İSLAMA XİDMƏT
   
 
  Veda dini
VEDA DİNİ
Veda ayini Hindistanın ən qədim tarixə malik əsas və mütəşəkkil dinlərindən biri hesab olunur. Belə ki, Hindistanın ən məşhur dinləri, o cümlədən Brahmanizm, Hinduizm, Caynizm, Buddizm və Siqhizm də bu ayin əsasında formalaşmışlar. Əslində onlar Veda dininin dəyişdirilmiş və islah olunmuş forması hesab olunurlar. Qeyd olunan dinlər üzrə tədqiqatlar Veda ayini ilə tanışlığa əsaslanır. Buna görə də hal – hazırda saysız – hesabsız Hindistan əhalisinin əksəriyyətinin itaət etdiyi Hinduizm və Buddizm kimi mühüm və böyük dinləri araşdırmazdan əvvəl, onların Veda ayinindən qaynaqlanan dəyişikliklər prosesini tədqiq etməyi lazım bildik.
 
VEDA AYİNİNİN TARİXİ
Hindistan şimal tərəfdən fələyə ucalan Himalay dağları ilə əhatə olunduğuna görə monqol fatehlərinin hücumlarına, ağrı – acılarına məruz qalmasa da, şimal – qərb istiqamətdən Bəlx və ya İran tərəfdən mühacir və fatehlər üçün yol açıq idi. Bu amil də miladdan 1500 il əvvəl mühacir ariya tayfasının İrandan Hindistana köçməsinə və hal – hazırda “Dəravidi” adlanan qara dərili yerli əhali arasında davamlı müharibələrin baş verməsinə səbəb olmuşdur. Nəticədə köçərilər Hindistan yarımadasının şimal hissələrini ələ keçirdilər. Onlar öz hakimiyyət dairələrini Vendiya sıra dağlarına, daha sonra isə Dekan məntəqəsinə qədər cənuba doğru genişləndirdilər. Ariyalılar Hindistanın bu ərazilərində hökmranlığı ələ aldıqdan sonra tədricən öz mədəniyyət, etiqad və təfəkkür üslublarını da yerli əhali arasında yaymağa başladılar. Veda ayinini həmin etiqadların Hindistan yarımadasına nüfus edib yayılmasının nəticəsi hesab etmək lazımdır.
Veda ayini ilk dövrlərdə xüsusi və ailə dini sayılırdı. Onun ən mühüm və ən geniş yayılmış dini ritualı günəş çıxanda və batarkən hər gün iki dəfə evlərdə qeyd olunan Aqnihutradır.
Bu rituala uyğun olaraq ailənin başçısı gün çıxmazdan qabaq yuxudan oyanır və su ilə yuyunub özünü paklaşdırırdı. Daha sonra müqəddəs ifadələri təkrarlaya – təkrarlaya xüsusi kömürlə atəş allahı adlanan “Aqni”nin adına od qalayır, üzünü şərq tərəfə tutaraq əllərini yenicə doğmaqda olan günəşə doğru qaldırır və məhsul və bərəkət tanrısı olan Savityara müraciətlə yalvarmağa başlayırdı. Onlar ailə üzvləri ilə birlikdə bu müqəddəs ayəni oxuyurdular:
“ – Bizim də Savityarın əzəmət və cəlalını qazanacağımıza ümidlə. Dualarımıza rövnəq verməsi ümidi ilə. Hədsiz şövqlə, tam ağıl və düşüncə ilə, məişət və rifahdan bizə düşən payı Savityardan istəyirik.”
Bu ayin eyni şəkildə axşamlar günəş qürub edən zaman yoxsuldan tutmuş varlıya qədər – kahinlər, cəngavərlər və şahzadələr – bütün ariya ailələrinin evində keçirilmişdir. Hətta bəzi hind tayfaları bu mərasimi sübh və axşamdan əlavə günorta vaxtı keçirmişlər.
