İSLAMA XİDMƏT
   
 
  Quran Möcüzələri

Peyğəmbərimizin ən böyük möcüzəsi

Peyğəmbərimizin (s) ən böyük möcüzəsi Qurani-Kərimdir. Allah 14 əsr bundan əvvəl insanlara yolgöstərən bir kitab olan Qurani-Kərimi göndərmiş və bütün bəşəri ona tabe olaraq xilas olmağa dəvət etmişdir. Rəbbimiz Quran haqqında: «Halbuki bu Quran aləmlərə ancaq bir öyüd-nəsihətdir!» («Qələm» surəsi, 52), - deyə buyurmuşdur.
Quran göndərildiyi gündən bu günə kimi hər dövrdə yaşayan hər bir insan qrupunun başa düşə biləcəyi asan və anlaşıqlı bir dilə malikdir. Allah Quranın bu üslubunu «And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq...» («Qəmər» surəsi, 22) ayəsi ilə xəbər vermişdir. Həmçinin Quranın ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və özündə ehtiva etdiyi üstün hikmət də onun Allahın sözü olmasının dəlillərindəndir. Quranın bu xüsusiyyətləri ilə yanaşı, onun Allahın sözü olduğunu təsdiq edən çoxsaylı möcüzəvi tərəfləri də var. Bu xüsusiyyətlərdən biri bizim ancaq XX və XXI əsrlərin texnologiyası ilə çatdığımız bəzi elmi həqiqətlərin təxminən 1400 il əvvəl Quranda bildirilməsidir. Quranın müxtəlif ayələrində çox aydın və hikmətli üslubla qeyd edilən bəzi elmi həqiqətlər ancaq son dövrlərin texnologiyası ilə kəşf edilmişdir. Quranın göndərildiyi dövrdə elmi şəkildə əldə edilməsi mümkün olmayan bu bilgilər Quranın Allahın sözü olduğunu bir daha təsdiq edir.
Quranın nazil edildiyi VII əsrdə ərəb cəmiyyəti elmi məsələlər barədə saysız xurafata və batil etiqada malik idi. Kainatı və təbiəti tədqiq edəcək texnologiyaya malik olmayan ərəblər nəsildən-nəslə ötürülən əfsanələrə inanırdılar. Məsələn, onlar göyün dağların sayəsində dayandığını güman edirdilər. Bu inanca görə, dünya düzdür və hər iki tərəfdəki hündür dağlar sütun kimi göy qübbəsini saxlayır. Ancaq ərəb cəmiyyətinin bütün bu batil inancları Quranın gücü ilə aradan qaldırıldı. Məsələn, «Göyləri, gördüyünüz kimi, dayaqsız olaraq yüksəldən məhz Allahdır...» («Rəd» surəsi, 2) ayəsi göyün dağların sayəsində yüksəldiyi inancını alt-üst etdi. Bunun kimi daha bir çox məsələdə həmin dövrdə bilinməyən mühüm məlumatlar Quranda insanlara xəbər verildi. İnsanların astronomiya, fizika, biologiya və s. elmlər haqqında çox az məlumatlarının olduğu bir dövrdə göndərilən Quran özündə kainatın yaradılışından insanın yaradılmasına, atmosferin quruluşundan yer üzündəki sistemlərə qədər bir çox məsələlər barədə çox vacib məlumatları ehtiva edir (Ətraflı məlumat üçün Harun Yəhyanın Elşad Miri tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş «Quran möcüzələri» adlı kitabına müraciət edə bilərsiniz).
Quran bütün kainatı yoxdan yaradan, hər şeyin ən doğrusunu bilən Allahın sözüdür. O, hər bir insanın başa düşəcəyi, sadə və anlaşıqlı bir üsluba və bənzərsiz hikmətə malikdir. Allah Quranı insanların oxuyub başa düşmələri, orada yazılanları öyrənmələri, bütün kainatı yoxdan yaradan Rəbbimizi tanımaları, Ona necə qulluq edəcəklərini bilib çəkinmələri üçün göndərmiş, fərqli misallarla ayələrini bir-bir və müxtəlif şəkillərdə açıqlamışdır. Allahın «...Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq...» («Ənam» surəsi, 38) ayəsində də bildirdiyi kimi, Quran qüsursuzdur. Həm dünya həyatı, həm də axirət həyatı ilə bağlı bir çox təfərrüatlar Quranda çox hikmətli şəkildə açıqlanmışdır. Allah «Həqiqətən sizə elə bir kitab nazil etdik ki, o, sizdən ötrü bir şərəfdir. Məgər dərk etmirsinizmi?» («Ənbiya» surəsi, 10) ayəsi ilə də bu həqiqəti bildirir.
Quranın ən mühüm xüsusiyyətlərindən biri də onun günümüzə qədər heç bir dəyişikliyə məruz qalmadan, Peyğəmbərimizə (s) vəhy edildiyi şəkildə bizə gəlib çatmasıdır. Allah bu həqiqəti Quranda «Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!» («Hicr» surəsi, 9) ayəsi ilə xəbər vermişdir.
Məlum olduğu kimi, Qurandan əvvəlki haqq kitablar göndərildiyi vəziyyətdə qalmamış, qorunmamış və təhrif edilmişdir. Bu kitablara insanlar tərəfindən müxtəlif əlavələr edilmiş, bəzi yerləri ya dəyişdirilmiş, ya da tamamilə çıxarılmışdır. Peyğəmbərimizə (s) isə hər dəfə vəhy gələndə həmin vəhylər Rəbbimizin bir möcüzəsi şəklində ona əzbərlədilmişdir. Peyğəmbərimiz (s) isə vəhydən dərhal sonra səhabələrin arasında «vəhy katibləri» deyilən şəxslərə Quranı yazdırmışdır. Beləliklə, Quran yazılı surətdə qorunub-saxlanmışdır. Hz.Əbu Bəkirin dövründə Quran tək bir nüsxə halına salınmış, Hz.Osmanın dövründə isə Quran nüsxələri çoxaldılaraq mühüm İslam şəhərlərinə göndərilmişdir.

Tərcümə edən:
Elşad MİRİ
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?