İSLAMA XİDMƏT
   
 
  Fetişizm və Animizm
İBTİDAİ DİNLER
FETİŞİZM VƏ ANİMİZM

İlk insan cəmiyytləri ilə əlaqədar aparılan sosioloji tədqiqatlar göstərir ki, ibtidai insanların dini etiqadları əsasən üç təfəkkür tərzi üzərində qurulmuşdur:
1. Fetişizm;
2. Animizm;
3. Totemizm.
Bu kimi etiqadlar üçün müəyyən və vahid bir təsisçi və bani göstərmək mümkün deyildir; amma sırf bu etiqadların mövcud olması onu göstərir ki, insanların xilqətin əvvəlindən təbiətin fövqündə olan həqiqətlərə etiqad bəsləmişlər. Amma onlar bu barədə düzgün dərk etmədikləri üçün, eləcə də ilahi rəhbərlərdən uzaq düşmələri, xalis etiqadın olmaması ucbatından müxtəlif təhriflərə məruz qalmış, xurafat və mövhumatlara üz tutmuşlar.
 
1. FETİŞİZM
Fetişizm (Fetich) – Portuqaliya mənşəli bir kəlmə olub sehr və cadu mənasını ifadə edir. Portuqaliyalılar bu kəlməni Afrikanın qərb sahillərini kəşf etdikləri zaman yerli zənci əhalinin müqəddəs sayıb sitayiş etdikləri əşyalar barəsində işlədirdilər. Onlar bu sözdən təbiətin fövqündə dayanan varlıqların təsirlərini, məsələn düşmənlərin şərrinin dəf edilməsini nəzərdə tuturdular. Buna görə də demək olar ki, “fetiş” kəlməsi terminologiyada müqəddəs bir şey, fetişizm isə onun sitayiş olunduğu dinə deyilir. İbtidai insanlar inanırdılar ki, xüsusi formada yonulmuş heyvan buynuzları, kiçik daş qırıntıları, taxta və filiz kimi təbii əşyalardan bəziləri, xariquladə qüdrətə malikdirlər; cahandakı hadisə və varlıqlara təsir göstərə bilirlər. Buna görə də həmin əşyaları müqəddəs sanaraq onlara ehtiram qoyur, xüsusi şəkildə pərəstiş etməklə öz həyatlarındakı məqsədlərinə çatmaq üçün onlardan kömək diləyirdilər.
Fetişlər iki yerə bölünürdü: Onlardan bəzilərinin tilsim gücünə malik olduğu zənn edilir, bəzilərindən isə qoruyucu və pənah yeri kimi istifadə olunurdu. Birinici qrup törədici yönə malik idi; onlardan düşmənlər qarşısında maneə yaratmaq üçün istifadə edirdilər. İkinci qrup isə dəfedici və qoruyucu xüsusiyyətə malik idi; onlardan düşmənləri, yırtıcı heyvanları, təbii fəlakət və müsibətləri dəf etmək üçün istifadə olunurdu.
Sosioloqlar fetişizmi ən ibtidai bir din hesab edir və onu sair dinlərin mənşəyi sayırlar. Onların fikrincə bu cərəyan ilk əvvəllər bəzi təbii əşyalara sitayiş və ibadət formasında idi; zaman keçdikcə insanlar daşdan, taxtadan və s. şeylərdən hazırlayıb müxtəlif şəkillərə saldıqları əşyalara da ibadət və pərəstiş etməyə başladılar. Bu baxışdan fetişizmi bütpərəstliyin mənşəyi hesab etmək olar.
Qeyd etmək lazımdır ki, daşdan, taxtadan, xurmadan və s. əşyalardan müxtəlif formalarda bütlər düzəldib onlara sitayiş edilməsi Misir, Aşur, Babildən tutmuş Yunanıstan, Roma, Hindistan və Çin xalqlarına qədər bütün qədim tayfa və millətlərin hamısında ən adi bir iş olmuşdur.
Hz. İbrahim (ə) və ondan sonrakı ilahi peğəmbərlərin gəlişindən sonra bütpərəstliyin qarşısı alındı, tovhid və təkallahlıq əqidəsi onu əvəz etməyə başladı. Müasir dövrdə insanların əksəriyyəti Hz. İbrahimə (ə) məxsus olan dinlərin ardıcılları olmasına baxmayaraq, fetişizm və bütpərəstliyin təsirləri hələ də dünyanın ayrı – ayrı məntəqələrində müxtəlif formalarda müşahidə olunur.
Hindistanda üçlük təşkil edən məbudlara (Vişno, Şiva, Brahma) sitayiş olunmasını, yaxud orada Buddanın ardıcıllarının daşdan, taxtadan, metaldan və digər şeylərdən Buddanın heykəlini düzəldərək ona sitayiş etməsini müasir dövrün fetişizm nümunələrindən hesab etmək olar.
 