Veda ardıcıllarının əqidəsinə görə, onların müqəddəs kitabdan günəş barəsində oxuduqları yuxarıda qeyd olunan ayə onun xüsusi ayinini nəzərə almaqla günəş üçün daha artıq həyat, parlaqlıq və nur mənşəyi olmaqla yanaşı, onları özlərinə də qüvvət və firavanlıq gətirir. Vedaya etiqad bəsləyənlərin digər məbudları barəsində də buna bənzər ayələr vardır. Veda adlanan məcmuələrdə dini nəğmələr şəklində yazılmış bu dualar Veda ayininin müqəddəs və dini kitablarının tərkib hissəsidir. Gördüyünüz kimi bu ayinin adı da həmin ayə və kitabların adından götürülmüşdür. Bu müqəddimədən sonra bu ayinin araşdırılmasında mühüm rolu olan iki prinsipi şərh edirik:
1. Bu ayinin Allah və varlıq aləminin mənşəyi barəsindəki baxışları;
2. Veda ayininin müqəddəs kitablarının xüsusiyyətləri və mühtəvası.
 
VEDA MƏBUDLARI
Veda dininin əsası çoxallahlıq üzərində qurulub. Demək olar ki, dinin ardıcılları təbiətdə olan varlıqların hər biri üçün ayrıca rəbb və allahın olduğuna inanmışlar. Bu hesabla belə allahların sayı – hesabı yoxdur.
Veda ayinindəki çoxallahlığın xüsusiyyətlərindən biri də bəzi allahların digərinə nisbətətən müəyyən imtiyaz və üstünlüklərə malik olmasıdır. Hətta, müxtəlif dövrlərdə allahlardan bəziləri öz etibar və dəyərini itirmişlər. Çoxallahlığın digər xüsusiyyəti də budur ki, Allahlardan bəziləri kollektiv şəkildə müəyyən bir təbii varlığın xüsusi rəbbi rolunu ifa edirlər. Bu ayinin daha bir xüsusiyyəti də təkallahlıq və tovhid etiqadı ilə yanaşı çoxallahlığa inamdır.
İndi isə vedalıların Allah və varlıq aləminin mənşəyi barədə təfəkkürlərini daha dəqiq öyrənmək məqsədilə yuxarıda qeyd olunan üç xüsusiyyətdən hər birini ətraflı şəkildə izah edirik.
 
 
1. Çoxallahlıq:
Veda ayinində tanrıların sayı və növü o dərəcədə çoxdur ki, din tarixi ilə məşğul olan mütəxəssisvə sosioloqların əksəriyyəti mövzunu daha yaxşı öyrənmək üçün onların bölgüsünü aparmışlar . Bu bölgülərin birində Veda allahları əvvəlcə iki dəstəyə - fərdi və kollektiv hissəyə, fərdi allahlar da öz növbəsində aşağıdakı üç dəstəyə bölünürlər:
1. Səmavi allahlar: Diyavs, Varuna, Mitra, Suriya və s.
2. Səma ilə yer arasındakı bərzəxdə olan allahlar: İndra, Rudra və s.
3. Yer allahları: Pritvi, Aqni, Soma və s.
Kollektiv allahlar da aşağıdakı üç dəstəyə bölünürlər:
1. Adityalar;
2. Marutlar;
3. Vasular.
Bu allahlardan bəziləri daha artıq əhəmiyyətə malikdir və aşağıda onların hər birinin şərhi verilir:
1 – 1. Əmr verən allahlar – Mitra və Varuna.
