kimi izahları qəbul edənlər, əslində qeyri – İlahi dinləri də dinin tərifinə daxil etmək istəmişlər. Lakin bu mövzuda başqa bir məsələyə də diqqət yetirmək lazımdır. Dinlər tarixi barədə nəzəriyyə irəli sürən tarixçilər yekdilliklə bu qənaətə gəliblər ki, bəşər tarixində formalaşan bütün cəmiyyətlərdə daimi olaraq, insan həyatının əvvəli və sonu, varlığın və yaradılışın səbəbləri haqda düşünüblər. Bu barədə onlar müəyyən fikirlər irəli sürmüş və ona etiqad bəsləmişlər; düzgün və ya səhv, haqq və ya batil, ağıl və məntiqə uyğun və ya xurafi olmasından asılı olmayaraq, onları qəbul etmişlər. Başqa sözlə desək, xurafi dinlərin meydana gəlməsi insanların özü barəsindəki suallara necə cavab tapmalarından asılı olub. İnsanlar daim “- Haradan gəlmişəm?”, “- Nə üçün gəlmişəm?”, “- Hara gedirəm?” və bu kimi digər suallara cavab tapmağa çalışıb. İlahi və xurafi olmasından asılı olmayaraq, demək olar ki, bütün dinlər varlığın nizam və quruluşu barədə müxtəlif cür düşünüb müəyyən nəzəriyyələr irəli sürüblər. Onların arasında nəzərə çarpan fərq, yalnız bu fikirlərin məntiq və əql və ya xurafat və mövhumat əsasında olmasındadır.
İnsan varlıq aləminin başlanğıcını dərk etdikdən sonra başa düşür ki, onun yaradanı sonsuz qüdrət və diqqət sahibidir. İstər – istəməz insan Onun bu əzəmət və qüdrəti qarşısında özünü zəif, gücsüz və möhtac hesab edir. Ona görə də insanda bütün qəlbi ilə əyilmə, boyun əymə, itaət hissi yaranır. Bu hisslə yanaşı insanda mütləq varlıq müqabilində ehtiyac hissi və müqəddəs bilmək, məhəbbətini izhar etmək hissi əmələ gəlir. Belə bir halətə ibadət və pərəstiş deyilir. Əslində, insan bir tərəfdən varlığın yaradanının qəzəb və tədbirinin qorxusundan amanda qalmaq, başqa tərəfdən də Onun razılığını, lütf və mərhəmətini qazanmaq istəyir; Ondan kömək almaqla öz ehtiyaclarını təmin etməyə çalışır. Bu iş adətən xüsusi əməl və zikrlər vasitəsilə həyata keçirilir; bu hər bir din və məzhəbdə özünə xass şəkildə, müxtəlif cür baş verir. Ona görə də hər bir dinin ibadət və mərasimləri başqa dinlərdən fərqlidir. Müəyyən bir dinə etiqad bəsləyən şəxsin ibadət forması onun “varlıq mənşəyini” necə tanımasını və dərk etməsini göstərir. Qeyd etmək lazımdır ki, dində boyun əymə və itaət yalnız varlığı idarə edən yenilməz qüvvə sahibinə tabe olmaqdan ibarət deyil. Çünki, varlıq aləmində yerin cazibə qüvvəsi kimi elə qüvvələr vardır ki, insanlar istər – istəməz onlara boyun əyir və tabe olur. Bu kimi hallara adətən ibadət deyilmir. İbadət elə bir təzim, itaət və boyun əyməyə deyilir ki, əvvəla o, təzim olunan və müqəddəs sanılan bir zat və həqiqi varlığın müqabilində olsun. Məlum olduğu kimi, varlıq aləmində heç bir qüvvə təkcə qorxulu və qəzəbli olduğu üçün müqəddəs sayılmır və təzim olunmur. İkincisi, elə bir zat və varlığı müqəddəs sayılır və təzim olunur ki, mütləq dərəcədə kamala və yenilməz vəsflərə malik olsun. Belə ki, o zat və qüdrət bütün varlıqlardan üstün olmalıdır ki, insan bu mütləqiyyətə görə özünü ona möhtac bilib onun müqabilində pərəstiş hissi keçirsin.