2. ANİMİZM
Bu kəlmə latın sözü olan “Anima” kəlməsindən yaranmışdır; ruha pərəstiş, bütün varlıqlarda və təbii şeylərdə ruhun varlığına etiqad bəsləmək mənasını daşıyır.
Animistlər bu gün də dünyanın bir çox nöqtələrində, o cümlədən Afrikada, Avstraliyada, Amerikada yaşayırlar. Onların əqidəsinə görə dünyada olan bütün varlıqların, hətta təbii hadisələrin, o cümlədən sel, zəlzələ, ildırım və s. – nin ruhu vardır və kainatda olan hər bir şeyin müqəddəratı ruhların ixtiyarındadır. Animistlərin fikrincə bu ruhların insan ruhuna oxşar bəzi səciyyəvi xüsusiyyətləri vardır. Yəni, onlar da insan kimi agahlıq, iradə, eşq, nifrət, kin – küdurət, sevmək, məhəbbət bəsləmək, şər işlər törətmək, xeyirxahlıq, xəyanət və əmanətdarlıq kimi qüvvələrə mlikdirlər. Onlar inanırlar ki, ruhlar əbədi olaraq diridirlər və ölən şəxslərin ruhu ya dünyada əbədi qalır, ya asimana qayıdır, yaxud da qaranlıq zülmətlərdə öz həyatını yenidən başlayır.
Bu ruhların meşələrin dərinliklrində, şəhərlərin xəlvət guşələrində məskunlaşması da mümkündür. Animistlərdən bir qrupu inanırlar ki, ruh həmişə öz cəsədinin kənarında qalaraq onu qoruyur; çünki ruhla bədənin taleyi bir – biri ilə tam şəkildə əlaqədədir. Bu təfəkkürə əsasən hər kim cənazəyə hörmətsizlik etsə, onun ruhu nə vaxtsa ondan intiqam alacaq, ona qarşı hörmətsizlik edən şəxs ağır cəzalara düçar olacaqdır. Əksinə, hər kim ölülərə hörmət qoyarsa, vəfat edənin ruhu bir keşikçi kimi onu qoruyacaq, özünə və ailəsinə xeyir – bərəkət, sağlamlıq və toxunulmazlıq ərməğanı gətirəcəkdir. Buna görə də animistlərin çoxu öz ölülərini xüsusi qayda – qanunlar əsasında, təzə paltarlar və bəzək əşyaları ilə birlikdə dəfn edirlər. Onlardan bəziləri ölülərin asayiş və rahatlığını təmin etmək üçün onları xüsusi mərasimlə qəbirlərindən çıxardaraq yenidən başqa bir yerdə torpağa tapşırırlar.
Animistlərin etiqadlarından biri də tənasüxdür. Yəni, onlar inanırlar ki, ölümdən sonra insanın ruhu ya əbədi olaraq onunla qalır, yaxud da başqa bir cismə keçir. Hər hansı bir cismə daxil olan ruh daha sonra ya ruhlar aləminə seyr edir, yaxud da üçüncü bir cismə nəql olunur. Beləliklə, həmin ruh bir cismdən digərinə ötürülür. Bu cism insan bədəni, bitki, cansız əşyalar da ola bilər. Vəfat edən şəxsin ruhunu daşıyan şəxs və ya əşya onun qohum - əqrəbası tərəfindən xüsusi hörmətə layiq görülür. Animistlər ruhların növbənöv fəaliyyət və iş görmək qabiliyyətinə malik olduğuna inanırlar. Onların etiqadına əsasən insan ölmədən də ruh müvəqqəti olaraq insanın bədənindən çıxıb, uzaq məsafədən onun əməl və rəftarlarını nəzarət altında saxlaya bilər. Ruhların bəzən hər hansı bir cismdən oğurlanması və ya dəyişdirilməsi halları da baş verir. Amerikalı hindulardan birinin nəql etdiyi məşhur hekayə də bunu əks etdirir: Müharibələrin birində bir qəbilənin başçısı düşmənlərin hücumundan qorunmaq məqsədi ilə öz ruhunu ağacın üstündə yerləşdirir. Düşmənlər hücum etdikdən sonra onun cismini tapırlar, amma nə qədər axtarsalar da onu öldürə bilmirlər. Nəhayət onun hiyləsini başa düşüb görürlər ki, onun ruhu ağacın budaqları arasındadır; onun ruhuna ox atmaqla cismini də məhv edirlər.
Bu əqidəyə əsaslanan animistlər təsəvvür edirlər ki, insanın cismi ilə əlaqədar olan hər bir şey, yaxud insanın cismindən ayrılan bədən üzvləri, o cümlədən, tük, dırnaq, hətta ifrazatlar da insan ruhunun bir hissəsidir. Ruh bu əşyalara və həmin üzvlərə daxil olmuşdur. Başqa ruhlar da onlara təsir edə bilər. Deməli, mümkün qədər çalışmaq lazımdır ki, insanın bədəni ilə əlaqədar olan şeylərin heç biri düşmənlərin əlinə düşməsin; çünki onlar sehr və cadu qüvvəsindən istifadə etməklə onların sahibinə əzab - əziyyət verə bilərlər.
 