Veda ayinində ən qədim və ən uzaq keçmişə malik allahlardan biri də səmavi məbud “Diyavs”dır. O, öz həyat yoldaşı olan yer allahı “Pritvi” ilə birləşərək səma – yer cütünü təşkil edir. Zaman keçdikcə bu məbud öz əhəmiyyətini itirmiş, yer və səma hökmdarı məqamından təkcə səmavi varlıqlara, işıqlıq, gündüz və s. kimi səmavi varlıqlara hakim olmaq dərəcəsinə düşmüşdür. Diyavs öz məqamını itirdikdən sonra “Varuna” yaxud “Vişva – darışna” adlı (mənası – “hər yerdə zahir olan” deməkdir) digər bir məbud onun yerini tutmuşdur. Bu allah işləri nizam – intizama salan, tənzimləyən və nizamlayan ilahədir. Onların əqidəsinə görə dünyadakı bütün qüvvələr hər bir yerdə və hər bir zamanda onun əmrlərinə tabedir, təbiət qanunları onun iradəsindən asılıdır. Veda ardıcılları inanırlar ki, Varuna dünyanı və fiziki şeyləri puç edib dağıdan məbudlardan qoruyur, digər tərəfdən də insanları əxlaqi qayda – aqnunlara riayətə məcbur edir. O, günahkarları faş edir və haqqla batil arasında mühakimə yürüdür. Onun gizli xəfiyyələri hər bir yerdə insanların əməl və rəftarlarına, davranışlarına nəzarət edirlər. Kimsə günah edərsə Varunanın qarşısında ahu – zar etməli və ondan əfv diləməlidir.
Onların inancına görə vəfadarlıq, himayədarlıq və əhd – peyman allahı olan Mitra təbiət aləminin idarəçiliyində Varunanın şəriki və həmkarıdır. Varunanın malik olduğu fövqəladə qüvvə “maya” (sehr və cadu) adlandırılır. Varuna mayanın köməyi ilə öz səmavi taxtına söykənərək yeri ölçür, gündüzü işıqlandırır, günəşə nur verir. Axşam yaxınlaşdıqda günəşin üzünə niqab salır. O, hər bir şeydən agah, qüdrətli və hakimdir; heç nə ondan gizlin qalmayacaqdır.
1 – 2. Müharibə, tufan və yağış allahı – İndra.
Veda ardıcıllarının etiqadına görə İndra müharibə və döyüş allahıdır. Çünki o, Hindistanın fəthində və bu ölkənin şimal bölgələrində məskunlaşmaqda ariyalılara yaxından kömək göstərmişdir. Bu məbudun ixtiyarında ildırım kimi bir silah vardır. O, eyni zamanda tufan və yağış Allahı da hesab olunur. Bundan əlavə sərvət, xüsusi ilə müharibə qənimətləri bəxş etmək, güc – qüvvət, eləcə də uzunömürlülük, səadət və xoşbəxtlik müjdəsini gətirən kimi də məşhurlaşmışdır.
1 – 3. Od – alov allahı – Aqni.
Aqni bu bölgüdə yer allahları sırasında olsa da, o bütün varlığı qət edən bir allahdır. Səmada günəşin yanında məhsuldarlıq, xeyir – bərəkət, insanlar, heyvanlar və torpağın mənşəyi olduğuna görə sitayiş olunur. Bu allah, eləcə də yerlə səma arasında ildırım və şimşək surətində müxtəlif buludlardan çoxlu qığılcımlar yaradır və bununla da insanlara allahların xəbərdarlıqlarını çatdırır. Aqni yerdə də bütün ariyalıların evlərinə gedib – gəlir və onların həyatlarının bütün sahələrinə nəzarət edir.
Aqni, bundan başqa təmizləyici və saflaşdırıcı rolunu yerinə yetirir və şeytanların, əzazil ruhların, cadugərlərin əleyhinə güclü bir qüvvə kimi insanları ondan qoruyur. O da digər allahlar kimi Veda ardıcıllarının ondan umduğu xeyir – bərəkət göndərir. Ondan mal – dövlət, sərvət, xoşbəxtlik, uzunömürlülük, çoxlu qəhrəman oğul övladları və s. nemətlər bəxş etməsini də diləyirlər.