Üçüncüsü, elə bir zat və qüdrətə pərəstiş olunur ki, təbiət və maddi varlıqların növündən olmasın. Bu zat və varlıq hər bir şeydən yüksək olub, bütün varlıqlara hakim olmalıdır; bütün yaranmışlarda dəyişiklik etmək qüdrətinə malik olub, mənəvi və maddi ehtiyaclarımızı ödəyə bilməlidir.
Nəhayət, bu ulu və müqəddəs Zat bütün varlıq aləminin tədbirini öz üzərinə götürməlidir; varlıqlardan və mövcudatdan ayrı olmamalı, bəşəriyyətlə, bütün yaranmışlarla dərin və qırılmaz tellərlə bağlanmalıdır; onların bütün sirlərini və ehtiyaclarını bilməlidir, dərd – qəmindən və istəklərindən xəbərdar olmalıdır. O, hər bir dində mövcud olan – xüsusi şərtlərə riayət olunduqda onları istəklərinə çatdırmalıdır. Beləliklə aydın olur ki, dində boyun əymə və təzim hissi əslində varlıq aləminin mənşəyi olan məbud kimi pərəstiş və ibadət olunan yenilməz qüvvət və qüdrət sahibini müqəddəs sayıb ona təzim etməkdən ibarətdir. Burada belə bir sual qarşıya çıxa bilər: Bu qayda – qanunlar bütün ilahi və qeyri – ilahi dinlərə də aiddirmi?
Məlum olduğu kimi, bir çox ibtidai – xürafi dinlərdə daş, ağac, çay, dəniz, ulduz, quşlar və bu kimi digər şeylər müqəddəs sayılır və insanlar onlara pərəstiş edirdilər. Amma yuxarıda sadaladığımız xüsusiyyətlərin heç biri onlarda yoxdur.
Bu sualın cavabında demək lazımdır ki, belə ibtidai dinlərin ardıcıllarının fikirlərini, düşüncə tərzlərini tədqiq etdikdə məlum olur ki, bizim “totem” və ya “büt” adlandırdıqlarımızın heç birinə onlar heç vaxt müstəqil bir Rəbb və məbud inancı ilə ibadət etməyiblər. Yəni, heç də ibtidai insanlar daş, ağac və s. şeylərə, onların həyatında və işlərində hansısa bir ehtiyaclarını ödəyə biləcək bir tərzdə əqidə bəsləməyiblər. Onlar öz səhv etiqadlarına görə bütün bunları uca və yenilməz qüdrətin feyz və rəhmət vasitəsi hesab edirdilər; güman edirlərmiş ki, bu əşyaları müqəddəsləşdirməklə və onlara təzim etməklə həqiqi Rəbbi özlərindən razı salar və yaxud onların vasitəsilə öz hacət və istəklərinə çatarlar. Onlar bu “totem” və “büt”ləri etiqad bəslədikləri həqiqi məbudun xüsusiyyətlərinin təcəllisi kimi düşünürlər.
Qurani – Kərimdə bütpərəstlərin məntiqi və onların bütləri müqəddəsləşdirmələrinin səbəbi barəsində belə oxuyuruq:
“(Bütpərəstlər) dedilər: “- Biz bunlara (bütlərə) yalnız Allaha yaxın olmaqdan ötrü pərəstiş edirik.”
Bu izahla əvvəldə dediklərimizi belə tamamlayırıq. Dinin iki əsas dayağı vardır:
1. Varlıq aləminin sahibinə etiqad – yəni öz yenilməz qüvvət və qüdrəti ilə varlıq aləmini idarə edənə etiqad.
2. Bu etiqaddan doğan tələblərə əməl etmək və onun mütləq varlıq sahibinə məbud, Rəbb adı ilə təzim və pərəstiş etmək – bu yolla onun razılığını qazanıb, maddi – mənəvi ehtiyaclarımızı təmin etmək.

"Dinlərlə Tanışlıq" adlı linkin səhifə mövzuları Böyük İslam alimi Seyid Əhməd Məhmudi – nin “Dinlərlə tanışlıq” adlı əsərindən çıxarılmışdır.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?