ƏRƏBİSTAN YARIMADASINDA
ANİMİZM
Ərəbistan yarımadasında bəzi ərəb qəbilələri bütpərəstliklə yanaşı, xeyirxah və şər ruhlara, ay, günəş, ulduzlar və s. göy cisimlərinin ruha malik olduğunu güman edərək onlara sitayiş edirdilər. Bəzi qəbilələr isə mələkləri Allahın qızları hesab edərək, onlara ilahi əzəmətin məzhəri gümanı ilə pərəstiş edir və bununla da bir növ onların məhəbbət və rəğbətini qazanmaq istəyirdilər. Bəziləri də şeytanlara pərəstiş edərək onların təhlükəsindən qorunmaq və onların zərərlərini dəf etməyə çalışırdılar. Bəzi ərəb qəbilələri, o cümlədən Himyər qəbiləsinin bəzi üzvləri, Yəməndə Səba tayfası, Bəni – Təmim, Bəni – Ləxim, Bəni – Xüzaə tayfalarından bəziləri də göy cisimlərinə pərəstiş edirdilər.
Beləliklə bütün əşyalarda, təbii varlıq və hadisələrdə ruhun varlığına inanmaq, div, pəri və s. qorxulu surətlərə və xəyali varlıqlara etiqad bəsləmək, onların səhralarda, meşələrdə, xarabalıqlarda olmasını zənn etmək, bu kimi varlıqların xariquladə və son dərəcə böyük qüdrətə malik olmasını təsəvvür etmək bütünlüklə animizm təfəkkürünün məhsuludur. Qədim xalq ədəbiyyatında div, pəri və s. qeyri – adi varlıqlar haqda çoxlu hekayələrin mövcud olması keçmişdə belə bir etiqad və fikrin geniş yayılmasının aşkar sübutudur. Hal – hazırda da bəzi cəmiyyətlərdə bu kimi inanclar istər rəsmi, istərsə də qeyri – rəsmi şəkildə animizm tərzi – təfəkkürünün təsirləri kimi müşahidə olunmaqdadır.
 
 
QURANİ – KƏRİMİN ANİMİZM AYİNLƏRİ
 BARƏSİNDƏKİ NƏZƏRİ
“O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, Hər şeyi biləndir!” (“Ənam” surəsi, ayə 101)
 
“Həqiqətən, bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər). Onlar (o insanlar) da siz (cinlər, yaxud o cinlər də siz insanlar) təkin elə güman edirdilər ki, Allah heç kəsi (öləndən sonra) diriltməyəcəkdir.” (“Cin” surəsi, ayə 6 – 7)
 
“Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları sizə cavab versinlər.” (“Əraf” surəsi, ayə 194)
 
“Amma (müşriklər mələklər Allahın qızlarıdır deyə) Ona Öz bəndələrindən övlad isnad etdilər. Həqiqətən, insan (Allahın nemətlərinə) açıq – aşkar naşükürdür!” (“Zuxruf” surəsi, ayə 15)
 
“Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu barədə) sorğu – sual olunacaqlar!” (“Zuxruf” surəsi, ayə 19)
 
“O gün (qiyamət günü Allah) onları (müşrikləri, kafirləri) bir yerə yığacaq, sonra da mələklərə belə deyəcək: “Bunlar sizəmi ibadət edirdilər?” (Mələklər:) “Sən pak və müqəddəssən. Bizim ixtiyar sahibimiz onlar deyil, Sənsən! Xeyr. Onlar (bizə yox) cinlərə (şeytanlara) ibadət edirdilər. (Müşriklərin, kafirlərin) əksəriyyəti onlara (cinlərə) iman gətirmişdi,” – deyə cavab verəcəklər.” (“Səba” surəsi, ayə 40 – 41)
 
“Ey Adəm övladı! Məgər Mən (dünyada) sizə: “Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir!” – deyə buyurmadımmı?! Və: “Mənə ibadət edin, bu, doğru yoldur!” (- deyə əmr etmədimmi?!) Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?” (“Yəsin” surəsi, ayə 60 – 62)
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?