 
2. Kollektiv məbudlar;
Veda ayinində bu allahların özləri də üç qrupa bölünürlər:
1. Vasular; (Nemət, sağlamlıq və firəvanlıq bəxş edən məbudlar).
Onların sayı səkkiz olmaqla aşağıdakılardan ibarətdir:
Od, torpaq, külək, hava, səma, ay, günəş və ulduzlar. Vedalıların etiqadına görə üzərində Aqninin yerlədiyi yer, həyatın əsası olan küləyin də fəza, əqlin əsas iqamətgahı olan səma və əbədi həyatın əsası olan ulduzların sintezi ümumilikdə təbii həyatın əsasını təşkil edirlər. Əslində bu səkkiz ünsür varlıq, nemət və firavanlıq allahları sayılırlar.
2. Marutlar;
Marutların sayı məlum olmasada kollektiv, mütəşəkkil bir – biri ilə qardaş, yaşıd və həmrəy, birlikdə böyümüş təsiri bağışlayırlar. Marutların ildırımla bağlılıqları var və günəş kimi parlaqdırlar. Onlar ildırıma bağlılıqlarına və müharibələrdə İndraya kömək etdiklərinə görə onun səmimi dostları sayılırlar. “Marut” sözünün leksik mənası bir o qədər də aydın deyildir. “Mar” ölmək, “ut” şəkilçisi isə ola bilər ki, əbədilik və ölməzlik mənasını ifadə edir.
3. Adityalar;
Bu allahların sayının 6, 8 və bəzən də 12 olması məsələsində fikir ayrılığı var. Adityalar səmadadırlar və təbiət ünsürləri üzərində hökmranlıq edirlər. “Aditya” ilahəsinin övladları, yəni məbudlar anasının övladları olan onlar parlaqlıq, paklıq, varlıq aləmini idarə etmək kimi sifətləri daşıyırlar.
Qeyd olunanlar elə “Varuna”nın da malik olduğu sifətlərdir. Bu sifətlərin ortaqlığı Adityaların Varuna ilə əlaqəli olmasının bir sübutudur.
 
3. Monoteizm.
Son Veda nəğmələrində digər allahları öz kölgəsi altına alan, vahid və müstəqil bir şəkildə təzahür edən vahid allah təqdim olunur. Yaradıcılıq və dünyanı xəlq etmək kimi xüsusiyyətlər ona aid olunur. Bu yeganə məbud “Vişvakarma”, yaxud “Puruşa” adlandırılır. “Vişva” hər bir şey, “Karma” isə yaradan mənasını verir. Bu iki söz birlikdə bütün məxluqatı yaradan mənasını ifadə edir. Vişvakarma hər bir şeyi görən, yeri – göyü və ayı yaradan, dünyanı nizamlayan, bütün canlı varlıqları və insan qövmlərini idarə edəndir.
Bu mətləblər Veda ayininin iki əsas – çoxallahlıq və təkallahlıq üzərində qurulduğunu göstərir. Diqqətəlayiq məqam budur ki, prinsipcə Veda ayini tovhid, monoteizm, varlığın yeganə yaradıcısına inama əsaslanır. Etiraf etmək lazımdır ki, bu ayinin ardıcılları tərəfindən tək tanrı üçün müxtəlif sahə və aspektlərdə sadalanan çoxsaylı simvol və atributlarda hədsiz dərəcədə mübaliğəyə yol verilmişdir. Bu isə ilk baxışda hər bir tədqiqatçıda belə bir fikir yaradır ki, təsəvvürə sığmayan bu xüsusiyyətlər tədricən veda ardıcıllarında bu atributların hər birinin müstəqil təsir qüvvəsinə inanaraq və nəticədə bu allahlara sitayiş edərək ehtiyaclarını onlardan diləmək kimi azğın fikirlərin yaranmasına səbəb olmuşdur.
 
MÜQƏDDƏS KİTABLAR – VEDA
Veda dinində “Veda” adlanan dörd müqəddəs kitab vardır. Hind – ariya xalqlarının ən qədim sənədləri olan, ariyalıların Hindistana köçməsi, orada yaşamaları, tarixi keçmişləri, mədəniyyətləri, yaşayış tərzləri, ticarət və məşğuliyyətləri, əxlaq, ədəb, ictimai və fərdi həyat tərzlərinin şərh edildiyi bu kitablar onların dini və etiqad qayda – qanunları sayılır.
Vedalıların tarixi ən azı miladdan 1200 il əvvələ gedib çıxır. Bu kitablar əvvəllərkahinlər vasitəsilə ustad – şagird üslubunda və şifahi surətdə sonrakı nəsillərə ötürülürdü. Qədim hindlilərin inancına görə, Veda nəğmələri onları hərif, söz və kitab çərçivəsinə salmaqdan daha müqəddəsdirlər. Belə ki, o kitab halına salınarsa öz zati bərəkət və fəzilətlərinin yarısını itirəcəkdir. Amma vedalar nəhayət, miladdan əvvəl altıncı əsrdə yazı halına salındı.
“Veda” sözü bilmək mənasını verir, bu söz xüsusi ali elm və mərifət mənasında işlədilir. Vedaya “Apaverşiya”, yəni “fövqəl – insan” da demişlər. Hindusların əqidəsinə görə bu nəğmələr heç bir məxluq, şair təfəkkürünün məhsulu deyil və onlar yalnız qeyri – adi bir varlıqdan, vəhydən qaynaqlanır. Buna görə də vedaları “nazil olma” mənasında işlənən, ilahi feyzdən qaynaqlanaraq qədim hind şəxsiyyətlərinin qəlbinə süzülən və onların varlıqlarının ayrılmaz bir hissəsinə çevrilən “Səruti” mətnlərinin bir hissəsi hesab edirlər. Buna görə də hinduslar veda məcmuəsinin heç bir şəxs tərəfindən qələmə alınmadığına inanırlar. Tarixi sənədlər də bu müqəddəs kitabların kimlər tərəfindən yazıldığına aydınlıq gətirmir. Dörd veda kitabı aşağıdakılardan ibarətdir:
1. Riqveda:
Bu kitab vedaların ən məşhur, ən mühüm və ən əhatəli hissəsi sayılır və qədimlik baxımından da sonrakı üç kitabdan irəlidir. Riqveda məbudların tərif və mədhinə həsr olunmuş 1017 nəğmə vardır. Bu nəğmələr ehtiyacların istənilməsi üçün yalvarışla oxunur. Bu nəğmələr Veda allahları arasında hamısından daha çox İndra, sonra Aqni və daha sonra isə Varunaya ünvanlanıb.
Bu kitabların yazılmasından 3000 il keçməsinə baxmayaraq, hinduslar indinin özündə də onun nəğmələrini sübh və axşam çağları, toy mərasimlərində xeyir – dua məqsədi ilə oxuyurlar. Onların təfəkkür tərzi ilə tanış olmaq üçün burada həmin nəğmələrdən bəzilərini heç şərh və izahsız nümunə seçmişik. İndraya xitab olunan ilk nəğmədə belə deyilir:
“Ey İndra, bizim düşmənlərimizin hamısını qov!
İstər çox güclü qərb fatehləri olsun və istərsə də şərqin müzəffərləri!
Ey qəhrəman, şimal və cənub düşmənlərimizi uzaqlaşdır,
Sənin sayəndə şad və xürrəm yaşaya bilməmizdən ötrü!
O gün nə gün olacaqdır?
Elə insanlar ki, onların əkinləri arpa ilə doludur.
Yetişmiş taxılları biçirlər və xırmana aparırlar.
Belə isə o insanların yeməklərini cücərt.
Elə bir yerdə cücərt ki, yeri pərəstiş üçün hazırlamayıblar.
İndra xilas etməkdə güclü və kömək etməkdə bağışlayandır!
O hər bir şeyin sahibidir, nə qədər bağışlayan və mehribandır!
Bəlkə düşmənlərimizi pərən – pərən salıb əmin – amanlığı bizə hədiyyə etsin!
Bəlkə biz qaçan güclülərin ağası olaq.
Bəlkə müqəddəs pənahında onun lütfündən bəhrələnək.
Onun bərəkətli şəfqətindən faydalanaq.
Bizi qüdrətli və gözəl saxlayan İndra!
Bizə qarşı ürəklərində kin bəsləyənləri bayıra at və bizi qoru!”
İkinci nümunə yaradılış nəğməsi adlanır. Onun məzmunundan tovhid və təkallahlığa meyllə yanaşı, Veda dininin xüsusiyyətlərindən olan çoxallahlığa etiqad da məlum olur. Eyni zamanda, xilqət aləmi və yaradılışın forması barəsində şəkk və tərəddüd də nəzərə çarpır:
“Nə varlıq var idi, nə də ki yoxluq.
Nə parlaq səma görünürdü, nə də səmanın geniş tavanı yuxarıda döşənmişdi.
Onların hamısını nə örtürdü? Nə onları gizlədirdi?
Ucsuz – bucaqsız su çalası idimi?
Dərin və çatılmaz sular?
O zaman ölüm, əbədilik də yox idi.
Gecə - gündüzdən bir nişanə də yox idi.
Yeganə vücud təklikdə nəfəs çəkirdi.
Ondan başqa hələ bir şeyin vücudu yox idi.
Zülmət idi, qaranlığı qaranlıq bürümüşdü.
Bunların hamısı su idi və əlamətsiz.
O yeganə vücud təbiəti yandırıcı istiliyin içindən yardı.
Əvvəlcə eşq göründü, sonra əqlin mənşəyi əyan oldu.
Sonra toxumlar səpildi və qüdrətli güclər qalxdılar.
Təbiət altda, qüdrət və iradə isə yuxarıda.
Bu sirlərdən agah olan kimdir?
Burada kimdir ki, aşkar edib haradan olduğunu desin?
Bu rəngarəng yaradılış haradan qaynaqlanır?
Allahlar özləri bir qədər gec varlıq libasını əyinlərinə geydilər.
Kim bilir bu böyük yaradılışın mənşəyi haradandır?
Ən yüksək səmalarda olan ən ali görəndir.”
Bu nəğməyə uyğun olaraq, allahların mövcudluğu və varlıq aləmi təbiətin yaradılışından sonra ilə əlaqələndirilir. Təbiət haqda onun xaliqinə sual verir və xaliqə fərd qismində müraciət edir. Eyni zamanda, Riqvedanın başqa bir nəğməsində oxuyuruq:
“Bəxş edənin həyat və qüvvə sayəsi əbədidir...
O kəs ki, ucqar dağlar, dənizlər və çayların varlığı ondandır.
O kəs ki, səma onun qüdrət nahiyəsidir.
Öz qurbanlarımızla ona hörmət etdiyimiz o Allah kimdir?
O kəs ki, yeganə və bütün allahların fövqündə olan Allahdır...
Əql sahibləri vahid Allaha müxtəlif adlar qoyurlar.
Onu Aqni, Mitra və Varuna adlandırırlar.
 
 
 
2. Yacurveda:
Vedaların ikinci müqəddəs kitabı olan Yacurveda nisbətən az əhəmiyyətə malikdir. Çünki, Riqveda nəğmələrinin bir çoxunun məzmunu bu kitabda da əks olunmuşdur. Bu kitab nəsr formasında yazılan və adətən qurbanlıq mərasimlərində istifadə edilən zikr və virdlərdən ibarətdir.
 
3. Samaveda:
Bu, allahlara ibadət və onlarla razi - niyaz etmək üçün lazım olan dua və nəğmələrdən təşkil olunmuş vedaların üçüncü müqəddəs kitabıdır. Bu nəğmələrin əksəriyyəti Riqvedadan götürüldüyündən, ayrıca dəyər daşımır.
 
4. Asarvaveda:
Bu Vedanın dördüncü və sonuncu kitabıdır. Məzmun baxımından yerdə qalan üç kitabla müqayisədə daha fərqli üsluba malikdir. Çünki, bu kitab sehr və cadugərlik məsələlərində Əhrimən qüvvələrinə qələbə çalmaq məqsədi ilə yazılmış müxtəlif mətn, zikr və nəğmələr toplusundan ibarətdir.
Bu dörd vedadan hər biri öz növbəsində iki müstəqil hissəyə bölünür:
1. Samhita;
2. Brahmana.
“Samhita” dedikdə, müxtəlif mərasimlərdə, xüsusilə qurbanlıq mərasimlərində Veda kahinləri tərəfindən oxunan nəğmələr toplusu nəzərdə tutulur. Qurbanlıq mərasimlərində adətən əsas aparıcı kahin olan brahma əvvəlcə Asarvavedadan bir parçanı oxuyur, sonra “Huteri” adlı başqa kahin Riqvedadan müəyyən nəğmələri ifa edir. Bundan sonra üçüncü kahin, yəni “Ədqateri” Samavedadan bəzi nəğmələri əzbərdən deyir, daha sonra isə dördüncü kahin “Adhuvariyu” camaatın qurbanlıq məqsədi ilə gətirdiyi hədiyyələri pak və əbədi atəşə qurban edərək Yacurvedadan bir sıra zikrləri oxuyur və beləliklə də ibadət mərasimi sona çatır.
Brahmana veda kahinlərinin dua və qurbanlıq mərasiminin keçirilməsi ilə əlaqədar vedalara yazmış olduqları şərh və bəhslər toplusudur.
Dini göstəriş və hökmlər, dini başçıların borc və vəzifələrinin bəyan olunması, hökmlərin, duaların, qurbanlıq mərasimində oxunan nəğmələrin mənaları Brahmanın bəhslərinin mühüm hissəsini təşkil edir. Bu məsələlər hekayə, simvol və ya əfsnələr şəklində bəyan olunmuşdur.
Brahmana iki ümumi hissədən ibarətdir:
1. Aranyaka;
2. Upanişad.
Aranyakalar meşə kitabları adı ilə məşhurdur və ucqar meşələrə asketik həyat tərzi keçirməkdən ötrü pənah aparan tərki – dünya şəxslər üçün yazılmışdır.
Bu kimi təcrid olunmuş şəxslər tənha həyat sürdükləri mühitlərdə dini vəzifələrini yerinə yetirmək üçün kifayət qədər vəsaitə malik olmadıqlarından batini həqiqətlərə diqqət yetirmiş və daha çox psixoloji vəziyyətlərinə nəzarət üzərində işləmişlər. Sonralar asketik həyat tərzi keçirmək və daxili aləmə diqqətin əhəmiyyəti barədə düşüncələr Vedaya inananların dua mərasimində elə böyük təsir göstərmişdir ki, bu məsələ tədricən qurbanlıq mərasiminə alternativ olaraq batini qurbanlıq adı ilə məşhurlaşmışdır. Əvvəllər müqəddəs od olan qurbanlığın məqamı bu hadisələrdən sonra öz yerini insan bədəninə vermiş və get – gedə insanın bədəni də mehrab və qurbangaha çevrilmişdir.
Upanişadlar vedaların son hissələri hesab olunur. Buna görə də onlara vedanta, yəni Vedanın sonu da aid olunur. Aranyakaların, qələmə alınmasından sonra upanişadlar maddi aləmdən uzaqlaşıb xüsusi mənəvi həyat üslubunu seçərək nəfsini saflaşdıranlar üçün yazılmışdır.
Aranyaka və Upanişadın yazılması Veda ayini üçün nəticə etibarı ilə Brahman dininin formalaşmasına gətirib çıxaran başlanğıc idi. Bu dəyişikliyin mühüm xüsusiyyətlərindən biri kimi ruhani başçıların və kahinlərin mənəviyyatın yüksəldilməsi, allahlarla əlaqə və sitayiş məsələlərində rollarının azalması, brahmanların nisbi olaraq məbudların yerinə keçməsini qeyd etmək olar.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?